Roma papası ‘pandemiya dövrünün’ Milad xütbəsini verdi

Roma papası Frensis

Roma papası Frensis dekabrın 24-də Vatikandakı müqəddəs Pyotr məbədində Milad axşamı xütbəsini edib.

Pandemiyanın qızğın vaxtına düşən bu bayramda Roma papasının xütbəsi qəmgin notlarla zəngin idi.

O deyib ki, adamlar imkansızlara əl tutmalıdırlar, çünki İsa Məsihin özü də yoxsulluq içində doğulub.

Axşam ibadəti məbədin arxa hissəsində 100 nəfərdən də az kütlənin iştirakı ilə keçirilib.

Mərasimə yalnız bir neçə kardinal və arxiyepiskop qatılmışdı.

Məbədin bu hissəsi əslində əsas ibadət yeridir və adətən burada keçirilən ibadət axşamına diplomatlar da daxil 10 minədək insan toplaşır.

Papadan və kiçik kilsə xoru üzvlərindən başqa hamı maska taxmışdı.

Buna da bax: ‘Miladı evdə keçirin’

Xeyir-dualar internetlə yayımlanacaq

Frensis deyib ki, Milad günündə hamı “var-dövlət arxasınca qaçmaq” əvəzinə “bu qədər çox qardaş və bacılarımıza qarşı ədalətsizlik” barədə düşünməlidir:

"Allah bizim kasıblıq və ehtiyac içində olduğumuz vaxt ona görə gəldi ki, biz ona sevgimizi göstərək. Allah bizi həmişə biz bir-birimizi sevəndən daha artıq sevir. Ona qəlblərimizə daxil olmaq imkanı verən sirr də elə budur”.

Vatikan bildirib ki, 84 yaşlı Frensis Milad günündə müqəddəs Pyotr meydanına toplaşan kütlələrə ənənəvi “Urbi et Orbi” – “Şəhərə və Dünyaya” müraciətini etməyəcək.

Kilsə deyir ki, bunun əvəzində xeyir-dualar Apostol sarayından veriləcək və internetlə canlı yayımlanacaq.

Müqəddəs Məryəmə oxunacaq dualar dadekabrın 26-27-də, yanvarın 1, 3 və 6-da eyni qaydada translyasiya olunacaq.

Xəbər verilir ki, Roma papasına yaxın olan iki kardinalda son bir neçə gündə koronavirus aşkar olunub.

Vatikanın yerləşdiyi İtaliya Milad və Yeni il bayramlarında tam karantinə bağlı olacaq.