ABŞ dövlət katibi Blinken prezident Əliyevə zəng edib

Azərbaycan prezidenti mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib

Avqustun 5-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan prezidenti mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib.

Açıqlamaya görə, İlham Əliyev qeyd edib ki, yaranmış gərginliyə görə bütün məsuliyyət rəsmi Yerevanın üzərinə düşür:

“Prezident bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir”.

Məlumatda deyilir ki, telefon söhbəti əsnasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Şarl Mişel də İlham Əliyevə zəng vurub

Avqustun 5-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib.

Qeyd edildiyinə görə, o, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb:

“Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub… Dövlət başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.”

Məlumata görə, İlham Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını çıxarmayıb:

“Həmçinin, qanunsuz erməni hərbi birləşmələrinin də öz mövcudluğunu davam etdirdiyini deyən dövlət başçısı artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr Bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.”

Məlumata görə, o üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.

Laçın dəhlizinə alternativ yeni yol istifadəyə verilsə Laçın şəhəri və daha bir neçə kənd də Azərbaycanın nəzarətinə keçməlidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq

Avropa İttifaqının səyləri…

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin 3 görüşü keçirilib.Sonuncu görüş mayın 22-də olub. Görüşdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdi.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda əsasən Rusiya, ikinci Qarbağ müharibəsindən öncə isə ATƏT-in Minsk Qrupu (ABŞ,Rusiya və Farnsa qurumda həmsədrlərdir) vasitəçilik edib.

Buna da bax: Lavrovdan sülhməramlı açıqlaması. Yerevanda etiraz aksiyası

Ermənistan rəhbərliyinin mövqeyi…

Qarabağda son günlər silahlı qarşıdurmaların ardından avqustun 4-də Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, durumu nizamlamağa ehtiyac var.

Paşinyan iddia edib ki, əksinə Azərbaycan vəziyyəti kəskinləşdirir və bunda bir məqsədi var: 2020-ci il 9 noyabr üçtərəfli atəşkəs bəyanatını ləğv etmək, fiksasiya olunmuş reallıqlardan – Dağlıq Qarabağ, təmas xətti, Laçın dəhlizinin möhkəmləndirilməsindən qaçmaq. O, Azərbaycanın indiki mübarizəsinin bu üç instituta qarşı yönəldiyini vurğulayıb.

“Ermənistan bütün öhdəliklərini yerinə yetirib, Azərbaycan da üç öhdəliyi yerinə yetirməlidir: Azərbaycan prezidentinin imzasıyla qeyd olunmuş Dağlıq Qarabağın mövcudluğunu tanımaq, Dağlıq Qarabağda təmas xəttinə və Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin mövcudluğuna hörmət etmək”, – Paşinyan söyləyib.

Bundan başqa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bir müddət öncə yerli mediaya müsahibəsində demişdi ki, Ermənistandan göndərilən çağırışçılar sentyabradək Qarabağdan çıxarılacaq, ancaq oradakı yerli çağırışçılar əvvəlki kimi “müdafiə ordusu”na cəlb olunacaqlar.

Buna da bax: Emmanuel Makron İlham Əliyevə zəng edib

Atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamlar…

Avqustun 3-də Qarabağda vəziyyət yenidən gərginləşib. Azərbaycan qarşı tərəfi provokasiyada ittiham edib, bir əsgərin həlak olduğunu, buna cavab olaraq Qarabağda bəzi yüksəkliklərə nəzarəti bərpa etdiyini bildirib.

Qarabağdakı tanınmayan qurum isə 2 əsgərin öldürüldüyünü, 15 nəfərin yaralandığını deyir. Onlar Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham edirlər.

Rusiya Müdafiə Nazirliyinin bu məsələlərlə bağlı məlumatında da atəşkəsin Azərbaycan tərəfdən pozulduğu vurğulanır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, qısa savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.