Rusiyanın Çinlə “Sila Sibiri – 2” qaz kəmərinin tikintisinə dair saziş bağlamaq cəhdləri dalana düşüb.
Financial Times qəzeti yazır ki, əsas mübahisə qiymət və təchizat həcmləri məsələsində fikir ayrılığına görə baş verib.
Qəzetin mənbələrinin dediyinə görə Çin “Sila Sibiri-2” kəməri ilə çatdırılacaq qaz üçün Rusiyanın daxili yanacaq bazarı ilə eyni, yaxud buna yaxın qiymətlər ödəmək niyyətindədir. Halbuki Rusiyanın daxili bazarındakı qiymətlər hökumət subsidiyaları ilə tənzimlənir.
Bundan başqa Pekin qaz kəmərinin 50 milyard kubmetrlik güc həcminin kiçik bir hissəsini almağa hazırdır.
Buna da bax: Moskva Vaşinqtonu 'ölümcül' nəticələrlə hədələyirMiller Pekinə niyə getməyib
Qəzetin yazdığına görə bu məsələdə fikir ixtilafı o həddə çatıb ki, hətta Gazprom şirkətinin rəhbəri Aleksey Miller Vladimir Putini may ayında Çinə səfəri zamanı müşayiət etməyib.
Kolumbiya Universiteti Qlobal enerji siyasəti mərkəzinin işçisi Tatyana Mitrova deyib ki, Millerin bu qədər ciddi danışıqlarda olmaması təəccüblü görünür.
Şərhçilər deyirlər ki, Pekinin bu məsələdə sərt mövqeyi Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsinin Putini Çin lideri Si Tsinpinin qarşısında nə qədər aciz vəziyyətdə qoyduğunu göstərir.
“Sila Sibiri-2” kəməri üzrə saziş Putinin Si ilə müzakirə etdiyi üç əsas məsələdən biri idi.
Buna da bax: Çin Ukrayna üzrə 'sülh sammiti'ndə iştirak etməyəcəkHər iki ölkənin siyasi iradəsi olanda
Bundan başqa Putin Çin prezidentindən Çin banklarının Rusiyada fəaliyyətini genişləndirməsini və Çinin bu ay Cenevrədə Ukraynanın təşəbbüsü ilə keçiriləcək sülh konfransına qatılmamasını xahiş edib.
Mənbələr bildirirlər ki, Çin banklarının Rusiya ilə əməkdaşlığı miqyasına görə Moskvanın xahiş etdiyindən xeyli kiçikdir.
Ekspertlərin sözlərinə görə Moskva Pekinlə bir və ya bir neçə Çin bankının Rusiyanın müdafiə sənayesi üçün komponentlər üzrə ödənişləri maliyyələşdirməsi məsələsini müzakirə edir. Bu isə o deməkdir ki, Çin bankları ABŞ-ın sanksiya siyahısına salına bilər.
FT yazır ki, Kreml onun sorğularına cavab verməyib, Gazprom isə hər hansı şərh verməkdən imtina edib.
Daha sonra Putinin sözçüsü Dmitri Peskov demişdi ki, “Sila Sibiri-2” üzrə danışıqlar hər iki ölənin buna siyasi iradəsi olanda davam etdiriləcək:
"Bu, tamamilə normaldır ki, hər bir tərəf öz maraqlarını müdafiə edir”.
Peskov bildirib ki, Rusiya tərəfi razılaşma əldə olunacağına şübhə etmir.