Mini amnistiya gözlənir

Arxiv fotosu, həbsxanada nəzarət qülləsi

-
Parlamentdə Azərbaycan Cinayət Məcəlləsinin onlarla maddəsinə əlavə və dəyişikliklər müzakirə edilir. Mülki məsələlər üzrə hüquqşünas Ərşad Hüseynov bu dəyişiklikləri «mini amnistiya» adlandırır. O, qanun layihəsi qəbul ediləndən sonra yüzlərlə adamın azadlığa çıxa biləcəyini söyləyir.
Ərşad Hüseynov AzadlıqRadiosu-na müsahibəsində yeni dəyişiklikləri şərh edir:

– Elə cinayətlər var ki, maddi məzmunludur. Mülkiyyət əleyhinə, sahibkarlıq fəaliyyəti ilə bağlı çoxlu maddələr var, məsələn, qanunsuz sahibkarlıqla məşğul olma, vergidən yayınma və s. Bu dəyişikliklərin qəbulundan sonra belə cinayətlərlə həbs edilən şəxslərin çoxu cinayət məsuliyyətindən və cəzadan azad olunacaq, bəzilərinin cəzası xeyli yüngülləşəcək, bəziləri isə cəzadan azad olunmaq şansı qazanacaq. Məsələn, indiyədək oğurlanan əmlakın dəyəri 30 manatı aşanda, bu, cinayət sayılırdı, bundan sonra həmin məbləğ 100 manata qaldırılır (30-100 manat arası oğurluğa görə məhkum olunanlar cəzadan avtomatik azad olunacaq).

Ərşad Hüseynov

İndiyədək 30 manatdan artıq ziyan vurmaqla dələduzluq edənlər və ya özgə əmlakını mənimsəyənlər cinayət məsuliyyətinə cəlb olunurdu, amma bundan sonra dələduzluq və mənimsəmə də yalnız 100 manatdan yuxarı məbləğdə ziyan olduqda cinayət sayılacaq. Ümumiyyətlə, mülkiyyət əleyhinə və sahibkarlıq fəaliyyəti sahəsində cinayət məsuliyyətinə cəlbetmə hədləri qaldırılıb. Məsələn, əvvəl 2 min manatdan artıq vergidən yayınma cinayət idi, bu qanundan sonra 20 min manatdan artıq vergidən yayınma cinayət sayılacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

mülki məsələlər üzrə ekspert Ərşad Hüseynov

Daha sonra cinayət məsuliyyətindən azadolma imkanları da genişlənir. Məsələn, sağlamlığa qəsdən yüngül zərər vuran şəxs zərərçəkənlə barışdıqda, cinayət məsuliyyəti istisna olunur. Bəzi cinayətlər nəticəsində vurulan zərəri ödəmək cinayət məsuliyyətindən azad etməyə səbəb olur (məsələn, qanunsuz sahibkarlıqda, yalançı sahibkarlıqda və s.).

Bu dəyişikliklərin əsas qayəsi odur ki, adamlar hər xırda qanun pozuntusuna görə həbs olunmasınlar. Bir də sahibkarlıqla bağlı məsələlərdə maraqlı tendensiya yaranıb. Dünyanın bir çox yerində bu cinayətlər üçün cərimə tətbiq edilir, yəni şəxsin azadlıqdan məhrum edilməsi dövlətə lazım deyil, cərimələyir, adam da cəriməsini ödəyir. İndi Azərbaycanda da bu təcrübəyə əl atırlar.

– Amma CM-nə dəyişikliklə bağlı qanun layihəsində bəzi əməllər üzrə sanksiyalar sərtləşdirilib.

– Bəli, xüsusən cərimə cəzaları bəzi hallarda artırılır. Bəzi cinayətlər üçün isə məsuliyyətə cəlbetmə həddi əhəmiyyətli dərəcədə qaldırıldığına görə sanksiya da artırılır. Özü də sanksiya məhz cinayət nəticəsində vurulan ziyanın misli ilə hesablanacaq (məsələn, əmtəə nişanından qanunsuz istifadə edən şəxs 20 min manatdan artıq ziyan vurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və ziyanın və ya qanunsuz əldə etdiyi gəlirin 2-4 misli miqdarında, yəni 40 min - 80 min manat cərimə olunacaq). Əslində, əvvəllər cinayət halına standart cərimə tətbiq edilirdi, indi isə vurulan ziyanın dəyərinin iki misli qədər cərimə ödəyəcəksən. Dediyim kimi, məsələn, 20 min ziyan vurmusansa, 40 min ödəyəcəksən. Bundan sonra cibgirlərin də işi ağırlaşacaq.
Oğurluq, soyğunçuluq, talama, özgə malını mənimsəmə ilə bağlı da sanksiyalar sərtləşdirilib. Məsələn, cibgir 100 manatdan çox talayarsa, 3-7 il azadlığını itirə bilər. Əvvəllər buna görə maksimum 2 ilədək azadlıqdan məhrumetmə ilə canını qurtara bilərdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

mülki məsələlər üzrə ekspert Ərşad Hüseynov (ardı)

– Sanksiyaların ağırlaşdırılması bu tip cinayət əməllərinin qarşısını alacaqmı?

– Sanksiya öz-özlüyündə cinayət hallarının qarşısını almır. Təkcə cərimə deyil ki, azadlıqdan məhrumetmə cəzası da var. Oğurluğun ən sadə variantında iki ildən azadetmə cəzası var, burda heç cərimə nəzərdə tutulmur. Cərimə alternativ yoldur. Cinayət hallarının qarşısını almaqdan ötrü başqa tədbirlərin görülməsi vacibdir.

– Ərşad bəy, cinayət məsuliyyəti cəriməylə əvəz edilən, götürülən və ya azaldılan əməllərə görə həbslər kütləvidirmi?

– Bunun statistikasını söyləməkdə çətinlik çəkərəm. Belə deyim, azadlıqdan məhrumetmə cəzasına məhkum görülmüş şəxslərin hamısını heç də cəzaçəkmə müəssisələrinə göndərmirlər, onların arasında islah işləri alanlar var, cərimə edilənlər, şərti cəzaya məhkum olunanlar var. Cəza onların başı üzərində dayanıb və əmiməm ki, Cinayət Məcəlləsinə bu dəyişikliklər yüzlərlə adama şamil olunacaq. Çünki xırda dələduzluq, xırda oğurluq, vergidən yayınma, sahibkarlıq fəaliyyətində qanunsuzluğa yol vermə ilə bağlı çoxlu həbs olunan adamlar var ki, onlar azadlığa çıxacaqlar.– Ərşad bəy, bir hüquqşünas kimi Cinayət Məcəlləsində hansı dəyişikliklərin olmasını istəyərdiniz?– Əsas məsələ ədalətin təmin edilməsi olmalıdır. Bu gün kriminoloji təhlil aparıb hansı əməllərə görə ədalətli cəza tətbiq edildiyini söyləmək çətindir. Ümumiyyətlə, hüquq qaydalarının təkmilləşdirilməsinə ehtiyac var.

Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin saytında yerləşdirilib və ictimaiyyətin müzakirəsinə verilib. Qanun layihəsinin qəbul edildikdən sonra bu il iyunun 1-də qüvvəyə minməsi nəzərdə tutulur.