Putin Kadyrov-a general-mayor rütbəsi verdi

Rusiya prezidenti Vladimir Putin Çeçenistanın başçısı Ramzan Kadyrov-a general-mayor hərbi rütbəsi verib.

Kadyrov iyulun 23-də prezidentin bu barədə fərmanının fotosunu özünün VKontakte sosial media hesabında paylaşıb.

Çeçenistan başçısı həmin postda yazır ki, Putin bu fərmanı verdiyi barədə şəxsən özü ona zəng edərək xəbər verib:

“Bu telefon söhbəti zamanı prezidentin özü fərmanı oxudu, məni təbrik etdi və yeni uğurlar arzuladı”.

2009-cu ildə Rusiyanın ovaxtkı prezidenti Dmitry Medvedev Kadyrova polis general-mayoru rütbəsi vermişdi. Onda Kadyrov-un 33 yaşı vardı və o, Rusiyada ən gənc general-mayor olmuşdu.

Özünün 23 iyul tarixli postunda Kadyrov bunu da bildirir ki, o Daxili İşlər Nazirliyinin tabeçiliyindən Rusiya Milli Qvardiyasının tabeçiliyinə keçirilib:

“Mən Daxili İşlər Nazirliyindən Milli Qvardiyaya keçirilməyimə görə əziz QARDAŞIMA, Rusiya Federasiyası Milli Qvardiya Qüvvələrinin komandanı Viktor Zolotova sonsuz minnətdarlığımı ifadə etdim”.

Buna da bax: ABŞ yeni sanksiyalar qoyur, Kadyrov Pompeonu hədələyir

Putinin sadiq əsgəri

Kadyrov Çeçenistana 2007-ci ildən rəhbərlik edir. Birinci Çeçenistan müharibəsində çeçen silahlılarla birlikdə Rusiya qüvvələrinə qarşı döyüşmüş Kadyrov sonradan Moskvanın tərəfinə keçib.

O rəhbərlik etdiyi Çeçenistan Respublikasında kütləvi və ağır insan haqları pozuntularına görə beynəlxalq insan haqları təşkilatları tərəfindən kəskin ittiham olunur.

Onu habelə şəxsi və siyasi düşmənlərinə Rusiyada və xaricdə hücumlar təşkil etməkdəgünahlandırırlar.

İyulun 20-də Birləşmiş Ştatlar Kadyrov-un arvadına və iki qızına ABŞ-a səfər qadağanı da daxil yeni sanksiyalar qoyub.

Onun özü və Çeçenistan rəhbərliyinin bir sıra rəsmiləri artıq bundan əvvəl ABŞ-ın sanksiya siyahısında idilər.

Kadyrov iyulun 23-də başqa bir sosial media postunda yazıb:

“Mən həmişə demişəm və yenə də təkrar edirəm ki, prezidentimizin sadiq əsgəriyəm və mürəkkəbliyinə baxmayaraq ondan gələn bütün əmrləri bütün qitələrdə icra etməyə hazıram”.

Putin 2004-cü ildə Kadyrov-u Rusiya Qəhrəmanı titulu ilə təltif edib.