'Gürcüstanda saxtakarlıq olsaydı, niyə seçki ikinci tura qaldı?'

Parlament seçkisini Marneulidən qazanmış Ruslan Hacıyev. oct2016

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgələrdə parlament seçkilərinin nəticələrinə görə, iki dairədə hakim partiyanın azərbaycanlı namizədi qalib gəlib, ikisində isə nəticələr ikinci tura qalıb: Hər iki dairədə Saakashvili-nin partiyasının azərbaycanlı təmsilçiləri Samirə İsmayılova və Əhməd İmanquliyev hakimiyyətin namizədi ilə mübarizə aparacaqlar.

Görünməmiş fəallıq

Parlament seçkisini Marneulidən qazanmış Ruslan Hacıyev ikinci turu seçkinin demokratik və azad keçirilməsinin nəticəsi kimi qiymətləndirir. O, AzadlıqRadiosu-na müsahibəsində deyir ki, əgər müxalifətin iddia etdiyi kimi, qanunsuzluqlar, saxtakarlıqlar olsaydı, o zaman bir çox dairədə ikinci tur elan edilməzdi: “Təkcə azərbaycanlılar yaşayan yerlərdə ikinci tur elan etməyiblər, başqa dairələrdə də əsas rəqiblər baryeri aşa bilməyiblər”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ruslan Hacıyev: 'Sivil formada təmsilçilik lazımdır, təxribatçılıq eləmək lazım deyil...'

Yeni deputat onu da əlavə edir ki, bu seçkidə görünməmiş fəallıq olub: “Azərbaycanlılar artıq ölkənin siyasi həyatında təmsil olunurlar, gənclərimiz başqa-başqa partiyalardadırlar, amma sivil formada təmsilçilik lazımdır, təxribatçılıq eləmək lazım deyil”.

Buna da bax:​ Gürcüstanda ultramillətçilər də parlamentə keçib

O, qələbəsinin asan başa gəlmədiyini deyir, əlavə edir ki, əsas rəqibi keçmiş deputat olub və çalışıb ki, həm partiyanın platformasını, həm də öz arzularını təbliğ etməklə seçicilərin rəğbətini qazansın.

“Müəllimlərin çoxu sovet dövründə təhsil alanlardır”

Ruslan Hacıyev parlament kürsüsünə Marneuli rayonunun təhsil şöbəsinin sədri vəzifəsindən gedir: “Hakim partiya mənim namizədliyimi irəli sürdü, təbii, mən də buna etiraz etmədim. Təhsil sahəsində yetərincə problemlər var, onların həllinə kömək etməyi düşünürəm”.

Müsahibimiz deyir ki, rayonda 20-dən çox məktəb tikilib, ya da əsaslı təmir edilib. O, tədrisin keyfiyyətini qaldırmağa çalışdıqlarını deyir. “Son iki- üç ildə məktəblərin infrastrukturu dəyişdi. İllərlə bu proses aparılmamışdı”.

Buna da bax:​ 30 nəfərə yaxın azərbaycanlı Gürcüstanda deputat olmaq istəyir

Ruslan Hacıyev bölgədə gürcü dili məsələsinin qabardıldığını düşünür. Belə ki, son illərdə bölgədə gürcü dilinin tədrisi gücləndirilib, şagirdlər attestat üçün verdikləri imtahanda gürcü dilindən yüksək nəticələr göstərirlər. Parlamentin yeni üzvü əlavə edir ki, buna baxmayaraq, məktəbdə müəllimlərin çoxu sovet dövründə Azərbaycan institutlarını bitirmiş şəxslərdir:

“Ancaq indi gənclər də var, Gürcüstanda oxuyub bitirilər və işləməyə bizə gəlirlər”.

Ruslan Hacıyevin fikrincə, “Gürcü arzusu”nda deputat kimi bölgənin yerli problemlərinin həllində yaxından iştirak edəcəyinə inanır.

“Yeni qanunlar hazırlayacağıq”

Savalan Mirzəyev isə Gürcüstan parlamentində Qardabani rayonunu təmsil edəcək. Baş nazirin etnik məsələlər üzrə köməkçisi vəzifəsindən istefa verib seçkiyə qatılan S. Mirzəyev qanunvericilik orqanına bir sıra təkliflərlə gedir. Ancaq o, AzadlıqRadiosu-na müsahibəsində bu təklifləri açıqlamağa tələsmir. Eləcə onu deyir ki, “Gürcü koalisiyası” ixtisasca hüquqşünas olan Mirzəyevin yeni qanunların hazırlanmasında iştirak etməsini məsləhət bilib:

Sizin brauzer HTML5-i dəstəkləmir

Savalan Mirzəyev: 'Son dörd-beş ildə Gürcüstanın azərbaycanlı vətəndaşları həm hakimiyyət, həm də müxalifətdə təmsil olunurlar'

“Yeni qanun layihələrinin hazırlanmasına ehtiyac var. Vaxtından qabaq danışmaq istəmirəm. Amma bu qanunlar ölkəni inkişafa aparacaq”.

Buna da bax:​ Gürcüstanda azərbaycanlıların səsi kimə gedir?

“Kəndlər məlumatsızdır”

Savalan Mirzəyev isə Gürcüstan parlamentində Qardabani rayonunu təmsil edəcək.

Savalan Mirzəyev deyir ki, Qardabaninin problemləri ölkənin digər regionlarındakından fərqlənmir: “Bütün kəndlərdə daxili yolların düzəldilməsi, uşaq bağçalarının bərpası nəzərdə tutulur. Amma fikrimcə, ən ciddi problem kəndlərdə dövlət proqramları barədə məlumatsızlıqdır. Çalışacağıq, elə bir sistem quraq ki, kəndlilər qanunlar, dövlət proqramlarından xəbərdar olsunlar”.

Bölgələrdəki azərbaycanlıların siyasi aktivləşməsini Savalan Mirzəyev də vurğulayır, deyir ki, son dörd-beş ildə Gürcüstanın azərbaycanlı vətəndaşları həm hakimiyyət, həm də müxalifət sıralarında təmsil olunmağa başlayıblar. O, azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında, əsasən, gənclərin rol oynadığını söyləyir.