İran 2015-ci il nüvə sazişini imzalamış Qərb ölkələrini “günahkar axtarmaqda” suçlayır. Sazişin dirçəldilməsi üzrə danışıqlara qatılan Avropa diplomatları deyirlər ki, Tehran sazişə “uyğun gəlməyən” yeni təkliflər irəli sürür.
Birgə Hərtərəfli Fəaliyyət Planı qlobal sanksiyaların qaldırılması əvəzində İranın nüvə fəaliyyətini məhdudlaşdırması nəzərdə tuturdu. 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp sazişdən çıxaraq Tehrana sanksiyaları yenidən tətbiq edib. Tehran isə bundan sonra öhdəliklərinin icrasını məhdudlaşdırmağa başlayıb.
Beş aylıq fasilədən sonra, noyabrın 29-da Britaniya, Fransa, Almaniya, Çin, Rusiya ilə İran arasında danışıqlar Vyanada bərpa olunub. Birləşmiş Ştatlar isə danışıqlarda dolayısı ilə iştirak edir.
E3-ün bəyanatı və ona cavab
Danışıqlarda ciddi proqres əldə olunmayıb. E3 kimi tanınan Fransa, Britaniya və Almaniya diplomatları dekabrın 13-də birgə bəyanat yayıblar.
“İranın sazişə uyğun gəlməyən, yaxud onu aşan yeni təklifləri üzündən qiymətli vaxtı itiririk”, – bəyanatda deyilir.
Bəyanatda deyilir ki, sürətli proqres olmasa, nüvə sazişi tezliklə “içi boş qılafa” çevriləcək.
İranı danışıqlarda təmsil edən Əli Bağıri isə bəyanata dekabrın 14-də belə cavab verib: “Bəzi oyunçular real diplomatiya əvəzinə günahkar axtarmaq vərdişindən əl çəkmirlər”.
Bağıri yazıb ki, İran ideyalarını “tez təqdim edib, konstruktiv şəkildə işləyib və boşluqların aradan qaldırılmasında çevik mövqe sərgiləyib”. O, diplomatiyanın “qarşılıqlı” olmalı olduğunu vurğulayıb.
Diplomatiya alınmasa...
Prezident Co Bayden Birləşmiş Ştatların nüvə sazişinə qayıtmağa hazır olduğunu deyir, amma bundan ötrü İranı öhdəliklərinin icrasını bərpa etməyə çağırır. İran isə ABŞ-ın bütün sanksiyaları qaldırmasını, Vaşinqtonun gələcəkdə sazişdən çıxmağa təminat verməsini istəyir.
Vaşinqton xəbərdarlıq edib ki, İranın nüvə proqramını genişləndirməklə yanaşı danışıqlarə uzatmasına imkan verməyəcək, diplomatiya alınmasa, digər variantlara əl atacaq.
İranın uran zənginləşdirməni artırması Qərbin narahatlığına səbəb olur. Bu proqram nüvə bombası hazırlamağa yol aça bilər.
İran rəsmiləri ölkənin nüvə proqramının dinc məqsədli olduğunu bildirir.