Rusiyada Perm diyarının prokurorluğu “Vladimir Putinin müqəvvəsı” adlı aksiya üzrə çıxarılmış məhkəmə qərarından şikayət verib.
Bu iş üzrə üç fəal mühakimə olunub. Onlardan birinin işinə xitam verilib. Prokurorluq cəzanın “həddən artıq yüngül” olduğunu bildirir.
Prokurorluq bildirir ki, sübutların qiymətləndirilməsi zamanı cinayət və cinayət-prosessual məcəllələri pozulub.
Prokuror Olga Popova şikayəti şərh edərkən deyib ki, bu iş üzrə bəraət almış Aleksandr Etkin “cinayətin ümumi məqsədinə nail olunması üçün ona ayrılmış rolu oynayıb – müəyyən dairə insanların hissiyyatına toxunan videofaylı hazırlayıb”.
Prokurorluğun mövqeyinə görə bu iş üzrə daha iki müttəhim daha uzun müddətə azadlıqdan məhrum edilməli idi.
Buna da bax: Təpənin ətəyində ‘Putin oğrudur’ sözlərini kim düzüb?
Nə baş vermişdi?
2018-ci ilin 11 noyabrında Perm şəhərinin mərkəzində bir neçə fəal elektrik dirəyinə plastik müqəvva yapışdırmışdı.
Müqəvvanın baş hissəsinə isə Rusiya prezidenti Vladimir Putinin fotosu bərkidilmişdi.
Fotonun alnında “yalançı”, müqəvvanın sinəsində isə “hərbi cani Pınya V.V” yazılmışdı.
Bu hadisə ilə bağlı 2019-cu ilin yanvarında polis bir qrup şəxsə qarşı “əvvəlcədən razılaşdırılmış qaydada ictimai asayişin kobud şəkildə pozulması” ittihamı irəli sürmüş və sözü gedən adamlar həbs edilmişdilər.
İttiham fəallar Aleksandr Shabarchin, Danil Vasilyev və Aleksandr Etkinə qarşı irəli sürülmüşdü. Onları 7 ilədək azadlqıdan məhrumetmə cəzası gözləyirdi.
Bu ilin avqustunda məhkəmə Shabarchin-i iki il müddətinə azadlıqdan məhrum edib. Vasilyevə 1 il şərti iş verilmiş, Etkin isə bəraət almışdı.
Prokuror fəallara üç il iş istəmişdi.