Rusiyada səfərbərliyin yeni forması: Məsciddən birbaşa müharibəyə

Rusiya televiziyasının 1-ci kanalında “Perepoy zvezdu” (Ulduzdan yaxşı ifa) şousunun finalçısı Mamut Useynov Moskva yaxınlığındakı Kotelniki qəsəbəsinin məscidində cümə namazından dərhal sonra hərbi komissarlığa aparılıb.

Xəbər verilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 20-də axşam müsəlman mərkəzinə gələrək cümə namazından çıxan kişiləri hərbi komissarlığa aparıblar.

Bu barədə Mamut Useynovun özü sosial media səhifəsindən xəbər verib.

Yerli müsəlman icmasının başçısı Salavat İbatulin deyib ki, polislər növbəti dəfə mərkəzdəki ədəbiyyatı və yanğından müdafiə sistemini yoxlayıblar, bundan sonra isə cümə namazından çıxanları hərbi komissarlığa apararaq orda bir neçə saat saxlayıblar.

Bu da xəbər verilir ki, ötən yayda hüquq-mühafizə işçilərinin məscidlərə hay-küylü reydlərindən sonra müsəlmanlar Rusiyanın əksər yerlərində cümə namazlarını ləğv ediblər.

“Ya müharibəyə, ya həbsxanaya”

Mamut Useynovun sözlərinə görə onu hərbi komissarlıqda tibbi komissiyadan keçirərək xidmətə yararlı kimi qeydiyyata alıblar. Buradan isə onu Balaşixadakı müqaviləli xidmət qeydiyyatı məntəqəsinə gətiriblər.

Müğənni bildirir ki, ona “ya birillik hərbi qulluq müqaviləsi, ya da həbsxana” şərti qoyulub.

Oktyabrın 21-də səhər toplanışı zamanı isə məlumat verilib ki, onları “xüsusi hərbi əməliyyat” zonasına və ya adi dildə Ukrayna müharibəsinə göndərirlər.

Baza teleqram kanalının məlumatına görə Mamut Useynov Rusiya pasportunu 2014-cü ildə Krımda almışdı. O səhhətinə görə orduda xidmət etməmişdi.

Ən son məlumata görə Useynov hazırda Naro-Fominskdəki 19612 nömrəli hərbi hissədədir. Bu da xəbər verilir ki, müğənninin telefonu əlindən alınıb.

Kotelnikidəki müsəlman mərkəzindən dindarların saxlanmasına dair məlumatları başqa kanallar da yayıb. Xəbər verilirdi ki, adamların sənədlərini əllərindən alır, sonra isə tibbi müayinəyə göndərirlər.

Məlumata görə kişiləri Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edirlər.

Buna da bax: ‘Mən bir qarnı ac, bir qarnı tox övlad böyüdüb yola salmışdım, balamı versinlər...’

Müsəlmanları zorla müharibəyə

Kremlin əməkçi miqrantları müharibəyə göndərməsi bir il bundan əvvəl məlum olub.

Hüquq müdafiəçisi Valentina Çupik 2022-ci ilin oktyabrında bildirmişdi ki, Moskvadakı Saxarovo miqrasiya mərkəzində miqrantlara müharibədə iştirak üçün kontraktlar imzaladırlar.

2023-cü ilin avqustunda isə Rusiyanın bir sıra regionlarında hüquq-mühafizə işçilərinin reydlər keçirərək Rusiya pasportu almış, amma hərbi uçota dayanmamış kişiləri axtardıqları xəbər verilmişdi.

Bildirilirdi ki, polis belələrini aşkar edən kimi onlara çağırış vərəqəsi təqdim edir və hərbi komissarlığa aparır.

Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin Ukraynaya qarşı müharibədə iştirak etmək istəmədikləri halda Rusiya pasportu almış miqrantların vətəndaşlıqdan məhrum edilməsini təklif edib:

"Nə qədər ki, xüsusi hərbi əməliyyat davam edir, onları bu əməliyyatda iştiraka cəlb etmək lazımdır. Əgər kimsə Rusiya Federasiyası vətəndaşı olaraq öz hərbi borcunu yerinə yetirməyə hazır deyilsə, belə adamın vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul etmək lazımdır”.

İyulun 21-də Moskvanın mərkəzində müsəlmanların polisin məscidlərə keçirdiyi reydlərə qarşı kor-təbii etiraz aksiyası olmuşdu.

Möminlər narazı idilər ki, polis qanunsuz miqrantların üzə çıxarılması üçün sənədlərin yoxlanması adı altında məscidlərə birbaşa namaz zamanı, ayaqqabılarını çıxarmadan müdaxilə edir, ibadəti pozur və özünü son dərəcə kobud aparır.

Buna da bax: 'Mədəni qırğın': Putinin də bitirdiyi Sankt-Peterburq universiteti yaddüşüncəli tələbələri qovur

AzadlıqRadiosunun Rus xidməti yazırdı ki, iyulun 14-də Moskva ətrafındakı Dzerjinski şəhərində polis sənədlərin yoxlanması üçün məscidə reyd keçirib.

Polislər bu dəfə də məscidə daxil olarkən ayaqqabılarını çıxartmayıblar.

Bundan əvvəl iyulun 7-də xüsusi təyinatlı polis Kotelniki qəsəbəsindəki məscidə reyd keçirib. Namaz vaxtı keçirilən bu reydin gedişində dindarların üstünə yanğınsöndürən balonların köpüyü buraxılıb.

Rusiya Müsəlmanları İdarəsi, habelə Dağıstan və Çeçenistanın başçıları – Sergey MelikovRamzan Kadırov polisin hərəkətlərini sərt tənqid etmişdilər.