Oqtay Gülalıyev sərbəst buraxılıb

Oqtay Gülalıyev

►Ancaq onun ölkədən çıxışına qadağa qoyulub

Hüquq müdafiəçisi Oqtay Gülalıyev İyunun 23-də axşam saatlarında 37-ci polis bölməsindən sərbəst buraxılıb. Ondan iyunun 27-nə qədər mütləq Sabirabad rayon polisinə getmək haqqında iltizam alıblar.

Bu haqda O.Gülalıyev özü Azadlıq Radiosuna bildirib.

Oqtay Güləliyevin sözlərinə görə, 37-ci bölmədə ona deyiblər ki, barəsində axtarış elan edilməyib, amma ölkədən çıxışına qadağa qoyulub.

“Onda aydın deyil, niyə məni ASAN xidmətdə saxlayıblar? Sadəcə deyə bilərdilər ki, mənim ölkədən çıxışıma qadağa qoyulub. Sən demə, ASAN xidmətlər deyil, vətəndaşların total izlənməsi sistemidir“, O.Gülalıyev bildirib.

O, bildirib ki, ASAN Xidmətdə sənədlərini təqdim edən kimi dərhal polis gəlib. Onu ASAN xidmət nəzdindəki bölməyə aparıblar.

“4 il əvvəl başlamış cinayət işinin bütün araşdırma müddəti çoxdan başa çatıb. İşə xitam verilməli və ya məhkəməyə göndərilməlidir”, deyə Gülalıyev bildirib.

O.Gülalyıev “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatorudur.

Bu gün ASAN Xidmətə gedən hüquq müdafiəçisini saxlayıb 37-ci polis bölməsinə aparmışdılar.

O.Güləliyev 2012-ci ilin aprelində Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların ədalətli bölünməsi tələbi ilə keçən etirazlardan sonra həbs edilmişdi.

Ona qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülmüşdü. Ancaq bir neçə aydan sonra Prezident Administrasiyasının müdaxiləsi ilə o, elə həmin il iyunun 13-də Sabirabad rayon məhkəməsinin qərarı ilə azad edilmişdi.

O. Gülalıyev azadlığa buraxılsa da onun işi indiyədək bağlanmayıb. 2012-2016-cı illər ərzində müxtəlif vaxtlarda O. Gülalıyevin oğulları da soyuq silahdan istifadə ilə fiziki zorakılığa məruz qalıblar.