Serbiya və Kosovo sərhəddə gərginliyin aradan qaldırılması üçün razılaşma əldə ediblər. Bunu Avropa Birliyinin (AB) elçisi Miroslav Laycak Brüsseldə tərəflər arasında danışıqlardan sonra bəyan edib.
Gərginlik necə başladı
“Razılaşma əldə olundu! İki günlük gərgin danışıqlardan sonra gərginliyin azaldılması və irəliləyiş üzrə razılaşma əldə edilib”, – Laycak sentyabrın 30-da Twitter-də yazıb, razılaşmanın fotosunu da yerləşdirib.
Buna da bax: AB üzvləri bəzi ölkələr üçün vizasız səyahəti məhdudlaşdıra bilər
Sentyabrın 20-də Kosovo hakimiyyəti Serbiyadan gələn bütün sürücülərdən 60 günlük qüvvəsi olan müvəqqəti lisenziya nömrəsi vurmağı tələb edib. Bundan sonra serblər Kosovo ilə iki sərhəd keçid məntəqəsini bağlayıblar.
Kosovo hökuməti qərarının Serbiyanın 2008-ci ildən Kosovodan sürücülərə qarşı gördüyü tədbirlərə cavab olduğunu bildirib deyib. Həmin il Kosovo Belqraddan ayrıldığını elan edib. Amma Serbiya keçmiş vilayətinin müstəqilliyini tanımır, eləcə də onun maşınları qeydiyyatdan keçirmək kimi rəsmi addımlarını qəbul eləmir.
Tədbirlər planı
Kosovo hökuməti yeni qaydanın tətbiqi üçün sərhəd keçid məntəqələrinə xüsusi polis qüvvələri yerləşdirib. Serbiya hərbi təyyarələri və vertolyotları isə sərhəd yaxınlığında uçaraq açıq güc nümayişi göstəriblər.
Əldə olunan razılaşmaya görə, oktyabrın 2-dən xüsusi polis bölmələri sərhəd məntəqələrini tərk edəcək. NATO-nun başçılıq etdiyi KFOR sabitləşdirici qüvvələri təhlükəsizliyin təminatı üçün iki həftə sərhəddə qalacaq.
Oktyabrın 4-dən isə Kosovo və Serbiyada qeydiyyatdan keçmiş maşınların lisenziya nömrəsi yerinə müvəqqəti addım kimi xüsusi nişan vurulacaq.
Oktyabrın 21-dən tərəflər AB-nin sədrliyi ilə İşçi Qrup yaradaraq daimi həlli tapmağa çalışacaq.