Azərbaycanın qonşusu İranla ABŞ-ın münasibətləri daha da kəskinləşir. Mayın 8-də Birləşmiş Ştatlar İran üzərinə yeni iqtisadi sanksiyalar qoyub. Yeni sanksiyalar bu ölkəyə valyuta gətirən sahələri hədəfləyir. ABŞ Maliyyə Nazirliyinin mayın 8-dəki məlumatında deyilir ki, sanksiyalardan məqsəd İranın polad, mis, alüminium mədənçiliyi və digər sahələrin hədəflənməsidir.
Dünən İran prezidenti Həsən Ruhani dövlət televiziyası ilə çıxışında deyib ki, ölkəsi nüvə sazişinin bəzi öhdəliklərindən imtina edir. Ruhani bildirib ki, dünya gücləri onun maraqlarını ABŞ sanksiyaları qarşısında müdafiə etməsələr, Tehran uranın zənginləşdirilməsinə başlayacaq.
Rəsmi Vaşinqtion bundan əvvəl İranın neft və bank sektoruna da sanksiya qoymuşdu.
Buna da bax: ABŞ İran metallurgiyasına sanksiyalar elan edirBəs, İran ətrafında baş verənlər onun yaxın qonşusu, iqtisadi tərəfdaşı olan Azərbaycana hər hansı formada təsir edə bilərmi?
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov mayın 8-də yerli mediaya deyib ki, ABŞ-ın İrana qarşı sanksiyalarının dünya neft bazarına necə təsir göstərəcəyini demək çətindir:
“Təsirin hansı şəkildə olacağını demək çətindir. Fikrimcə, radikal təsir olmamalıdır”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da neftin qiyməti baxımından İrana qarşı sanksiyaların bazara ciddi təsirini gözləmir. Amma bu sanksiyaların İranın iqtisadi əməkdaşlıq etdiyi ölkələrə, o cümlədən də Azərbaycana neqativ təsirlərini istisna etmir. Onun fikrincə, bu təsirlər Azərbaycan iqtisadiyyatın ən müxtəlif sahələrində özünü göstərir:
“2011-ci ildə sanksiyalardan öncə Azərbaycanla İran arasında illik ticarət dövriyyəsi 600 milyon dollar idi. Amma 2014-cü ildə bu 150 milyon dollara düşmüşdü. 3.5 dəfə azalma varıydı və bu sanksiyaların nəticəsi idi. Ən sadə misal 2018-ci ildə yeni sanskiyalar tətbiq olunandan sonra İranda milli valyuta kəskin dəyərdən düşdü. Bunun da nəticəsi olaraq, 2019-cu ildə Azərbaycana gələn İran turistlərinin sayı kəskin azaldı. Bax, bunlar sanskiyaların neqativ təsirləridir”.
“İranda 30 milyona yaxın soydaşımız yaşayır”
Millət vəkili Vahid Əhmədov hesab edir ki, tək İran yox, eləcə də Rusiya və Türkiyəyə qarşı sanksiyalar da Azərbaycana təsirsiz ötüşməyəcək. O yada salır ki, Azərbaycanın Türkiyə və Rusiya ilə ticarət dövriyyəsi iki milyard dollar, İranla isə 300 milyon dollara yaxındır. Vahid Əhmədov Amerikanın Səsinə müsahibəsində deyib ki, Azərbaycan dövləti müəyyən qadağalarla da üzləşə bilər.
“Çünki qoyulan sanksiyalar İrandan, Türkiyədən, Rusiyadan Azərbaycana gələn malların idxalında müəyyən problemlər yarada bilər. O cümlədən Azərbaycandan da həmin dövlətlərə ixrac olunan mallarla bağlı müəyyən problemlər yarana bilər. İranla sıx iqtisadi əlaqələrimiz var. Azərbaycan İrana dəmir yolunun tikintisi ilə əlaqədar 500 milyon dollar vəsait ayırıb. Hətta deyirlər ki, İrana qarşı çox ciddi sanksiyalar həyata keçiriləcək, İrana investisiyalar nahaq qoyulub. Mən hesab edirəm ki, İrana investisiya qoymaq düzgün addımdır. Bizim İranda 30 milyona yaxın soydaşımız yaşayır. Biz onları həmişə qorumalıyıq. Azərbaycan dövləti də elə bir siyasət aparır ki, onları qorusun”.
ABŞ-ın yeni sanskiyalarından sonra İran nüvə sazişindən qismən çıxdığını açıqlayıb. İranın 2015-ci ildə Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
Buna da bax: Hamı İrandan neft almasa, bunun Azərbaycana ziyanı nə olacaq?Prezident Donald Trump bir il öncə ölkəsinin həmin sazişdən çıxdığını elan elədi. Onun fikrincə, saziş qüsurludur, İranın ballistik raket hazırlamasını, Yaxın Şərqdəki proksilərə dəstəyini əhatələmir. 2018-ci ildə Vaşinqton sanksiyaları gücləndirib. Bu ayın əvvəlində ABŞ rəsmisinin açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan artıq neft gəlirindən məhrum edib.
İndi artıq İran da bu sazişdə iştirakını mərhələlərlə dayandırdığını deyir.
Bu gün - mayın 9-da Avropa İttifaqı və Avropanın üç ölkəsi Britaniya, Fransa, Almaniya İranı nüvə sazişinə hörmətlə yanaşmağa çağırıb, ABŞ-ın sanksiyalarına baxmayaraq, kommersiya əlaqələrini davam etdirmək niyyətində olduğunu bildirib.
Müstəqil şəhrçilər ABŞ-ın İrana getdikcə artan sanksiyalarının Azərbaycana birbaşa təsiri olmasa da, dolayı təsirlərini istisna etmirlər.