İsveçli teatr və kino rejissoru, ssenarist və yazıçı İnqmar Berqman 2007-ci il iyulun 30-da 89 yaşında dünyasını dəyişib. AzadlıqRadiosu onun "Esquire" jurnalında dərc edilmiş həyat qaydalarını oxuculara təqdim edir.
"Bütün yaradıcılığım əslində uşaqlıq xatirələrimə əsaslanır. Bir anın içində ora köçə bilirəm. Düşünürəm ki, hər hansı bir dəyəri olan hər şeyin kökü mənim uşaqlığıma gedib çıxır. Dialektik dildə desək, heç vaxt öz uşaqlığımdan qopmamışam, həmişə onunla dialoqa girmişəm.
Heç vaxt gənc olmamışam, sadəcə, qeyri-yetkin olmuşam.
Cavanlıqda çox xoşagəlməz gənc idim. Və əgər indi gənc İnqmarla qarşılaşsaydım, ona belə deyərdim: "Sən çox istedadlısan, sənə kömək etməyə çalışaram. Ancaq səninlə ümumi heç nəyə sahib olmaq istəmirəm".
Buna da bax: Leonardo di Kaprionun həyat qaydalarıKinorejissorluq bir hissəmdir. O, aclıq və susuzluq kimi hərəkətverici qüvvədir. Elə insanlar var ki, özlərini kitab yazmaqla, şəkil çəkməklə, dağlara çıxmaqla, uşaqlarını döyməklə və ya samba oynamaqla ifadə edirlər. Mən də özümü filmlər yaratmaqla ifadə edirəm.
Bütün qərarlarımı intuitiv qəbul edirəm. Qaranlığa nizə atıram. Sonra onu tapmaq üçün ordu göndərirəm. Bu, zəkadır.
Xoşbəxtlik yaxşı səhhət və pis yaddaş deməkdir.
Rejissorun üzərində yeriməli olduğu dartılmış kəndir sığortalanmamış sirk kəndirini xatırladır. Çünki kəndirbaz və kinorejissor eyni qaçılmaz riskə məruz qalır: onlar yığılıb boyunlarını sındıra bilərlər.
Film yuxu kimidir. İncəsənətin heç bir növü vicdanımıza, ruhumuzun ən qaranlıq və gizli bucaqlarına kinonun etdiyi kimi toxunmağa qadir deyil.
Tənhalıq – mütləqdir. Mövcud olan yeganə nəsnədir. Qalan hər şey təxəyyülümüzün məhsuludur. İllüziyadır. Bunu yadında saxla.
Buna da bax: Cim Kerrinnin həyat qaydalarıMənə yeni insanlarla ünsiyyətdə olmaq çətindir. Telefonla məmnuniyyətlə danışıram. Telefonu gözəl bir şey sayıram. Bu cihaz mehriban insanlarla ünsiyyətdən həzz almaq imkanı verir.
Sevgi zökəm kimi keçicidir. Özü də o sənin sağlamlığını, gücünü, rahatlığını, əgər varsa, əxlaqi prinsiplərini götürüb aparır.
Din hər zaman mənə ədəbsiz bir şey kimi gəlib.
İndividualistlər düz bir-birinin gözünün içinə baxıb bir-birinin mövcud olduqlarını inkar edə bilərlər.
Bizim insanlarla münasibətlərimiz, adətən, onların davranış və xarakterlərinin müzakirəsindən ibarət olur. Hansısa məqamda bu mənim üçün dözülməz oldu və ünsiyyət adlanan şeydən könüllü imtina etdim. Bu ona gətirib çıxardı ki, ömrümün qürub çağında tək qaldım. Bütün ömrümü yaradaraq keçirmişəm və buna görə xoşbəxtəm. Yaşamaq uğrunda mübarizə kimi başlayan şey son nəticədə elmə marağa çevrildi.
Mən hesab edirəm ki, heyvanat aləmində yalnız insana məxsus, izaha tabe olmayan, zəhərli, qorxunc şər mövcuddur. Qeyri-rasional, qanunauyğunluqlara sığmayan şər. Kosmik. Səbəbsiz. İnsanlar anlaşılmaz, izah olunmaz şər qədər heç nədən qorxmurlar.
Buna da bax: Kirk Duqlasın həyat qaydalarıDəlixanada üç həftə keçirmişəm. O zaman təkcə bir şey istəyirdim – eyvandan aşağı hoppanmaq. Ancaq anlayırdım ki, bu, pis həll yoludur. Sonra da məni əzab-əziyyətdən qurtaran bütün o güclü preparatlar tədricən mənim şəxsiyyətimi dəyişdirdi. Daha özümü tanımadım. Sözəbaxan oldum, kitab oxuyur, çoxlu yatır, dəhlizlərdə gəzişir, o biri dəlilərlə danışırdım. Birlikdə özümüzü kifayət qədər yaxşı hiss edirdik. Axşamları balaca televizora baxırdıq.
Yüz faiz əminəm ki, teatr və kinoda istehlak malları buraxıram. İşlərimin məndən sonra qalıb-qalmayacağı və ya insanların nə deyəcəyi yerli-dibli vecimə deyil.
Gəncliyimdə ölümdən qorxurdum. İndi anlayıram ki, həyat sadəcə bir gün sönəcək işıqdır və buna görə səs-küy salmaq lazım deyil.
Qocalıq dağa çıxmaq kimidir. Nə qədər yüksəyə çıxsan, yol getmək o qədər çətin və ağır olur. Ancaq hər yoxuşdan sonra qarşında daha cazibədar bir mənzərə açılır.
Bir dəfə məni əməliyyat edirdilər. Yüngül əməliyyat idi, ancaq mənə çox güclü narkoz vermişdilər. Həkimlər məni həyata qaytarmaq üçün bacardıqlarını edirdilər. Səkkiz saat şüursuz halda olmuşam. ...Ən maraqlısı odur ki, mənim üçün bu səkkiz saat heç bir saat, bir dəqiqə, bir saniyə də olmayıb. Mən tamamilə söndürülmüşdüm. İnanılmaz rahatlıq hiss edirdim – bax, ölüm belə olurmuş. Sən, sadəcə, mövcudiyyətə çevrilirsən, daha yoxsan, üfürülmüş şamsan...".