Mğer Qriqoryan: ‘Demarkasiya və delimitasiyaya başlamaq lazımdır’

Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan

O bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatını şərh edərkən verib

“Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə başlamaq lazımdır”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan Armenpress dövlət agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatını şərh edərkən deyib.

Zaxarova demişdi ki, Qafan-Gorus yolunda baş verən insidentlər Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə prosesin başlanmasının zəruri olduğunu bir daha nümayiş etdirib.

Rusiya XİN-in sözçüsü bunu da bildirmişdi ki, Moskva Bakı və Yerevana bu proses üzrə təkliflərini verib və onlardan tez bir zamanda cavab gözləyir:

“Biz Ermənistan və Azərbaycan sərhədinin ayrı-ayrı sahələrindəki vəziyyəti diqqətlə izləyirik. Vorotan kəndi yaxınlığındakı vəziyyət də daxil situasiyanın inkişafı, Ermənistan-Azərbaycan sərhədində delimitasiya prosesinə tez bir zamanda başlanmasının və bunun ardınca bütün sərhəd boyunca demarkasiya aparılmasının tələb olunduğunu bir daha nümayiş etdirir”.

Zaxarova bildirmişdi ki, Rusiya bununla paralel olaraq regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üçün birgə səyləri davam etdirəcək.

Buna da bax: Ərdoğan-Putin görüşündə Qarabağ və dronlar müzakirə oluna bilər

Ermənistan rəsmiləri məlumat vermirlər

Azatutyun yazır ki, Gorus-Qafan yolunda vəziyyətin tənzimlənmədiyi bir şəraitdə erməni məmurlar İran yük maşınları sürücülərinin üzləşdiyi problemlər barədə danışıqlar aparılıb-aparılmamasına dair heç bir məlumat vermirlər.

Bundan əvvəl Ermənistan MTX və Rusiya FTX sərhədçilərinin situasiyanın tənzimlənməsi üçün birgə iş apardığı bildirilmişdi.

Azatutyun yazır ki, o vaxtdan bəri Ermənistan Milli Təhlükəsizlik Xidməti heç bir məlumat verməyib.

Azərbaycan polisi artıq 6-cı gündür ki, Gorus-Qafan yolunda İran yük maşınlarını saxlayır.

Buna da bax: Qərbli ekspert: ‘Bu hər iki ölkə üçün reputasiya baxımından ciddi hadisədir’

“Bir-birimizə atəş açanadək...”

Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Andranik Koçaryan deyib ki, Azərbaycanın hərəkətləri İrana yönəlib və buna görə də Bakı və Tehran bu fəaliyyətlərin qanuni-qanunsuz olması barədə nəticəyə gəlməlidirlər:

“İran və Azərbaycan dəqiqləşdirməlidirlər ki, bu hərəkətlər gömrük postunun çərçivəsinə nə dərəcədə uyğundur. Məni düzgün başa düşün, bu fəaliyyətlərin Ermənistan ərazisi ilə Zəngəzurdan hərəkətə aidiyyatı yoxdur. Bu ərazidə yerləşdirilmiş bizim sərhədçilər, Azərbaycan qüvvələri və Rusiya sərhədçiləri təhlükəsizliklə bağlı problemin yaranmamasını təmin edirlər ki, biz sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin dəqiqləşdiriləcəyi növbəti mərhələyə çatanadək bir-birimizə atəş açmayaq”.

Buna da bax: Ermənistan KTMT-də sədr oldu, Paşinyan dronlardan danışdı

Paşinyan Rəisi ilə nəyi müzakirə edib?

Ermənistan tərəfinin sentyabrın 17-də yaydığı məlumatda deyilir ki, baş nazir Nikol Paşinyan Düşənbədə rəsmi səfərdə olan İran prezidenti İbrahim Rəisi ilə iki ölkə arasında fasiləsiz yük daşımaları ilə bağlı məsələləri müzakirə edib.

Azatutyun bildirir ki, baş nazirin administrasiyası bu görüşün başqa təfərrüatlarını açıqlamayıb.

İran dövlət xəbər agentliklərinin məlumatına görə isə prezident Rəisi deyib ki, Ermənistan və İran arasında enerji, nəqliyyat və müştərək istehsallar üzrə işçi qrup yaradılacaq.

Eyni xəbərdə deyilir ki, baş nazir Nikol Paşinyan Yerevanın mövcud problemlərin həllinə dair İranın təşəbbüslərini alqışladığını bildirib.

Xəbərdə söhbətin hansı təşəbbüslərdən getdiyi açıqlanmır.