Putinin elçisi ABŞ-Rusiya münasibətlərində 'müsbət dinamika' olduğunu deyir

Kirill Dmitriyev

Kirill Dmitriyev

Aprelin 3-də Rusiyanın nümayəndəsi Kirill Dmitriyev bildirib ki, o, Moskva ilə Vaşinqton arasında münasibətlərdə "pozitiv dinamika" müşahidə edib. Bununla belə o, eyni zamanda, fikir ayrılıqlarının hələ də qaldığını və onların həlli üçün daha bir neçə görüşə ehtiyac olduğunu qeyd edib.

Vaşinqtonda keçirdiyi görüşlərdən sonra Dmitriyev CNN-ə bunları deyib: "Hesab edirəm ki, Tramp administrasiyası ilə biz indi nəyin mümkün olduğunu, nəyin həqiqətən işləyə biləcəyini və uzunmüddətli həlli necə tapa biləcəyimizi düşünmək mərhələsindəyik".

"Şübhəsiz ki, münasibətlərimizdə müsbət dinamikanı müşahidə edirik", –Dmitriyev aprelin 3-də Vaşinqtonda keçirilən görüşdən sonra jurnalistlərə bildirib.

O, Tramp administrasiyasından kimlərlə görüşdüyünü açıqlamayıb, amma deyib ki, "onlar böyük hörmətlə yanaşırlar, çoxlu suallar verirlər, kompromis yolları axtarırlar".

Rusiyalı rəsminin sözlərinə görə, o, "ABŞ-dən olan həmkarlarını Rusiyaya səfərə dəvət edib".

K.Dmitriyev bildirib ki, müzakirə olunan mövzular arasında nadir metalların istehsalı sahəsində əməkdaşlıq və Arktika ilə bağlı məsələlər də olub. O həmçinin qeyd edib ki, Rusiya ilə ABŞ arasında birbaşa aviareyslərin bərpası üzərində iş aparılır.

ABŞ-nin "Newsmax" kanalına verdiyi müsahibədə o vurğulayıb ki, Rusiya "SpaceX"in rəhbəri və Trampın yaxın məsləhətçisi olan İlon Maskla Mars missiyası çərçivəsində əməkdaşlıq etmək istərdi.

Trampın Rusiya-ABŞ münasibətlərini bərpa etməyə yönəlmiş səyləri Ukrayna və Avropada narahatlığa səbəb olub. Onlar ehtiyat edirlər ki, Tramp və Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsini onların iştirakı olmadan hansısa razılaşma ilə bitirə bilər.

Dmitriyev Tramp administrasiyası rəsmiləri ilə görüşdən sonra iddia edib ki, kimliyi bəlli olmayan qüvvələr Rusiya ilə ABŞ arasında gərginlik yaratmağa və Rusiyanın mövqeyini təhrif etməyə çalışırlar: "Bu yaxınlaşmanın əleyhdarları qorxur ki, Rusiya və ABŞ ümumi dil tapacaq, bir-birini daha yaxşı anlamağa başlayacaq və həm beynəlxalq məsələlərdə, həm də iqtisadi sahədə əməkdaşlıq quracaq".

2 aprel

Putinin elçisi Trampın nümayəndəsi ilə görüşmək üçün Vaşinqtona gəlib

Aprelin 2-də Rusiya nümayəndəsi Kirill Dmitriyev ABŞ rəsmiləri ilə görüşmək üçün Vaşinqtona gəlib.

Məlumata görə, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Dmitriyev ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşməli idi. "Reuters" iki ABŞ rəsmisinə istinadən bildirib ki, Uitkoff Dmitriyevi keçən həftə ABŞ-yə dəvət edib.

2022-ci ildə Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan bəri Dmitriyev dövlət işi ilə bağlı Vaşinqtona səfər edən ilk yüksəkrütbəli rusiyalı məmurdur.

Ağ ev səfəri təsdiqləməyib, lakin rəsmilər "Reuters" bildiriblər ki, Ağ ev Dövlət Departamentinə Dmitriyevin ölkəyə daxil olması üçün qısamüddətli lisenziya verilməsi barədə göstəriş verib. Əks halda ABŞ sanksiyaları altında olduğu üçün K.Dmitriyev ölkəyə buraxılmayacaqdı.

"Siyasətiniz nə olursa olsun - ABŞ və Rusiya arasında dialoq vacibdir. Söhbət hamı üçün daha təhlükəsiz, daha firavan dünya qurmaqdan gedir", - Dmitriyev X sosial şəbəkəsindəki paylaşımında bildirib.

CNN-in məlumatına görə, Dmitriyev Uitkoff ilə danışıqları zamanı ABŞ və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edəcək.

ABŞ prezidenti Donald Tramp son zamanlar atəşkəs danışıqlarının ləngiməsindən narahatlığını və Rusiya prezidenti Vladimir Putinlə bağlı narazılığını ifadə edib.

Dmitriyev Moskva və Vaşinqton arasında münasibətlərin bərpasında mühüm rol oynaya bilər. Bu münasibətlər Soyuq müharibə dövründən sonra ən aşağı səviyyədədir. Rusiyalı nümayəndə Trampın 2016-cı ildə ilk dəfə prezident seçildiyi zaman da Moskvanın ABŞ ilə erkən təmasında rol oynamışdı.

Son vaxtlar Dmitriyev Rusiya və ABŞ-nin birgə işləyə biləcəyi bir sıra təşəbbüslərdən danışıb. Bunlara nadir torpaq metallarının çıxarılması, enerji, Arktika və kosmos sahələri daxildir.

Vladimir Kara-Murza

"Puldan danışacaqlar"

Rusiyanın müxalifət lideri Vladimir Kara-Murza Dmitriyevin diplomat olmadığını bildirib və deyib ki, onun Vaşinqtonda Uitkoff ilə müzakirəsinin nədən ibarət olacağı aydındır.

Kara-Murza aprelin 2-də CNN telekanalında deyib: "Bu iki həmsöhbətin şəxsiyyətinə nəzər salaraq, demək olar ki, onlar insanlar haqqında danışmayacaqlar. Onlar sülhdən danışmayacaqlar. Ukraynanın gələcəyi haqqında danışmayacaqlar. Onlar puldan danışacaqlar. Mənfəətdən danışacaqlar. Onlar nadir torpaq mineralları haqqında danışacaqlar".

O, Aleksey Navalnının əsasını qoyduğu Antikorrupsiya Fondu (FBK) tərəfindən yayımlanan böyük bir araşdırmaya da diqqət çəkib. Araşdırmada Dmitriyevin geniş korrupsiyada iştirak etdiyi iddia olunur.

Kara-Murzanın sözlərinə görə, ABŞ-nin xüsusi nümayəndəsi Uitkoffun jurnalist Taker Karlsona müsahibəsində səsləndirdiyi fikirlər onu göstərir ki, ABŞ nümayəndəsi Putinin əslində kim olduğunu görmür. Sözügedən müsahibədə Uitkoff deyib ki, Putin bu yaxınlarda Kremldə onunla görüşəndə "çox lütfkar" olub və əlavə edib ki, o, Putini "pis adam" hesab etmir. Uitkoff deyib ki, müharibə və ona gətirib çıxaran bütün amillər "mürəkkəb vəziyyət" yaradıb. O, müharibədə yalnız Putinin günahkar olmadığına işarə edərək "bu, yalnız bir adamla bağlı deyil, elə deyilmi?" söyləyib.

Kara-Murza Uitkoffun münaqişənin heç vaxt bir şəxslə bağlı olmadığı şərhini təkzib edərək tarixdə tez-tez belə halların olduğunu xatırladıb: "Bir zamanlar bu, Adolf Hitler idi. İosif Stalin idi. İndi də bu, Vladimir Putindir".