Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq yeyinti ilə bağlı ayrı-ayrılıqla bir neçə məhkəmə araşdırması gedir. Cinayət məsuliyyətinə cəlb edilənlərdən biri də ordunun Təlim və Tədris Mərkəzi Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik-leytenant Rəşad Məlikzadədir. O, 9 milyon manatdan artıq mənimsəmədə suçlanır.
1998-ci ildən Müdafiə Nazirliyi sistemində çalışan R.Məlikzadə 2017-2018-ci illərdə hərbi hissələrdən birinin maliyyə xidmətinə rəhbərlik edib. O, 2022-ci ilin fevralınadək ordunun Təlim və Tədris Mərkəzi Maliyyə Xidmətinin rəisi vəzifəsində çalışıb. Həmin ilin sentyabrından həbsdə olan polkovnik-leytenantın işi Bakı Hərbi Məhkəməsində araşdırılır.
R.Məlikzadə məhkəmə ifadəsində özünü qismən təqsirli bildiyini söyləyib. Onun sözlərinə görə, mənimsənilən vəsaitlərdən ona da çatıb, amma bu rəqəm, ittihamda göstərildiyi kimi, 9 milyon 369 min manat deyil, dəfələrlə azdır. Üstəlik, bu işləri də özbaşına görməyib, aldığı tapşırığı yerinə yetirib.
O, ayrıca Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsi təftiş şöbəsinin keçmiş rəisi Rafael Xələfov ilə həmin idarənin maliyyələşdirmə şöbəsinə rəhbərlik etmiş Nəriman Cabbarovun adını çəkərək onlara pul verdiyini deyib. Onun sözlərinə görə, mənimsənilən vəsaitin 40 faizi təftiş, 20 faizi maliyyələşmə şöbələrinə çatırmış.
Sizin brauzer HTML5-i dəstəkləmir
R.Xələfov da ordudakı mənimsəmələrlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib, hətta bir müddət həbsdə saxlanılıb. Ancaq istintaq dövründə onun haqqında seçilən həbs-qətimkan tədbirinin müddəti bitincə buraxılıb. İndi haqqındakı cinayət təqibi davam etsə də, özü azadlıqdadır.
"Əyninə geydiyi şalvarın da pulunu mən vermişəm"
R.Məlikzadə iddia edir ki, ona qarşı ittihamda bəhs olunan 9 milyon 300 min manatdan çox vəsaitin 7 milyon 700 mini nazirliyin Maliyyə-Büdcə İdarəsinin təftiş və maliyyələşmə idarələrinə çatıb. Pulun bir qismi də xüsusi tapşırıqların icrasına yönləndirilib. Onun sözlərinə görə, özünə təxminən 1 milyon 400 min manat qalıb. Həbsdə qaldığı dövrdə bunun 150 min manatını ödədiyini deyən polkovnik-leytenant yerdəqalan məbləği də ödəməyə hazır olduğunu vurğulayıb. R.Məlikzadənin söylədiyinə görə, qiymətlərin şişirdilməsi yolu ilə böyük məbləğdə vəsaitlərin mənimsənilməsi, əsasən, 2017-ci ildən başlanıb və belə işləmək göstərişini də R.Xələfov verib. O, şəxsən özünün R.Xələfova "Range Rover" markalı avtomobil, bahalı geyimlər almasından tutmuş, onun qohumunu əməliyyat etdirməyə qədər xeyli pul xərclədiyini deyib: "Onun əyninə geyindiyi şalvarın da pulunu mən vermişəm. Oğlu evinə mebel yığdırdı, onun da pulunu mənə verdirdi. Qohumu əməliyyat olundu, onun da pulunu mən verdim. Hələ çox şeyi burada danışmaq istəmirəm...".
Sizin brauzer HTML5-i dəstəkləmir
R.Xələfov bir müddət öncə Müdafiə Nazirliyindəki mənimsəmələrlə bağlı başqa bir məhkəmə prosesində - nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun işində dindirilmişdi. Hərbi hissələrdə təftişlə məşğul olduqlarını və bu zaman külli miqdarda pul toplandığını deyən R.Xələfovun sözlərinə görə, ümumiyyətlə, hərbi hissələrə ayrılan vəsaitin də bir hissəsi geri alınırdı. O, bu qaydalarla bağlı bütün göstərişləri idarə rəisi N.Məmmədovdan aldığını iddia edib: "Qaydaları idarə rəisi qoymuşdu, heç kim də ona etiraz etmirdi".
Dediyinə görə, istintaq vaxtı onun da yeyinti nəticəsində 4 milyon 100 min manat ziyan vurduğu müəyyənləşib, bu vəsaiti də tam ödəyib.
Təqsirləndirilən general N.Məmmədov məhkəmədə R.Xələfovun yalan danışdığını, adamlara böhtan atdığını bildirib: "Bu işlərlə Rafael Xələfov özü məşğul olub. Mən ona inanmışam, başqa adamlarla heç nəyi dəqiqləşdirməyə ehtiyac duymamışam. Sən demə, başımın altında ilan saxlayırammış...".
Təqsirləndirilən general və digər zabitlərə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittihamlar verilib. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.