Məhbusun intihara cəhd etdiyi deyilir

Həbsxana

İki il öncə dövlətə xəyanətdə günahlandırılan keçmiş hərbi qulluqçulardan İsmayıl Hüseynovun cəzaçəkmə müəssisəsində intihara cəhd etdiyi bildirilir. Bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev həmin hadisələr zamanı həbs edilən hərbi qulluqçuların ailə üzvlərinə istinadən məlumat yayıb.

O.Gülalıyev hərbçinin ailəsinə istinadən bildirir ki, İ.Hüseynov hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsi ilə işə başlayıb. Onun deməsinə görə, həmin şəxs 2016-cı ilin aprel döyüşləri zamanı könüllü olaraq ərizə yazıb. O.Gülalıyevin deməsinə görə, bu hadisədən bir müddət sonra İ.Hüseynov işdən azad olunub, 2017-ci il mayın 18-də onu Gəncədə yaşadığı evdən gəlib Tərtərə aparıblar. Onun Tərtər hadisələri ilə bağlı dövlətə xəyanətdə ittiham olunaraq, ağır işgəncələrə məruz qaldığı iddia edilir.

Buna da bax: ‘Meyitini gətirib qəbiristanlığın çölündə dəfn etdilər’

«…Onu ayaqlarından asıb başını su ilə dolu qablara salıblar, sonra da suyun içinə elektrik cərəyanı buraxıblar, dayanmadan onu bayılana qədər döyüb ağır işgəncə veriblər, bədəninə tok veriblər... Kişi cinsiyyət üzvünə tok qoşublar. 15 nəfər avtomatı başına dayayıb məcbur edib ki, erməniyə işlədiyini boynuna alsın...», - hüquq müdafiəçisi onun anasına istinadən vurğulayıb.

O.Gülalıyevin deməsinə görə, həmin şəxs qapalı məhkəmədə dövlətə xəyanətdə ittiham olunaraq, 15 il azadlıqdan məhrum edilib.

«Bu yaxınlarda İ.Hüseynovun kiçik qardaşı həbsxanada üç gün yanında qalıb, səhərə qədər çabalayaraq «məni boğmayın, öldürməyin» deyə qışqırıb sayıqlayıb», - deyə O.Gülalıyev hərbçinin ailəsinə istinadən bildirir.

Onun 12 Saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd etdiyi, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Buna da bax: Deputat: 'Bu məsələdə ermənilər uduşdadır'

Penitensiar Xidmət: «Əsassız informasiyadır»

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bu deyilənlərin heç bir əsası olmadığını bildirib: «Qətiyyən nə özünü doğrama, nə özünə qəsd kimi bir hadisə baş verib, nə də belə fakt var. Başdan ayağa böhtan və cəfəngiyatdır».

M.Sadıqovun sözlərinə görə, 12 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi İ.Hüseynovu dəvət edib, bu barədə danışıb. «Məhkum İ.Hüseynov özü də barəsində belə yalan, əsassız informasiyaların yayılmasına etirazını bildirib», - şöbə rəisi vurğulayıb.

Xatırlatma

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti 2017-ci il mayın əvvəllərində birgə bəyanat yaymışdı. Həmin sənəddə yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu, mülki şəxs həbs olunub. Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək, Ermənistan tərəfinə ötürüblər. Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı. Ancaq həbs edilənlərin dəqiq sayı açıqlanmırdı.

Sizin brauzer HTML5-i dəstəkləmir

Vətənə xəyanətdə suçlanan hərbçilərin ailələri prezidentə şikayətə gəlib

Elə bundan az sonra bəzi media orqanlarında dövlətə xəyanətdə ittiham edilən bir neçə hərbçinin istintaq zamanı işgəncələr nəticəsində öldüyü ilə bağlı iddiaların əks olunduğu məlumatlar yayılmışdı. Az sonra həmin məlumatları yayan bəzi sayt rəhbərləri baş prokurorluğa çağırılaraq xəbərdarlıq almışdılar. Həmin redaktorların bildirməsinə görə, onlara xəbərdarlıq edilib ki, son günlərdə orduda baş vermiş «xəyanət» barədə istintaq başa çatmamış, isbatını tapmayan məlumatların dərc olunması yolverilməzdir.

Rəsmi qurumlar bu işdə məhkəmə önünə çıxarılanlar və məhkəmə qərarları ilə bağlı məlumatlar yaymayıblar. Valideynlərin bildirməsinə görə, istintaq zamanı həlak olan keçmiş hərbçilərin bəzilərinin sonradan günahsızlığı üzə çıxıb.

Həmin hadisələr zamanı həbs edilənlərin valideynləri indi də tez-tez Prezident Administrasiyasının önünə toplaşaraq bu məsələlərin yenidən adələtli araşdırılmasını istəyirlər. Onlar sonuncu dəfə aprelin 12-də Prezident Administrasiyasının önünə toplaşmışdılar. «Biz istəyirik ki, prezident və ya birinci vitse-prezident Mehriban Əliyeva bizi qəbul etsin. Biz istəyirik ki, cavab versinlər ki, hansı səbəbdən bizim balalarımızın günahı olmadığı halda 18-20 illik həbsə atıblar», - əlində kürəyində çoxsaylı qançır izləri görünən birinin fotosunu nümayiş etdirən bir qadın bildirirdi.

Onların etirazına, hələlik, rəsmi qurumlar münasibət bildirməyib.

Amma rəsmilər qanunsuz həbslər, işgəncələr, istintaq zamanı insanların öldürülməsi ilə bağlı deyilənləri həqiqət saymır və ya bu barədə məlumatları ictimaiyyətə təsdiq etmirlər. Belə iddiaları qərəzli və böhtan məlumatlar adlandırırlar.