2023-cü ilin yanvarından dekabrınadək Rusiya ordusu sıralarına 490 min müqaviləli hərbçi və könüllü qəbul edilib.
Bu barədə məlumatı müdafiə naziri Sergey Şoyqu verib.
Nazir iddia edib ki, bunların arasında 4 mindən çox tələbə var və onlar “könüllü olaraq təhsildən akademik məzuniyyət alaraq ordu sıralarına qoşulublar”.
Şoyqunun sözlərinə görə hərbi xidmət çəkmək üçün hər gün 1500-dən çox vətəndaş müraciət edir.
O bunu da bildirib ki, Rusiya ordusunda xarici könüllüllərin sayı bir ildə 7 dəfə artıb.
Nazir deyib ki, məhz bunların sayəsində indi hər ordunun öz ehtiyat alayı var.
Şoyqu habelə deyib ki, nazirlik dekabrın 1-dən prezident Vladimir Putinin ordu sıralarını 1 milyon 320 min nəfərə çatdırmaq tapşırığının yerinə yetirilməsinə başlayıb.
Onun sözlərinə görə Rusiya ona qarşı artan təhlükələrə uyğun olaraq hərbçilərinin sayını 1.5 milyon nəfərə çatdırmalıdır.
Buna da bax: Rusiya 'Hyundai' zavodunu 100 dollara alıbUkraynanın itkilərindən danışıb, Rusiyanın yox
Ukraynanın əks-hücumundan söz açan Şoyqu deyib ki, Ukrayna ordusu bu ilin iyunundan bəri ölü və yaralı olaraq 159 min hərbçi itirib. Nazir əlavə edib ki, tammiqyaslı müdaxilə başlanandan bəri Ukrayna silahlı qüvvələrinin ölü və yaralı daxil itkiləri 383 min nəfərə çatıb.
Sergey Şoyqu Rusiya ordusunun itkilərindən danışmayıb.
Putin dekabrın 14-də keçirilən illik sual-cavab sessiyası zamanı demişdi ki, Rusiyada yeni səfərbərliyin elan edilməsinə ehtiyac yoxdur. O iddia etmişdi ki, hazırda “xüsusi hərbi əməliyyat” (Rusiya Ukraynadakı müharibəsini belə adlandırır - red) zonasında 617 min Rusiya hərbçisi var.
Bundan əvvəl The New York Times qəzeti yazırdı ki, Rusiya Ukrayna müharibəsi başlanandan bəri ölü və yaralı olaraq 315 min hərbçi itirib. Qəzetin yazdığına görə məhz bu itkilər Moskvanı orduya məhkumları və başqa könüllüləri cəlb etməyə vadar edib.
Buna da bax: London və Paris Kiyevi sonadək dəstəkləyəcəklərini deyirlər, Vaşinqton isə...Zelenski ABŞ-ın hərbi yardımından əmin olduğunu deyib
Dekabrın 19-da ilin yekunlarına dair mətbuat konfransı keçirən Ukrayna prezidenti Volodimir Zelenski isə deyib ki, tezliklə Ukraynaya ABŞ-ın ayırdğı NASAMS hava hücumundan müdafiə raket sistemləri gətiriləcək.
Zelenski əmin olduğunu bidlirib ki, Birləşmiş Ştatlar nəhayət Kiyevə əlavə hərbi yardım göstərilməsinə dair qərarı qəbul edəcək.
Prezidentin sözlərinə görə Ukrayna ordusu hələlik səmaya nazərət edə bilmir, lakin bu istiqamətdə intensiv iş aparılır.
Zelenski əlavə edib ki, Ukrayna ordusuna yay əks-hücumu zamanı məhz bu faktor uğur qazanmaqda mane olub.
Ukrayna prezidenti iki saatdan çox davam edən mətbuat konfransında Ukrayna silahlı qüvvələri döyüşçülərinə təşəkkürünü bildirib, habelə ukraynalıları ölkənin Avropa İttifaqı üzvlüyünə namizəd status alması münasibətilə təbrik edib.
Zelenski deyib ki, Ukrayna Avropa partnyorları ilə “xüsusi bağlar” qura bilib:
"Mən əminəm ki, biz bu müharibəyə qələbəmizlə son qoya bilərik”.
Buna da bax: AzTv və İctimai TV Putinin çıxışını niyə canlı yayımladı. 'Sanki insanları sonrakı proseslərə öyrəşdirirlər'
“Həssas mövzu”
Ukrayna prezidenti səfərbərliyin çox “həssas mövzu” olduğunu vurğulayıb.
Zelenski deyib ki, o hərbi komandanlığa orduya 450-500 min nəfərin səfərbər edilməsi planının hazırlanmasını tapşırıb.
Zelenski əlavə edib ki, hazırda təkcə səfərbərlik deyil, həm də iki ildir döyüşənlərin ordudan tərxis olunması haqqında düşünmək lazımdır.
O “orduda qadınların qulluq etməsini nəzərdə tutan səfərbərlik qanununa qol çəkəcəkmi” sualına “yox” cavabı verib.
Volodimir Zelenski son vaxtlarda uzun xarici səfərlərdə olub. O Kabo-Verdedə, Argentinada, ABŞ və Norveçdə olarkən Ukraynaya hərbi yardımın davam etdirilməsinə nail olmağa çalışırdı.