Kamila Shamsie-nin mükafatının geri alınmasına etiraz edirlər

Kamila Shamsie

46-yaşlı Pakistan əsilli Britaniya yazıçısı Kamila Shamsie ötən ay «Nelly Sachs» mükafatına layiq görülüb. «Nelly Sachs» mükafatı hər il Almaniyanın Dortmund şəhərinin təqdim etdiyi ədəbi mükafatdır. Yəhudi əsilli alman və İsveç şairəsi, dramaturqu Nelly Sachs-ın adını daşıyan mükafat xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasına, dözümlülük və barışığa töhfə verən ədiblərə verilir.

Kamila Shamsie «Duz və zəfəran» (Salt and Saffron) (2000), «Yanmış kölgələr» (Burnt Shadows) (2009), «Hər daşda bir tanrı» (A God in Every Stone) (2014), «Ev yanğını» (Home Fire) (2017) kitablarının müəllifidir.

Ancaq yazıçının Fələstin yönlü aktivizmini və İsrailə qarşı çıxış edən «Boykot, məhrumetmə, sanksiyalar» (Boycott, Divestment, Sanctions) adlı hərəkatı dəstəklədiyini öyrənən almaniyalı münsiflər heyəti bu qərarı ləğv edib. Bu hərəkat Cənubi Afrika boykot hərəkatı modeli üzərində qurulub.

Hazırda 250-dən artıq yazıçı həmkarı Kamila Shamsie-ni dəstəkləyir.

Buna da bax: Nobel qalmaqalı universitetdə tədris ediləcək

Ədəbi mükafat ifadə azadlığını pozursa...

Britaniyanın «The Guardian» qəzeti yazır ki, Shamsie-ni dəstəkləyən yazıçılar arasında Noam Chomsky, Arundhati Roy, JM Coetzee, Amit Chaudhuri, William Dalrymple, Yann Martel, Jeanette Winterson, Ben Okri və Sally Rooney kimi adlar var.

Yazıçıların sentyabrın 23-də «London Review of Books» jurnalına yazdıqları açıq məktubda deyilir ki, «Nelly Sachs» mükafatı bir yazıçını insan hüquqları müdafiəçiliyinə görə cəzalandırmaq qərarına gəlib. Mükafatın əvvəlki laureatlarından biri Michael Ondaatje də məktubu imzalayanlar arasındadır.

«İnsan hüquqlarını müdafiə hüququnu, vicdan və ifadə azadlığı, tənqid etmə azadlığı prinsiplərini pozan ədəbi mükafatın mənası nədir?.. Bunlar olmadan sənət, mədəniyyət mənasız dəbdəbəyə çevrilir», - «The Guardian» Shamsie-ni müdafiə edən yazıçılara istinadən yazır.

Qəzet daha sonra məktubun yazıçılar Ahdaf Soueif və Omar Robert Hamilton tərəfindən yayıldığını qeyd edir. Bu iki yazıçı Fələstin Ədəbiyyat Festivalının həmtəsisçiləridir. Məktubun gündə 100-dən çox imza topladığı bildirilir.

Shamsie-yə verilən mükafatın geri alınması təsadüfi deyil. Mayda Almaniya parlamenti BDS hərəkatını «antisemit hərəkat» adlandırıb. «Ancaq məktub müəllifləri ötən ay Köln inzibati məhkəməsinin verdiyi bir qərara istinad edirlər. Məhkəmə Bonn şəhər şurasının Almaniya-Fələstin Qadınlar Birliyini bu şəhərdə keçirilən mədəni festivaldan kənarlaşdırmaq haqda qərarını əsassız hesab edib», - məqalədə deyilir.

Buna da bax: 'Russkiy buker' niyə sponsor tapa bilmir

Antiyəhudi irqçiliyini eyniləşdirməmək...

Yazıçılar məktubda daha sonra 40-dan artıq mütərəqqi yəhudi təşkilatının ötən il yaydığı bəyanata istinad ediblər. Bəyanat müəllifləri antiyəhudi irqçiliyinin İsrailin siyasətinə, işğal sistemi və aparteidə müxalifliklə ümumiləşdirilməsinə qarşı çıxış edirdilər. Onlar bu ümumiləşdirmənin həm Fələstinin azadlıq, ədalət və bərabərlik uğrunda mübarizəsinə, həm də antisemitizmə qarşı qlobal mübarizəyə ziyan vurduğunu qeyd ediblər.

Bundan başqa, «Nelly Sachs» mükafatını təqdim edən Almaniyanın Dortmund şəhər meriyası Shamsie-nin verilən qərara yazılı cavabının dərcindən imtina edib. Məktubda bu məsələ də tənqid olunur.

«Nelly Sachs» mükafatı Shamsie-nin layiq görüldüyü yeganə ədəbi mükafat deyil. O, həm də Britaniyanın Qadın Bədii Ədəbiyyat Mükafatı və «Anisfield-Wolf» Kitab mükafatının da laureatıdır.

Dortmund şəhər rəhbərliyinin sözçüsü «The Guardian»a bildirib ki, münsiflər heyəti bu haqda başqa açıqlama verməmək qərarına gəlib. «Şura laureatı müəyyənləşdirmək səlahiyyətini «Nelly Sachs» mükafatının münsiflər heyətinə həvalə edib. Münsiflər heyəti öz qərarlarını verməkdə sərbəstdir və səbəbləri öz press-relizində göstərib», –sözçü əlavə edib.