İran vətəndaşı Atefeh Dehghanizadeh deyir ki, 3-yaşlı qızı və 55-yaşlı anası ilə bir ilə yaxındır ki, Azərbaycanda girov saxlanılırlar. AzadlıqRadiosuna danışır ki, pasportunu əlindən alıb, ölkədən getməsinə imkan vermirlər.
35-yaşlı Atefeh Dehghanizadeh bu il yanvarın 9-da Bakıdan Türkiyəyə gedəndə hava limanında saxlanılıb: «Bir nəfər hücum elədi, elə bildim, uşağımı götürmək istəyir. Tez uşağı qucağıma götürdüm. Səs-küyə polislər gəldi, bizi bir otağa apardılar. Orada bildim ki, həmin adamın həyat yoldaşım Farzad-la problemləri var. Ev alqı-satqısından yaranıb. Amma mənim o məsələdən xəbərim olmayıb. Həm də yoldaşımla problemin mənə, uşağıma nə aidiyyəti var? Deyirdi ki, Farzad-ın borcunu qaytarın, sonra gedin».
İran vətəndaşlarını hava limanından Yasamal rayon Polis İdarəsinə aparıblar. Çünki Atefeh Dehghanizadeh-in bəhs etdiyi Orxan İsmayılov ondan şikayət edib. Şikayətində də göstərib ki, xanım onun uşağı oğurlamaq cəhdini iddia etməklə ona böhtan atıb. Ardınca Yasamal rayon Prokurorluğunda CM-in 296 (bilə-bilə yalan xəbərçilik etmə) və 297-ci (bilə-bilə yalan ifadə vermə) maddələriylə cinayət işi başlanıb. O, şübhəli şəxs qismində saxlanılıb. Şübhə əsaslı olmadığına görə məsuliyyətdən azad edilib. Ancaq pasportu qaytarılmayıb. Dəfələrlə polis idarəsinə və prokurorluğa müraciətləri də nəticə verməyib. Ona görə də vəkil tutaraq, Yasamal rayon Polis İdarəsinin və həmin rayonun prokurorluğunu məhkəməyə verib.
Buna da bax: Bakıda taxıl biznesi olan İran vətəndaşı ölkəsinə ekstradisiya olundu
Məsələyə İranın Bakıdakı səfirliyi və konsulluğu da qoşulub. Adları çəkilən dövlət orqanlarına göndərilən ərizələrə cavab gəlib ki, Atefeh Dehghanizadeh-in ölkədən çıxışına qadağa qoyulub.
«Kişiyə görə qadını, uşağını girov saxlayarlarmı?»
Ancaq Atefeh Dehghanizadeh deyir ki, ona da, vəkilinə də bu haqda məlumat verilməyib: «Qanuna görə, yalnız şübhəli və ya təqsirləndirilən şəxsin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Mən bunların heç birindən deyiləmsə, deməli, pasportumun əlimdən alınıb, özümün də çıxışıma qadağa qoyulması qanun pozuntusudur. Bu kobud qanun pozuntuları ilə əlaqədar Türkiyədəki vəkillərim Avropa Məhkəməsinə müraciət ediblər».
Əcnəbi qadının sözlərinə görə, Yasamal rayon Məhkəməsində işinə baxılarkən hakim Günel Əkbərli polis idarəsinin əməkdaşı Əlibala Hacıyevi və prokurorluğun müstəntiqi Zamil Mehralıyevi çağırıb dindirib.
Hakim noyabrın 28-də bu məsələ ilə bağlı qərar verib. Qərara əsasən, polis idarəsi və prokurorluğun hərəkətləri (ölkədən çıxışına qadağa qoyulması, pasportunun əlindən alınıb saxlanması) qanunsuz hesab edilib. Həmçinin, Atefeh Dehghanizadeh-in pasportunun özünə qaytarılmasına da göstəriş verilib.
Buna da bax: İran məhbus videolarını niyə yayır
«Təsəvvür edə bilməzsiniz ki, nə qədər acınacaqlı vəziyyətdəyik. Əlimizdə olan-qalan pulu xərcləmişik. Bir neçə gün uşaq yeməksiz qaldı. Acından ölürük. Belə şey olarmı? Əvvəla, mənim Farzad-ın hərəkətlərindən xəbərin yoxdur. İkincisi, kişiyə görə qadını, övladını girov saxlayarlarmı?», - Atefeh Dehghanizadeh belə deyir.
Onun həyat yoldaşı Farzad Foroozanmehr haqqında Azərbaycanda CM-in 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. O, Orxan İsmayılzadənin evini 240 min manata satıb, pulu götürüb ölkədən qaçmaqda suçlanır.
Farzad Foroozanmehr axtarışa verilib. Azərbaycan Cinayət Məcəlləsində külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.