Bakıda öldürülən qadının qardaşı baş verənlərə görə polis əməkdaşlarını da suçlu sayır. Onun fikrincə, polislər öz vəzifələrini yerinə yetirsəydilər, bəlkə, bu qanlı olayın qarşısını almaq mümkün olardı. Heydər Hacıyev bu üzdən Daxili İşlər Nazirliyinə şikayət etdiklərini deyir. O bu barədə iyulun 8-də bacısının qətliylə bağlı məhkəmədə dindirilərkən danışıb.
Ülkər Məmmədova fevralın 26-da yaşadığı evdə bıçaqla qətlə yetirilib. Həmin olayda onun anası Fəridə Hacıyeva və qardaşı Heydər Hacıyev də yaralanıb. Bu cinayətə görə Ülkər Məmmədovanın həyat yoldaşı Bəxtiyar Məmmədov hakim önünə çıxarılıb. O, xanımını öldürməkdə, qayınanasıyla qaynının həyatına sui-qəsddə suçlanır. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Buna da bax: 'Təcili yardım çağırmağa qoymadı, dedi ki, polisə xəbər verərlər'"Özümü günahkar sayıram, amma…"
Cinayət işinin materiallarında Bəxtiyar Məmmədovun tüfeyli yaşam tərzi keçirdiyi, ailəsinin dolanışığından xəbərsizliyi yazılıb. Bu durum həyat yoldaşıyla aralarında mübahisələr doğurub. Sonuncu mübahisə zamanı qadın anasıyla qardaşını köməyə çağırıb. Heydər Hacıyevlə Fəridə Hacıyeva elə bu üzdən olay zamanı həmin mənzildə olublar.
Bəxtiyar Məmmədov özünü qismən təqsirli bilir. Dediyinə görə, xanımını öldürmək niyyətində olmayıb və baş verənlərə görə çox peşmandır. Bununla belə, ittiham aktında yazılanların bir çoxunu gerçək saymır: "Hadisənin baş verməsində özümü günahkar sayıram. Amma yazıların çoxu yalandır...".
Zərərçəkmiş kimi məhkəmədə dindirilən Heydər Hacıyev deyir ki, olay günü işdən qayıdandan az sonra bacısının evində mübahisə törəndiyini, ərinin onu öldürməklə hədələdiyini eşidib. Ardınca anasıyla birlikdə Xətai rayonu, 34-cü polis bölməsinə gediblər.
Buna da bax: 6.5 kq narkotikin mənzilə necə aparıldığı aydınlaşdırılacaq"Polis işçisi dedi ki…"
"Sahə müvəkkili ilə əlaqə saxladım, məzuniyyətdə olduğunu dedi. Mənə başqa bir polis işçisinin nömrəsini verdi, onunla əlaqə saxladım. Həmin polis işçisi dedi ki, fevralın 26-da Xocalı soyqırımı ilə bağlı tədbir var. Mübahisə elədiklərini dedim, cavab verdi ki, belə hadisələr olur. Məsləhət gördü ki, ayın 27-də şikayət edim", - Heydər Hacıyev məhkəmədə dediyi sözlərdir.
Daha sonra anasıyla birlikdə bacısının yaşadığı evə gələn Heydər Hacıyev orada həm bacısı, həm də yeznəsi ilə söhbətləşib. Bəxtiyar Məmmədova bir müddət rayona getməyi, ayrı qalmasını məsləhət görüb. Amma təqsirləndirilən şəxs razılaşmayıb. Belə olanda bacısına təklif edib ki, uşaqlarını da götürüb onlarla birlikdə valideynlərinin yaşadığı evə getsin, çünki bu işin sonu yaxşı görünmür: "Bu vaxt Bəxtiyar məni bıçaqla vurdu. Bacım və anam qışqırdı ki, sən neylədin? Mənə kömək eləmək istədilər. Onda Bəxtiyar onları da vurdu...".
H.Hacıyev bacısının öldüyünü üç gün sonra bilib.
Məhkəmədə səslənən fikirlərə, hələlik, sözügedən polislər və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Buna da bax: Qadının intiharına görə əri cəzalandırıldı. Zərərçəkmiş tərəf narazıdır"Nəvəmə aldığımız telefonu da aparıb satıb"
Ana Fəridə Hacıyeva da qızının xeyli vaxtdır əziyyət çəkdiyini, ərinin ailəylə maraqlanmadığını söyləyir. Onun sözlərinə görə, xəstə olduğundan qızı onu incitməmək üçün başına gələnləri çox vaxt danışmazmış: "Qızımın qızıllarını oğurlayıb, lombarda qoyub, özünə pul götürüb. Sonradan biz həmin qızılları lombarddan çıxardıq. Nəvəmə aldığımız telefonu da aparıb satıb...".
Ülkər Məmmədovanın atası Elnar Hacıyev onun hüquqi varisi kimi tanınıb. Pedaqoji Universitetin müəllimi olan Hacıyev qızının ölümündə suçlanan kürəkəninə ən ağır cəza tələb edib: "Nə qədər borcu üstümüzə yığdı, məcbur olub, biz ödədik. Qızımın qızıllarını lombarda qoyub narkotikə sərf edib...".
Valideynlərin ifadələrindən o da məlum olub ki, onlar ixtisasca müəllim olan Ülkər Məmmədovaya bir neçə dəfə boşanmağı məsləhət görüblər. Ancaq o, övladlarının atasız qalmaması, ailəsinin dağılmamasından ötrü bu addımı atmayıb.