MSK antimüharibə mövqeli Nadejdinin namizədliyini qeydiyyata almadı

Boris Nadejdin

Rusiyada Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlər Boris NadejdinSergey Malinkoviçin qeydiyyatından imtina edib.

Nadejdin bildirib ki, MSK-nın qərarını məhkəmədə mübahisələndirəcək, Malinkoviç isə qərarı qəbul edəcəyini deyib.

Xəbər verilir ki, MSK bu qərarı yekdilliklə qəbul edib.

Beləliklə Rusiya prezidenti seçkilərinin bülletenlərində artıq qeydiyyata alınmış dörd namizəd olacaq.

Bunlar “Yeni adamlar” qrupundan Vladislav Davankov, Rusiya Kommunist Partiyasından Nikolay Xaritonov, Liberal-Demokrat Partiyasından Leonid Slutski və indiki prezident Vladimir Putindir.

Buna da bax: Seçkinin nəticələrini tanıyanlar, tanımayanlar…

MSK-nın öz səhvləri

Fevralın 8-də keçirilmiş iclasında MSK Nadejdinin dəstəyinə verilmiş 9147 imzanı etibarsız sayıb. 95 min 587 imza etibarlı sayılıb. Qeydiyyat üçün 100 min imza tələb olunurdu, amma həm də namizəd 105 mindən artıq imza təqdim edə bilməzdi.

MSK bildirib ki, mərhumlara aid imzaları, habelə imzatoplayan haqqında məlumatın düzgün olmadığı imzaları, DİN-in məlumat bazasına uyğun gəlməyən imzaları etibarsız hesab edib.

Bundan əvvəl MSK Nadejdinin topladığı imzaların 15 faizinin qüsurlu olduğunu bildirmişdi.

Bu da qeyd olunur ki, bu imzalardan bəziləri MSK-nin rəqəmsallaşdırma prosesində korlanıb.

Məsələn MSK nəyə görəsə “Rostov-na-Donu” şəhərinin adını “Rostov-na-Domu” kimi axtarışa verib.

Xəbər verilir ki, Nadejdinin komandası bu imzaları bərpa edə bilib.

Nadejdin mübarizə aparacağını deyib

Namizədin özü bu barədə deyib:

"Mən MSK-nın qərarı ilə razı deyiləm. Mən bütün Rusiya boyunca 200 mindən çox imza toplamışam. Biz imzatoplamanı açıq və düzgün aparırdıq. Bizim qərargah və məntəqələrimizə imza vermək istəyənlərin növbələrini bütün dünya görüb”.

Nadejdin deyib ki, o MSK-nın qərarını Ali Məhkəmədə mübahisələndirəcək. O daha sonra deyib ki, belə vəziyyəti yaradan qanun və təlimatlarla bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Nadejdin Ukraynada müharibənin dayandırılmasına çağıran və Putinin siyasətini açıq tənqid edən yeganə namizəddir.

MSK habelə “Rusiya kommunistləri” qrupunun namizədi Sergey Malinkoviçin 8979 imzasını etibarsız elan edib.

Buna da bax: Pakistanda parlament seçkiləridir. Bir gün öncə 30 nəfər öldürülüb

15 namizədlə başlanan marafon

Rusiya prezidenti vəzifəsinə 15 nəfər namizədliyini vermişdi. Qeydiyyatdan keçmək üçün yalnız Dövlət Dumasında təmsil olunan namizədlərin imza toplamasına ehtiyac yox idi.

Rjev şəhərindən olan jurnalist Yekaterina Dontsovanın heç imza toplamasına icazə verilməmişdi.

Onun namizədliyini vermək üçün təqdim etdiyi sənədlərdə səhvlərə irad tutulmuşdu.

Duntsova bundan sonra Ali Məhkəməyə müraciət etmiş və tərəfdarlarını Nadejdini dəstəkləməyə çağırmışdı.

İmzaların təqdim olunması mərhələsinə 7 namizəd çata bilmişdi. Andrey BoqdanovSergey Baburin öz namizədliklərini imzatoplamadan dərhal sonra geri çəkmişdilər.

Öz namizədliklərini irəli sürmüş Andrey BataşevLada Russkix kifayət qədər imza toplaya bilməmişdilər.

Yalnız prezident seçkisnə beşinci dəfə qatılmaq niyyətində olan Vladimir Putinin namzidəliyi MSK yoxlamasından keçə bilib. Onun imzalarının 0.15 faizində qüsur aşkar edilib.

Rusiya prezident seçkilərində səsvermə 15-17 martda keçiriləcək. Müstəqil müşahidəçilər Rusiya seçkilərinin azad və ədalətli olmadığını deyirlər.

Onların fikrincə hakimiyyət seçkilərə müdaxilə edir, iqtidaryönlü namizədlər üçün əlverişli şərait yaradır və birbaşa seçki saxtakarlığına əl atır.