Niyə kağız kitablar elektrondan daha çox satılır?

Kağız və elektron

CNBC saytı yazır ki, kağız kitablar hələ də elektron kitablardan daha populyardır.

Saytın Amerika Naşirlər Birliyinin builki hesabatına istinadən yazdığına görə, ötən il ABŞ-da bütün formatlardan kitab nəşr edən şirkətlər ümumilikdə 26 milyard dollar gəlir əldə ediblər.

Bu məbləğin 22,6 milyard dolları kağız kitabların payına düşür. Elektron kitablarsa naşirlərə 2,04 milyard dollar qazandırıb. Bu rəqəmlərə sənət, ticarət, təhsil kitabları və bədii ədəbiyyat da daxildir.

Kitab satıcıları birliyinin direktoru Meryl Hall sayta müsahibəsində deyib ki, rəqəmsal media xəbər və musiqi sahələrinə ciddi problemlər yaratsa da, kitab nəşri sahəsində vəziyyət fərqlidir; insanlar hələ də fiziki kitablara sahib olmağı sevirlər.

Ekrandan uzaqlaşma ehtiyacı

Onun sözlərinə görə, insanlar oxuyub bitirdikləri kitabları nümayiş etdirməyi də sevirlər:

“Kitabsevər oxuduğu kitabları saymağı, bunu dünyaya göstərməyi xoşlayır. Bu həm ev dekorasiyası, həm də kolleksiya məsələsidir”.

Kağız kitablar arasında ən çox satılan təbiət, aşpazlıq və uşaq kitablarıdır. Sayt Nielsen Book International şirkətinə istinadən yazır ki, insanlar daha çox detektiv, sevgi romanları və trillerləri elektron cihazlarda oxumağa üstünlük verirlər.

Buna da bax: Kitab nəşrində 'tarixi rekord' qırılıb

Amazonun Kindle kitaboxuma cihazını satışa buraxmasından on il keçir. Halls deyir ki, insanlar informasiya aclığı və ekrandan uzaqlaşma ehtiyacı hiss edirlər:

“İnsanlar uzaqlaşmağa çalışır, ancaq həm də informasiya axtarır. Buna görə də çap olunmuş kitablara dönürlər…”

Sayt yazır ki, bəzən millennial nəslini biznes sahələrini öldürməkdə günahlandırsalar da, əslində kağız kitabları populyarlaşdıran elə gənc nəsildir.

“Nielsen Book International-ın məlumatına görə, Britaniyada kağız kitabların 63%-ni yaşı 44-dən aşağı olanlar, elektron kitabların 52%-ni isə yaşı 45-dən yuxarı olanlar alıb”, - məqalədə deyilir.

ABŞ-da da oxşar mənzərə müşahidə olunur. “Pew” araşdırma mərkəzinin keçirdiyi sorğuda yaşı 18 – 29 arasında olan insanların 75%-i 2017-ci ildə bir kağız kitab oxuduğunu deyib.

Sorğunun nəticələrinə görə, hər hansı kitab oxuduğunu deyənlərin faiz göstəricisi 67% olub. Bu isə o deməkdir ki, kağız kitab oxuyanların sayı orta göstəricidən yüksəkdir.

Buna da bax: Qış gəlir. Daha çox kitab oxumaqdan ötrü nə etməli

“Kitabın güclü gələcəyi var”

Ancaq məqalədə heç də bütün müəlliflərin elektron kitaba münasibətinin yaxşı olmadığı qeyd edilir.

Məsələn, məşhur “Çovdarlıqda uçurumdan qoruyan” (“The Catcher in the Rye”) romanının müəllifi, Amerika yazıçısı JD Salinger rəqəmsal media və informasiyanın internetdə paylaşılmasına qarşı idi.

Onun işlərinin elektron kitab şəklində nəşrinə yalnız bu ilin avqustunda icazə verilib. Salinger-in oğlu Matt bu qərarı əllə bağlı fiziki əlilliyi olan bir qadının məktubundan sonra verdiyini deyib. Həmin qadın məktubda kağız kitabı oxumağa çətinlik çəkdiyini bildiribmiş.

London Kitab Yarmarkasının direktoru Jack Thomas CNBC saytına bildirib ki, gələcəkdə bütün kitab formatları mövcudluğunu davam etdirəcək.

“İnsanların daim biliyə və hekayələrə ehtiyacı var. Bu nöqteyi-nəzərdən əminəm ki, kitab sənayesinin özəyi çox möhkəmdir. Mənə gələcəyin sinif otağının necə olacağını görmək maraqlıdır. Mən düşünürəm ki, bu, gələcək nəsillərin yazılı dünya ilə necə əlaqəyə girdiyini diktə edəcək… Yaxud bəlkə bu, şifahi dünya olacaq, ancaq bu yenə də hekayələr, bilik olacaq. Kitabların bu aspektini hələ də idarə etmək lazım gələcək. Bu mənada düşünürəm ki, hansı formatda olursa-olsun, kitabın güclü gələcəyi var”, – deyə o bildirib.