Prezidentlər bəyannamə imzaladılar

Hassan Rohani, Ilham Əliyev və Vladimir Putin, 8 avqust, 2016

►Rusiya, İran və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə tədbirlər görəcəklər

Sənəddə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasının vacibliyi də vurğulanır

Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün sonunda Bakı bəyannaməsi imzalanıb.

Turan-ın xəbərinə görə, sənəd üç ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutur.

“Şimal-Cənub” dəhlizinin inkişafı

“Rusiya, İran və Azərbaycan nəqliyyat infrastrukturunun, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə tədbirlər görəcəklər.

Tərəflər iqtisadi cəhətdən səmərəli və ətraf mühit üçün təhlükəsiz nəqliyyat infrastrukturunun yaradılmasına yönəlmiş səyləri davam etdirmək niyyətindədirlər.

Bundan başqa, beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yanaşı, mövcud sərnişin və mal daşınması imkanlarını yaxşılaşdırmaq məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf düşünülür”, - deyə bəyannamədə qeyd edilir.

Həmçinin qeyd olunur ki, Moskva, Tehran və Bakı bundan sonra da “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin həyata keçirilməsinə töhfə vermək niyyətindədirlər.

Xəzər Konvensiyasının qəbulu

Sənəddə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın tezliklə qəbul olunmasının vacibliyi də vurğulanır.

Rusiya, İran və Azərbaycan rəhbərləri həmçinin beynəlxalq ictimaiyyəti terrorizm və narkotik qaçaqmalçılığına qarşı apardıqları mübarizəyə qoşulmağa dəvət ediblər.

Əməkdaşlığa maneə-həll edilməyən münaqişələr

Dağlıq Qarabağ probleminə gəlincə, bəyannamədə qeyd edilib ki, tərəflər bölgədəki həll olunmamış münaqişələrin regional əməkdaşlığa böyük maneə olduğunu etiraf edirlər.

“Bununla əlaqədar onlar bu münaqişələrin danışıqlar və beynəlxalq hüquq normaları əsasında tezliklə həllini vacib sayırlar ”, sənəddə vurğulanır.

Rusiya, Azərbaycan və İran həmçinin biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək qərarına qəliblər. Onlar üç ölkənin vətəndaşlarına viza rejiminin sadələşdirilməsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Bəyannamədə Rusiya, İran və Azərbaycanın bir sıra sahələr üzrə işçi qruplar yaratması vacib sayılıb.

Növbəti üçtərəfli görüş İranda olacaq

Azərbaycan-İran-Rusiya üçtərəfli sammiti növbəti dəfə Tehranda keçiriləcək.

İran prezidenti Həsən Ruhani Bakıda keçirilən üçtərəfli sammitdə bunu təklif edib.

“Ölkələrimiz tərəfindən atılan addımlar üç ölkənin regional əməkdaşlığa yönələn dialoqa zəmin yaradır. İran İslam Respublikasının ərazisində nazirlər və dövlət başçıları səviyyəsində üçtərəfli görüşün keçirilməsini təklif edirəm” - deyə İran prezidenti vurğulayıb.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev təklifin qəbul olunduğunu bildirib.

Görüşün tarixi hələlik məlum deyil.

“Həll olunmamış münaqişələr narahatlıq doğurur“

Azərbaycan, Rusiya və İran prezidentlərin birgə bəyannaməsindən sonra xarici işlər nazirlərinin mətbuat konfransı olub.

“Azərbaycan, İran və Rusiya arasında elektrik enerjisi şəbəkələrinin birləşdirilməsi imkanları var”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Bu da çox əlverişli olacaq. Həmçinin, dəmiryollarının birləşməsi üçün müzakirələr aparılıb. Bu il Astara körpüsü üzərində dəmiryol xəttinin tikintisinin başa çatması planlaşdırılır. İnanırıq ki, tezliklə “Şimal-Cənub” dəhlizi istifadəyə veriləcək”-deyə o qeyd edib.

Azərbaycanın xarici işlər naziri həll olunmamış münaqişələrdən da danışıb:

“Prezidentlərin görüşünə dair yekun Bəyannamədə qeyd olunur ki, həll olunmamış münaqişələr narahatlıq doğurur və “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”.

E. Məmmədyarov bildirib ki, Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imkanlar yaranıb: “Bəyannamədə də münaqişələrin beynəlxalq hüquq prinsipləri və qəbul edilmiş qərarlar çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb".

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətindən danışıb:

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi hər üç ölkənin vacib hədəfləri sırasına keçəcək. Növbəti toplantı İranda baş tutacaq. Bununla əlaqədar hər üç ölkənin nazirləri bir araya gələcək və fikir mübadiləsi aparacaqlar. İkili və üçlü format üzrə müzakirələr davam etdiriləcək”-deyə Məhəmməd Cavad Zərif qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə deyib ki, terrorizimlə mübarizədə səyləri birləşdirmək çox vacibdir:

“Birgə bəyannamədə terrorizmə qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinin vacibliyi qeyd edilib. Üçtərəfli mexanizmin əldə edilməsinə dair qərar verilib.Bu format Xəzər dənizinin statusunun müəyyənləşməsi baxımından da vacibdir ”.

S. lavrov həmçinin bildirib ki, bu yay Astanada xarici işlər nazirlərinin görüşündə Xəzərin hüquqi statusu barədə Konvensiyanın yekunlaşması barədə qərar qəbul edilib: “Bununla bağlı sammit Qazaxıstanda keçiriləcək. Bugünkü görüşdə razılığa gəlinib ki,bu istiqamətdə işlər davam etdirilsin”.

İlham Əliyev: Status-kvo qəbuledilməzdir

AZƏRTAC-ın xəbərinə görə, prezidentlər ilk üçtərəfli görüşünün əhəmiyyətini qeyd ediblər. Ölkələr arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından görüşün önəmi vurğulanıb.

Görüşün açılışında prezident İlham Əliyev çıxış edib

“Bu gün tarixdə ilk dəfə olaraq üçtərəfli görüş keçirilir. Zirvə görüşündə iştirakına görə, İran və Rusiya prezidentlərinə təşəkkür edirəm. Bu günkü görüş yeni əməkdaşlığa təkan verəcək”.

APA-nın xəbərinə görə də, bunu prezident İlham Əliyev üçtərəfli görüşdə deyib.

“Ölkələrimizi sıx dostluq münasibətləri bağlayır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda bir birilərini dəstəkləyirlər. Qonşularımızla dostluq əlaqələri milli maraqlarımıza uyğundur. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, deyə prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində status kvo qəbul edilməzdir: “Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, ölkəmizin 1 milyondan çox qaçqın və köçkün var. BMT-nin 4 qətnaməsindəerməni silahlı qüvvələrinin qeyd şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapsa da, bu qətnamələr, əfsus olsun ki, yerinə yetirilmir”.

İ. Əliyev vurğulayıb ki, üçtərəfli əməkdaşlıq regionda sülhün təmin olunmasına kömək edəcək.

O, qeyd edib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşü İranda baş tutacaq.​

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündən sonunda yekun bəyannamə imzalanıb.

Ilham Əliyev Vladimir Putini qəbul edir

Rusiya prezidenti Qarabağdan danışdı

“Azərbaycanda təxminən 600 Rusiya şirkəti işləyir. Birbaşa investisiyaların həcmi 1,5 milyard dollara yaxındır. Daha dəqiq desək 1,4 milyard dollara çatır”

AZƏRTAC-ın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı ilə görüşdə deyib.

Putin qeyd edib ki, müxtəlif səbəblər ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb:

“Dünya iqtisadiyyatında, bizim iqtisadiyyatda böhran vəziyyəti, ənənəvi ixrac mallarımızın qiymətinin azalması, bununla əlaqədar məzənnə fərqləri ilə bağlı məlum problemlər dəyər ifadəsində ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb. Bu gün bu haqda danışmaq, bu məsələlərin həlli yollarını axtarmaq çox yerinə düşəcək. Nəzərə almaq lazımdır ki, bunun üçün həqiqətən çox yaxşı baza yaradılıb və Sizinlə tam razıyam ki, bütövlükdə fiziki həcmi qoruyub saxlayırıq”

“Xəzərdə yeni birgə layihələr ola bilər”

Putin vurğulayıb ki, qarşıda yaxşı layihələr var:

“Özü də bu, təkcə energetika sahəsinə aid deyil. Aydındır ki, başqa sahələrdə - maşınqayırma, yüksək texnologiyalar sahələrində də belədir. Fikrimcə bu, son dərəcə vacibdir. Xəzərdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız davam edir”

Putin də Rusiya, Azərbaycan, İran əməkdaşlığından bəhs edib:

“Xəzərdə və daha geniş aspektdə yeni layihələr ola bilər - nəqliyyat, energetika, üçtərəfli ticari-iqtisadi əlaqələrimizin şaxələndirilməsini nəzərdə tuturam”.

“Burada qalib gələn tərəf olmamalıdır”

Rusiya prezidenti Qarabağ münaqişəsini də yaddan çıxarmayıb:

“Bu problem bizim hamımıza ümumi, sovet keçmişimizdən miras qalıb. Bunun Azərbaycan və Ermənistan üçün nə qədər kəskin məsələ olduğunu bilirəm. Biz bir məqsədə nail olmağa çalışacağıq: Ermənistan və Azərbaycan kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır. Qalib gələn - iki ölkənin xalqları olmalıdır. Hər iki dövlət hiss etməlidir ki, onlar bu mürəkkəb məsələni bu günümüzün mənafeyi və gələcək nəsillər üçün həll ediblər”

***

Üçtərəfli görüş keçirilir

Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putin iştirak edir.

Görüşün açılışında prezident İlham Əliyev çıxış edib.

İran prezidenti Həsən Ruhani avqustun 7-də, Rusiya prezidenti Vladimir Putin isə bu gün avqustun 8-də Azərbaycana gəlib.

Üçtərəfli sammitə qədər Azərbaycan prezidentinin həm İran dövlət başçısı Həsən Ruhani, həm də Rusiya Fedarasiyasının rəhbəri Vladimir Putinlə ayrılıqda görüşü olub.

***

Vladimir Putin və İlham Əliyev, 8 avqust

“Sizi yenidən Azərbaycanda salamlamağa şadam. Vladimir Vladimiroviç, son üç ildə bu, Sizin Azərbaycana üçüncü səfərinizdir. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.”

AZƏRTAC-ın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putinlə görüşündə Azərbaycanın dövlət başısı İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, "biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq. Siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var. “Humanitar əməkdaşlıq da inkişaf edir. Sentyabr ayında Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradır”.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi qeyd edib:

“Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm.”

İlham Əliyev üçtərfli görüşə də toxunub:

“Bu gün (avqustun 8-i) həm də İran, Rusiya və Azərbaycan liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Çox ümidverici olan bu yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir. Bu gün qarşılıqlı regional fəaliyyətin mühüm məsələləri müzakirə ediləcək. Fikrimcə, bu, həm ölkələrimizin iqtisadi inkişafına, həm də bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaradacaq”

Vladimir Putin avqustun 8-də Azərbaycana gəlib.

Bu gün, avqustun 8-də tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Avqustun 8-də tarixdə ilk üçtərəfli Rusiya, İran, Azərbaycan liderlərinin görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Buna da bax: Putin Bakıya 'salam və sağ ol'a gəlməz

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov səfərlə bağlı detalları açıqlayarkən demişdi ki, V.Putin Bakıda əvvəlcə prezident İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. İran prezidenti Ruhani ilə təkbətək görüşdən sonra da üçtərəfli müzakirələr keçiriləcək.

Bakı görüşmələri zamanı əsas diqqətin nəqliyyat layihələrinə yönələcəyi bildirilir. Rusiya prezidentinin köməkçisi deyib ki, üçtərəfli sammitin əsas məqsədi ilk növbədə nəqliyyat sahəsində infrastruktur layihələrinin imkanlarını araşdırmaqdır. Söhbət ilk növbədə Rəşt-Astara dəmir yol magistralının tikintisindən gedəcək.

Buna da bax: Putin həm Azərbaycanın, həm də Ermənistanın güzəştə getməsini istəyir

Bundan əlavə, iqtisadi-ticarət sahəsində əməkdaşlığa dair yeni perspektivlərin müzakirəsi də prezidentlərin gündəmində olmalıdır.

İran prezidenti Hassan Rouhani isə avqustun 7-də Azərbaycana gəlib.

Onun həmin gün prezident İlham Əliyevlə təkbətək görüşü və daha sonra iki ölkənin nümayəndələrinin geniş tərkibli toplantısı olub.

Avqustun 7-də Azərbaycanla İran arasında 6 sənəd imzalanıb.

Bura «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması, bitki mühafizəsi, elektron təhlükəsizlik, turizm və başqa sahələrdə əməkdaşlıq məsələləri daxildir.