XİN-dən Ermənistanın Qarabağa yol çəkməsinə etiraz

Yuxarı Qarabağı Ermənistanla birləşdirən yol

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti bu gün, iyulun 26-də Ermənistan rəsmilərinin son vaxtlar işğal olunmuş ərazilər boyunca «cənub istiqaməti» adlandırılan yeni yolun çəkilməsi barədə verdiyi açıqlamalara münasibət bildirib.

XİN vurğulayır ki, bu, Ermənistanın əsl niyyətinin hərbi işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirmək və Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunu göstərir.

Mətbuat xidmətinin mövqeyinə görə, «şimal istiqaməti» adlandırılan Kəlbəcər rayonundan çəkilmiş «Vardenis-Ağdarə», «Gorus-Laçın» avtomobil yolları təcrübəsi göstərir ki, Qubadlı və Cəbrayıl rayonlarından çəkilməsi nəzərdə tutulan yeni yol işğal altında olan bu ərazilərin resurslarının daha aqressiv formada talan edilməsinə xidmət edəcək: «Ümumiyyətlə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişikliyi ilə bərabər, maddi-mədəni irsin məhv edilməsi, demoqrafik tərkibin dəyişdirilməsi, mineral resursların talan edilməsi və digər bu kimi qeyri-qanuni fəaliyyətlər həyata keçirir».

Buna da bax: Ermənistan Qarabağa yeni yol çəkmək istəyir

XİN belə qanunsuz fəaliyyətlərin sülh prosesinə ciddi təhlükə yaratdığını ifadə edir: «2018-ci ildə hazırlanmış «Azərbaycanın Ermənistanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peyk məlumatları əsasında sübutlar» adlı hesabatda Ermənistanın qeyri-qanuni əməllərinin miqyası tam aydın şəkildə özünü göstərir».

Sənəddə həmçinin vurğulanır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və bu qurumun Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi danışıqlar prosesinə ciddi zərbə vuran qeyri-qanuni fəaliyyətləri ciddi şəkildə nəzərə almalıdırlar.

Mətbuat xidmətinə görə, belə qeyri-qanuni fəaliyyətlər danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti təxribat cəhddir və buna görə məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Həmin rayonların arasında bu açıqlamada sözügedən Kəlbəcər, Qubadlı və Cəbrayıl rayonları da var.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.