ABŞ dövlət katibi Mike Pompeo deyib ki, o “bütün dünyanın” İran üzərindəki BMT embarqosunu oktyabrdan o yana uzatmaq ehtiyacının olmasını anlayacağına ümid edir
2015-ci ildə İran və dünyanın 6 gücü arasında imzalanmış nüvə sazişinə görə sözü gedən embarqo oktyabrdan sonra yumşaldılmalı idi.
Mike Pompeo iyunun 24-də jurnalistlərə deyib ki, onun fikrincə bir-iki ölkədən başqa bütün ölkələr embarqonun bitməli olmadığını və onun uzadılmasına dair müzakirələrə ehtiyac olduğunu başa düşürlər.
İrana adi silahların satışını qadağan edən embarqo onunla imzalanmış nüvə sazişinə şərt kimi tərtib edilib.
Nüvə sazişinə əsasən Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyalar qaldırılmalıydı.
Lakin 2018-ci ilin mayında ABŞ prezidenti Donald Trump Birləşmiş Ştatları birtərəfli qaydada nüvə sazişindən çıxardı.
Bunun ardınca İran üzərinə ABŞ sanksiyaları bərpa edildi.
Öz növbəsində bu, Tehranın onun üzərinə qoyulmuş nüvə məhdudiyyətlərindən tədricən geri çəkilməsi ilə nəticələndi.
Buna da bax: 2 il əvvəl İranla sazişdən çıxması Vaşinqton üçün indi əngəl yaradır
İran şərt qoyur
İran bildirir ki, o nüvə sazişinin şərtlərinə əməl olunmasına qayıda bilər, lakin bunun üçün sazişin qalan üzvləri – Britaniya, Fransa, Çin və Rusiya da sazişə əməl etməlidir.
Lakin ABŞ-ın bu sazişdən çıxması onun başqa tərəflərinin sənədə əməl etməsini çətinləşdirib.
Vaşinqton bununla yanaşı İran üzərindəki BMT silah embarqosunun uzadılmasına çalışır və bu xüsusda Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib.
Amma ekspertlər bildirirlər ki, Təhlükəsizlik Şurasında veto hüququna malik olan Rusiya və Çin bu qətnaməni qəbul etməyəcəklər.
Bu iki ölkə İran üzərindəki embarqo oktyabr ayında başa çatdıqdan sonra Tehrana silah satmağı planlaşdırıblar.
Buna da bax: Rusiya ABŞ-ın İran embarqosunu uzatmaq cəhdinin qarşısını alacağını deyir
London, Paris, Berlin Vaşinqtonu dəstəkləyə bilməyəcək
Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri ötən həftə bildiriblər ki, onlar da embarqonun qaldırılması əleyhinədirlər, amma onların ölkələri ABŞ-ın birtərəfli qaydada İranın üzərinə təkrar BMT embarqosu qoyulması cəhdlərini dəstəkləyə bilməyəcək.
Pompeo iyunun 24-də deyib ki, Birləşmiş Ştatlar, zamanı gələndə Tehranla danışıqlara girmək istərdi.
İyunun 24-də televiziya ilə çıxışında İran prezidenti Hassan Rohani deyib ki, Vaşinqtonla danışıqlara başlamaq Tehran üçün “problem deyil”, amma əvvəlcə Vaşinqton “nüvə sazişi üzrə öhdəliklərinə əməl etməli, üzr istəməli və sazişdən çıxdığına görə Tehrana kompensasiya ödəməlidir”.
Rohani əlavə edib ki, Vaşinqtonun Tehranla danışıqlar niyyətində olmasına dair bəyanatları “yalandan başqa heç nə deyil”.
Buna da bax: İran BMT qətnaməsilə bağlı xəbərdarlıq edir
Tehran Atom Enerjisi Agentliyinə təpinir
Həmin çıxışında Rohani BMT Atom Enerjisi Agentliyinə də xəbərdarlıq edib ki, onun öz müfəttişləri üçünİranın keçmişdə nüvə fəaliyyəti ilə məşğul olduğu məkanlara giriş tələb etməsinə “çox sərt” cavab verilə bilər.
Tehran sözü gedən iki məntəqəyə BMT nüvə müfəttişlərinin girişini aylardır ki, qadağan edib.
Ötən həftə Atom Enerjisi Agentliyi İrandan həmin məntəqələrə girişi təmin etməyi tələb edən qətnamə qəbul edib.
Rusiya və Çin bu qətnamənin də əleyhinə səs veriblər.
Bu məntəqələrin İranın hazırkı nüvə proqramı ilə bağlı olduğu düşünülmür, çünki həmin obyektlərdə 2000-ci illərdən bəri heç bir iş aparılmayıb.
Amma agentlik İranın həmin məntəqələrdə lap əvvəllər apardığı fəaliyyəti barədə düzgün bəyannamə verib-vermədiyindən əmin olmaq istəyir.
İranın mövqeyinə görə agentliyin belə bir hüquqi səlahiyyəti yoxdur.