Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Mahir Əzimov deyir ki, narkotik ittihamı saxtadır, onu sosial şəbəkələrdə paylaşdığı tənqidi statuslara görə cəzalandırıblar. Onun sözlərinə görə, tutulduğu gün Suraxanı rayonu 33-cü polis bölməsində də ondan narkotik haqda heç nə soruşmayıblar, ancaq üzvü olduğu Müsəlman Birliyi Hərəkatı barədə suallar veriblər: "Həmin ərəfədə Qarabağ əlilləri intihar etmişdi. Mən də şəhid ailələrinə, Qarabağ əlillərinə qarşı qanunsuzluqları sosial şəbəkələrdə tənqid eləmişdim. Həmin paylaşımlarımı da göstərmişdilər. Bu paylaşımlarıma görə həbsdəyəm".
40-yaşlı Əzimov CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur. İddia olunur ki, onun üzərindən iki bükümdə təxminən 7 qram narkotik maddə tapılıb. Özü isə deyir ki, yalandır.
Buna da bax: Taleh Bağırovun həyat yoldaşı: 'Ondan heç bir məlumat ala bilmirik'Təzyiq altında ifadə verdiyini deyir
İnanclı fəal hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Cinayət işinin materiallarında onun istintaq dövründə imzaladığı etiraf ifadəsi var. Orada etiraf olunur ki, narkotik özünə məxsusdur.
Əzimov məhkəmədə bildirib ki, bu ifadəyə polis bölməsində təzyiq altında imza atmaq məcburiyyətində qalıb.
Yanvarın 6-da məhkəmədə polis əməkdaşı Ruslan Rüstəmov dindirilib. O iddia edib ki, Əzimovun narkotikin istifadəsi və satışı ilə məşğul olması haqda əməliyyat məlumatı daxil olub, bunun əsasında onu saxlayıblar. O, Əzimova bölmədə təzyiq göstərilməsi, onun dini təşkilatın üzvü olmasına və sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırılması haqda deyilənləri təkzib edib.
Buna da bax: 'Bilirdim ki, işgəncə ilə boynuma qoyacaqlar...'"Bu adam orada olmayıb"
Əzimov isə deyir ki, bu polis əməkdaşı, ümumiyyətlə, yalan danışır, onun saxlanmasında heç iştirak etməyib: "Bu adam orada olmayıb, onu görməmişəm".
Əzimov vurğulayıb ki, onu işlədiyi mağazadan gəlib mülki geyimli şəxslər aparıblar, üstündə də narkotik olmayıb.
Bu cinayət işində cəmi iki nəfər şahid var, ikisi də polis əməkdaşıdır. Onlar da artıq dindirilib.
Vəkil vəsatət qaldırıb ki, Əzimov ailəsinin yeganə qazanc gətirənidir, şahidlər də artıq dindirilib, onlara təsir göstərmək imkanı yoxdur, heç olmasa, yekun hökm çıxarılana qədər ev dustaqlığına buraxılsın. Lakin hakimlər buna razılıq verməyib.
Məhkəmə prosesi yanvarın 27-də davam edəcək.
Buna da bax: 'İlham Əliyev, xalq səni sevmir' yazan inanclı fəal məhkəmə qarşısındaXatırlatma
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov daxil olmaqla, təşkilatın xeyli üzvü həbsdədir. Bağırov 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs edilib, terrorçuluq, qanunsuz silah saxlama və başqa ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir, hökumətin siyasətini sərt və açıq şəkildə tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.
Təşkilat üzvlərinin bir çoxu da narkotik ittihamı ilə həbsdədir. Onlar da bu ittihamı qəbul etmirlər. Lakin rəsmilər Azərbaycanda heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını bildirirlər.