İranın nüvə proqramı ətrafında gərginlik artır

Avropa İttifaqının Vyana danışıqlarındakı əsas nümayəndəsi Enrik Mora

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi deyib ki, Tehranın nüvə silahı əldə etməsi üçün vaxt “həqiqətən də qısalıb” və bu, “həyəcan” doğurur

ABŞ prezidenti Co Baydenin administrasiyasında adının çəkilməsini istəməyən mənbə deyib ki, Tehranın niyyəti olduğu təqdirdə nüvə silahı əldə etməsi üçün vaxt “həqiqətən də qısalıb” və bu, “həyəcan” doğurur.

Bu məlumatdan az əvvəl dekabrın 17-də həm də Vyanada 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün İran və dünya gücləri arasında aparılan danışıqların təxirə salındığı xəbər verilirdi.

Bu, BMT-nin nüvə gözətçisi – Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə komplekslərindən birindəki müşahidə kamerası yazılarının yoxa çıxması barədə qaldırdığı həyəcanla bağlıdır.

Bayden administrasiyasındakı mənbə İranın nüvə silahı istehsal etmək qabiliyyətində olacağı zamana nə qədər qaldığı barədə dəqiq məlumat verməyib.

Bu baş verərsə, İran bütün beynəlxalq razılaşmaları pozmuş olacaq. Bundan əvvəl İranın belə bir texniki qabiliyyətə malik olması üçün bir neçə ay vaxtın lazım ola biləcəyi bildirilirdi.

Lakin indi ABŞ rəsmisi qalan vaxtın “qeyri-məqbul bir şəkildə” daraldığını bildirib.

Buna da bax: Tehran yenə də BMT agentliyinə şərt qoyur

Hamı vaxtın daraldığını deyir

Avropa İttifaqının Vyana danışıqlarındakı əsas nümayəndəsi Enrik Mora isə bildirib ki, sazişin imzalanması qüçün qalan vaxt da qısalmaq üzrədir:

“Bizim artıq saziş əldə etmək üçün aylarla yox, həftələrlə vaxtımız var. Biz əgər bu danışıqlardan nəsə əldə etmək istəyiriksə, tələsməliyik”.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini birtərəfli qaydada 2015-ci il sazişindən çıxardıqdan sonra Tehranın üzərinə sanksiyalar bərpa olunub və İran cavab olaraq əksər öhdəliklərindən geri çəkilib.

Prezident Co Bayden deyib ki, ABŞ bu razılaşmaya yalnız İran onun şərtlərinə əməl etdikdən sonra qayıda bilər.

Tehran isə əvvəlcə onun üzərindəki sanksiyaların qaldırılmasında israr edir.

İran mühafizəkar İbrahim Rəisi ötən iyunda prezident seçiləndən bəri Vyana danışıqlarını dayandırmışdı.

Lakin Tehran 5 aylıq fasilədən sonra bərpa olunmuş danışıqlara yeni təkliflərlə gəldiyini bildirmişdi.

2015-ci il sazişini imzalamış tərəflərdən Almaniya, Britaniya və Fransa İranın yeni təkliflərini qeyri-məqbul adlandırmışdı.

Buna da bax: İranla Qərb nüvə sazişinə görə bir-birini ittiham edir

Yoxa çıxmış videoyazılar

Bu arada BAEA-nın rəhbəri Rafael Qrossi dekabrın 17-də bildirib ki, İranın Kərəc yaxınlığındakı nüvə qurğusunda kameralardan birinin videoyazıları yaddaşdan yoxa çıxıb.

Bundan əvvəl BAEA və İran arasında bir gün əvvəl əldə olunmuş razılaşmaya görə həmin qurğuda müşahidə kameraları dəyişdirilməli idi.

Tehran bu kameralardan birinin ötən iyunda iddia olunduğuna görə İsrailin hücumu zamanı zədələndiyini bildirmişdi.

Videoyazının həmin hücum zamanı məhv ola biləcəyi barədə suala Qrossi buna şübhəsi olduğunu bildirib.

Qrossi deyib ki, bu yazıların yoxa çıxması çox qəribə görünür.

Vyana danışıqlarının iştirakçıları müzakirələrin çox tezliklə davam etdiriləcəyini bildirsələr də, dəqiq vaxt deməyiblər.