İranın dövlət televiziyası həbsdə olan amerikalı tələbə və iranlı Britaniya vətəndaşı olan qadının videolarını yayıb. Saxlananların həyat yoldaşlarının fikrincə, məqsəd Tehran üçün vacib qərarlar öncəsi ABŞ və Böyük Britaniya hökumətinə təzyiq göstərməkdir.
Videolar noyabrın 26-da yayılıb. Bir neçə həftəyə ABŞ Konqresi İrana iqtisadi sanksiyaların bərpasını müzakirə etməlidir. Sanksiyalar 2015-ci il nüvə sazişindən sonra qaldırılmışdı. Britaniya isə Tehrana 530 milyon dollar ödəməyi nəzərdən keçirir.
“ABŞ İRANLA BAĞLI DAHA YAXŞI SİYASƏT YÜRÜDƏR”
Videolardan birində Prinston Universitetinin tələbəsi, amerikalı Xiyue Wang göstərilib. O, İranın Qacar sülaləsi barədə dissertasiyasından ötrü araşdırma aparırmış, ötən il avqustun 8-də saxlanıb.
İran hakimiyyəti onu “araşdırma adı altında casusluqda” suçlayıb, ancaq ailəsi və universitet bu ittihamı rədd edib. Tələbəyə bu ilin iyulunda 10 illik cəza kəsilib.
“O, İrana fars dilini öyrənməyə və 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid tarixi sənədləri tədqiq etməyə gedib. Öncədən araşdırma planını, baş çəkmək istədiyi kitabxana və arxivlərin siyahısını İran hakimiyyətinə təqdim edib, dissertasiya üçün gərəkən materiallara çıxış istəyib”, – universitet bildirib.
Noyabrın 26-da yayımlanmış videoda iddia olunur ki, Wang 4 min 500 səhifəlik həssas sənədin üzünü çıxarmağa, Tehranda kitabxanaların konfidensial yerlərinə girməkdən ötrü minlərlə dollar verməyə çalışmaqda suçlayıb.
Videoda o, məhkəmə zalında görünür və emosional tərzdə kameraya danışır.
“... Birləşmiş Ştatlar İran haqda nə qədər çox informasiyaya malik olarsa, İranla bağlı daha yaxşı siyasət yürüdər. Buna şübhə yoxdur. Bu, tamamilə aydındır”, – o deyib.
TRUMP-IN XƏBƏRDARLIĞI
ABŞ prezidenti Donald Trump iyulda xəbərdarlıq edib ki, İran “ədalətsiz yerə saxladığı” bütün amerikalıları buraxmasa, “yeni və ciddi fəsadlarla” üzləşəcək.
Wang-ın həyat yoldaşı Hua Qu “Associated Press” agentliyinə ABŞ Konqresinin bir neçə həftəyə İrana sanksiyaların bərpasını müzakirəyə çıxaracağını xatırladıb.
Trump oktyabrda İranın nüvə sazişinə əməl etməsinə zəmanət verməyib. Bununla da sazişin taleyi Konqresin əlinə keçib.
İran televiziyası noyabrın 26-da həbsdə olan iranlı Britaniya vətəndaşı Nazanin Zaghari-Ratcliffe-nin də videosunu yayıb. O, beş illik cəzaya məhkum edilib, yeni təbliğat yaymaq iddiaları isə cəzasını 16 il də artıra bilər.
Zaghari-Ratcliffe İran hökumətini “yumşaq devirməyi” planlaşdırmaqda suçlanıb. O, Tehrana azyaşlı qızıyla gəzməyə gedərkən saxlanıb. Təbliğat ittihamlarıyla məhkəməsi dekabrın 10-na təyin olunub.
530 MİLYON DOLLAR
London hazırda Tehrana 530 milyon dollar ödəməyi planlaşdırır, bunu inqilabdan öncə, 1970-ci illərə aid silah sazişiylə əlaqələndirir. Hər iki tərəf bu pulun Zaghari-Ratcliffe-in azadlığa buraxılmasıyla bağlılığı olmadığını bildirir.
Birləşmiş Ştatlar da 2016-cı ildə dörd vətəndaşının buraxılmasından ötrü İrana oxşar ödəniş edib.
*** Buna da bax: İranda həbs edilmiş Britaniya-İran vətəndaşının yeni məhkəməsi olacaq
Zaghari-Ratcliffe-nin həyat yoldaşı "Associated Press" agentliyinə deyib ki, İranın tərəfinin yaydığı videoda məqsəd Britaniya hökumətinə təzyiq göstərməkdir. O, həyat yoldaşının İranda qanunsuz fəaliyyət göstərməsiylə bağlı deyilənləri rədd edib.
Zaghari-Ratcliffe İranda saxlanmış bir neçə ikili vətəndaşlığı olan şəxsdən biridir. İran ikili vətəndaşlığı tanımır, bu da həmin şəxslərin diplomatik qorumadan məhrum olmaları deməkdir.
Tənqidçilər və saxlananların bir neçəsinin ailə üzvlərinin fikrincə, sərt xətt tərəfdarları bu məhbuslardan pul və təsir qazanmaqda alver predmeti kimi yararlanırlar. BMT paneli də sentyabrda bildirirdi ki, İranda “ikili vətəndaşların azadlıqdan qanunsuz məhrumedilməsi halları artır”.