'Azərbaycanla danışan' Balasanyan niyə istefaya göndərilib

Vitali Balsanyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qarabağdakı separatçı rejimin “təhlükəsizlik şurasının” katibi Vitali Balasanyanın istefasından üç gün keçsə də bunun səbəbləri barədə heç bir məlumat verilmir.

Azatutyun diqqəti belə bir məqama çəkir ki, 44 günlük müharibədən sonra əsasən humanitar məsələlərlə bağlı olsa da, Azərbaycan tərəfi ilə təmaslara girən yeganə şəxs məhz Balasanyan idi.

Qeyd olunur ki, məsələn o, ötən ilin dekabrında azərbaycanlılar Laçın yolunu bir neçə saatlığına kəsəndə Azərbaycan tərəfi və Rusiya sülhməramlıları ilə danışıqlara getmişdi. Bundan əvvəl ötən ilin martında Qarabağa qazın verilməsi dayandırılanda da Azərbaycan rəsmiləri ilə danışıqları o aparmışdı.

Azatutyun yazır ki, Qarabağ müxalifətçiləri belə çətin vəziyyətdə, Laçın dəhlizinin bir aydır bağlı olduğu bir vaxtda Balasanyanın niyə işdən kənarlaşdırıldığını anlaya bilmirlər.

Buna da bax: ABŞ Laçın yolunun açılmasına bir daha çağırış edir

İxtilaf Vardanyana görədirmi?

Azatutyun sual edir: Bunun səbəbi Balasanyanla Qarabağın “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan arasında fikir ayrılığı ola bilərmi?

Separatçı rejimin “parlamentində” Daşnaksutyun partiyasını təmsil edən Vaqram Balayan belə söhbətləri eşitdiyini, amma məsələnin dəqiq səbəbini bilmədiyini deyib.

Amma Balayan hesab edir ki, səbəblərdən asılı olmayaraq birgə iş üçün ortaq məxrəc tapılmalı, Qarabağ bu vəziyyətindən çıxarılmalıdır.

O əlavə edib ki, Balasanyan bu proseslərlə yaxından tanış idi.

Azatutyun yazır ki, başqa bir Qarabağ müxalifətçisi, Ədalət partiyasının üzvü Metakse Akopyan da Balasanyanın işdən azad edilməsini qəbuledilməz sayır.

Buna da bax: Gümrüdəki aksiyanın təşkilatçısı: ...Rusiya bizi işğal edib

Proses çoxdan gedirdi

Amma Akopyan bunların Ruben Vardanyanla əlaqədar olmasına inanmır, çünki onun fikrincə Vitali Balasanyana qarşı müəyyən proseslər hələ bir il bundan əvvəl başlanıb.

O əlavə edib ki, Balasanyan 2020-ci il seçkisində “Qarabağ prezidentliyinə” namizəd olub.

Azatutyun yazır ki, Azərbaycanla gələcək danışıqlarda Balasanyanı kimin əvəz edəcəyi bilinmir.

Separatçı liderlərdən bəziləri bunun Qarabağ “təhlükəsizlik şurasının” yeni katibi Ararat Melkumyanın ola biləcəyini deyirlər.

Onların fikrincə bütün hallarda bu suala Arayik Arutyunyan cavab verməlidir.

Ruben Vardanyan ötən həftə bəyan etmişdi ki, hazırda Laçın dəhlizinin açılması ilə bağlı heç bir danışıqlar aparılmır. Lakin Rusiya Müdafiə Nazirliyi bu məqsədlə aparılan danışıqların davam etdiyini bildirmişdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Erməni politoloq: "Azərbaycanın razılığı olmadan Laçın dəhlizinə beynəlxalq missiya göndərilə bilməz"

“Ruben Vardanyan belə bəyanatlar verə bilməz”

Metakse Akopyan Azatutyuna deyib ki, danışıqlar barədə söz demək səlahiyyəti Vardanyanda yox, Arayik Arutyunyandadır:

“Ruben Vardanyan belə bəyanatlar verə bilməz, çünki bunun üçün Artsaxda (Qarabağ-red) prezident var. Belə məsələlərdə təmsilçi prezident olmalıdır, çünki o buna cavabdehdir. Mən belə bəyanatlara ciddi yanaşa bilmirəm. Mən qəbul edə bilmərəm ki, “dövlət naziri” mənə danışıqların aparıldığını və ya aparılmadığını desin”.

Azatutyun yazır ki, Qarabağda siyasi fəal Tiqran Petrosyan ötən il Vitali Balsanyanın və “müdafiə naziri” kimi təqdim olunan Kamo Vardanyanın istefasına çağırmışdı:

“Əgər biz təhlükəsizlik barədə düşünürüksə və bu adamları vəzifədə saxlayırıqsa, deməli bu barədə düşünmürük. Bu adi reallıqdır...Söhbət təkcə yoldan getmir, xalq artıq sizdən yorulub, sizin hakimiyyətinizdən yorulub. Konkret məsələlər, ciddi problemlər var...Hətta yol açılsa da, sizə heç kim etibar etmir. Buna görə də adamlar qalxıb buradan gedəcəklər”.

Azatutyun yazır ki, Vitali Balasanyan öz istefasının səbəbləri və “Qarabağ rəhbərliyindəki” mümkün fikir ayrılıqları barədə açıqlama verməyib.

Buna da bax: İndeks: Ukrayna ordusu İsraili keçdi, Azərbaycan 63-dən 57-yə qalxdı

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistan hökuməti hərbi ehtiyatda olanları toplayır

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.