İranda daha iki etirazçı edam olunub

execution in Iran

Yanvarın 7-də İranın Kərəc şəhərində hakimiyyət əleyhinə nümayişlər zamanı Bəsic qüvvələrinin (Bəsic İranda birbaşa dini liderdən əmr alan yarım hərbi könüllü təhlükəsizlik qüvvələridir) bir üzvünü öldürməkdə təqsirli bilinən iki nəfər edam edilib.

Bu barədə "Mizan"xəbər agentliyinə istinadə RadioFarda məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bəsis qüvvələrinin üzvü olan Ruhullah Əcəmiyanın ölümündə əsas günahkar bilinənlər Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni yanvarın 7-si səhər saatlarında edam ediliblər.

Buna da bax: Kotlet resepti videosundan sonra saxlanan aşpaz zaminə buraxılıb

Hər iki şəxs dekabrın əvvəlində ölümə məhkum edilib. Ali Məhkəmə noyabrın 3-də edam hökmlərini qüvvədə saxlayıb.

Prokurorlar bildiriblər ki, 27 yaşlı Əcəmiyan sentyabr ayında etirazlarda öldürülən Hədis Nəcəfinin anım mərasiminə qatılan bir qrup tərəfindən çılpaq soyundurularaq öldürülüb.

Kərəmi və Hüseyni onlara qarşı irəli sürülən ittihamları rədd edərək, həbsxanada işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Vəkil Məhəmməd Hüseyn Ağasi Kərəminin atasına istinadən bildirib ki, ailəsi onunla “sonuncu dəfə” görüşə bilib.

Vəkil məhkəmənin ona Kərəmini təmsil etməyə icazə vermədiyini bildirib. Onun sözlərinə görə, bu qərar Ali Məhkəmə sədrinin bütün məhbusların öz qanuni təmsilçilərini seçmək hüququna malik olması ilə bağlı dedikləri ilə ziddiyyət təşkil edib.

İrandakı HRANA (Human Rights Activists News Agency ) fəal qrupu Kərəminin müdafiəçisinə istinadla vəkil seçmək hüququnun rədd edilməsinə etiraz olaraq Kərəminin yanvarın 4-dən Kərəc Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirdiyi barədə məlumat yayıblar.

Buna da bax: Xameneyinin karikaturalarına görə Fransa səfiri XİN-ə çağrıldı

Məlumatlarda o da qeyd olunur ki, Kərəmi ötən ay ailəsi ilə görüşdə həbs olunarkən çox pis döyüldüyünü, hətta öldüyünü zənn edərək onu küçədə atıb getmək istədiklərini, amma sonra ölmədiyini bilib həbs etdiklərini deyib.

Amnesty International bu proseslərin “məhkəmə araşdırmalarına heç bir aidiyyatı olmadığını" bəyan edib.

Nyu-Yorkda yerləşən İran İnsan Haqları Mərkəzinin icraçı direktoru Hadi Qaemi yanvarın 7-də verdiyi açıqlamasında deyib ki, "bu adamlar məhkəmə prosesindən sonra edam edilməyib, linç ediliblər"-RadioFarda yazır.

“İslam respublikası İran xalqının ümidlərini və dəyişiklik çağırışlarını puça çıxarmaq üçün əhalinin qəlbinə qorxu salmaq üçün küçə nümayişçilərinə qarşı edam və öldürücü güc tətbiq edir”, Mərkəz direktoru əlavə edib.

Buna da bax: İran üç edam hökmünü ləğv etdi, ikisini saxladı

2022-ci il sentyabrın ortasında guya hicabı düzgün bağlamadığına görə saxlanan 22 yaşlı Məhsa Amini polis tərəfindən saxlanandan sonra vəfat edib. Bunun ardınca ölkədə hakimiyyətə qarşı etirazlar başlanıb. Azı 400 nəfərin öldürüldüyü bildirilir.

Saxlananların arasında tanınmış jurnalistlər, kinorejissorlar, hüquqşünaslar və fəallar da var. Bəziləri sonradan zaminə buraxılsa da, digərləri həbsdə qalır.