İnternetdəki kütləvi kəsintilər Moskvanın 'suveren internet' yaratmaq cəhdlərinin bir hissəsidir

Moskvada internetə nəzarətin gücləndirilməsinə və qoyulan məhdudiyyətlərə qarşı nümayiş. 2017

Yanvarın 30-da Rusiya internetində ciddi kəsinti baş vermişdi. İkisaatlıq kəsinti zamanı "Rusiyanın Google-u" adlandırılan Yandex də içində, ölkənin onlarla ən böyük internet şirkətinin saytları işləmirdi. İnternet kəsintilərini izləyən сбой.рф saytının özü də sıradan çıxarılmışdı.

Hökumət 2018-ci ildə geniş istifadə edilən Telegram mesajlaşma platformasına çıxışı kəsməyə çalışanda milyonlarla veb ünvanını bloklamışdı. 2021-ci ildə isə dövlət telekom provayderində "avadanlığın pozulması" Kremlin saytı da daxil, geniş internet kəsintisi doğurmuşdu. Yanvarın 30-da baş verən kəsinti həmin olaydan sonra ən ciddi hal idi.

AzadlıqRadiosunun əməkdaşı Mayk Ekelin məqaləsində deyilir ki, illərdir internetin tənzimlənməsinə cavabdeh rəsmi qurumlar Rusiya internetini izləyərək onu nəzarətdə saxlamaq üçün qanuni və texniki infrastruktur qurmaqla məşğuldur.

Yandex parçalanacaq?

Ölkənin ən iri internet şirkətlərinin məhdudlaşdırılması yönündə işlər görülür. Səhmləri NASDAQ birjasında satılan Yandex Rusiya hökumətinin müdaxiləsinə məruz qalıb. Hökumət rusiyalıların Ukrayna müharibəsi ilə bağlı xəbər və informasiya axtarışlarını şirkətin necə tənzimləyəcəyinə müdaxilə edib. Hazırda Yandex yenidənqurmanın astanasındadır. Bu proses nəticəsində şirkətin parçalanacağı gözlənilir.

VK kimi digər iri şirkətlərsə Kremlə yaxın oliqarxların nəzarətində olan şirkətlərin tərkibinə birləşdirilib. Hökumət rusiyalıları bütün işlərini bir platformadan görməyə həvəsləndirən "super app"ın hazırlanması üzərində çalışır. Çatda yazışmaqdan vergi ödəməyə, romantik partnyor axtarmaqdan sürücülük cərimələrini ödəməyədək internetdə görüləsi bir çox işi bu vahid platformada çözmək mümkün olacaq.

Rusiyanın Google-a cavabı – Yandex yanvarın 30-da qısa müddətə "söndü".

Xüsusi cihazlardan istifadə FSB-nin nəzarət imkanlarını artırır

Hökumət internetə nəzarət edən dövlət qurumu "Roskomnadzor" başda olmaqla, hələ 1990-cı illərdən bəri cihaz, server və internet traffiki monitorlarının "Operativ axtarış fəaliyyətləri sistemi"ni qurmağa çalışır.

Rusca abreviaturası SORM olan bu sistem bütün internet xidmət provayderlərinin məcburi xüsusi cihazlardan yararlanmasını nəzərdə tutur. Bu cihazlar Federal Təhlükəsizlik Xidmətinin (FSB) RuNet-də (Rusiya internetində) olan hər şeyi tozsoran kimi çəkib ona göz qoymağa imkan verir.

2010-ci illərin ortalarında Kremlin nəzarətində olan parlament Google, Facebook və Apple kimi əsas internet şirkətlərindən öz serverlərini Rusiya ərazisində saxlamasını tələb edən qanun qəbul edib. Beləcə, hökumətin bilgi traffikinə nəzarəti asanlaşmalı idi. Həmin qərardan sonra bir çox şirkət Rusiyanı tərk etdi.

Sonrakı illərdə bu sistem genişləndirilib-gəlişdirilərək hökumətin güvənlik və şifrələmə tədbirlərini əngəlləməsini daha da asanlaşdırıb. Yeniliklər arasında texniki data və şəbəkə bilgilərini izləməyə imkan verən "dərin paket təftişi" də var.

Yeniliyin adı: "suveren internet"

2018-ci ildə "Roskomnadzor" Rusiya və regionda geniş istifadə edilən Telegram-ı hədəfə aldı. Platformanın populyarlığı və şifrələmə güvənliyi ilə tanınması onu kommunikasiyaları izləmək və istifadəçilərin şəxsiyyətini müəyyənləşdirmək istəyən xüsusi xidmət orqanlarının hədəfinə çevirdi.

Ancaq Telegram-ı bloklamaq cəhdi Amazon və Google-ın verdiyi bulud xidmətlərindən yararlanan milyonlarla veb ünvanının bloklanması ilə nəticələndi. Çox sayda onlayn şirkət və xidmət iflic oldu.

Moskvada suveren RuNet və internetdə senzura haqqında qanun layihəsinə qarşı etiraz aksiyası. 2019

2019-cu ildə deputatlar saytları qara siyahıya salaraq bloklamaq, habelə VPN-ləri təqib etməklə bağlı "Roskomnadzor"un imkanlarını artıran düzəlişlər qəbul etdilər. Bu yenilik "suveren internet" qanunu adlandırıldı.

Dəyişiklik nəticəsində "Roskomnadzor"un saytlardan app-lərə bilgi axışını yavaşlatmaq, yaxud "boğmaq", başqa deyimlə, onlara girişi qapatmaq imkanı genişləndi. Üstəlik, "Roskomnadzor"un tərkibində onlayn təhdidləri axtarmaqla məşğul olan ayrıca qurum yaradıldı.

2021-ci ilin martında hazırda X kimi tanınan sosial media nəhəngi Twitter "Roskomnadzor"un qayda pozuntusu saydığı postları silmədiyi üçün hökumət tərəfindən "boğuldu". ABŞ və Rusiya alimlərinin ortaq məqaləsində deyilir ki, bu, "senzura məqsədilə genişmiqyaslı boğma əməliyyatından istifadə edilən ilk hal" idi. İnternet istifadəçiləri ölkənin hər yanından Kreml və bir sıra hökumət qurumlarının saytları da daxil, çox sayda saytın işləməməsindən şikayətlənərkən Kommunikasiyalar Nazirliyi bunu "avadanlıq nasazlığı" ilə əlaqələndirdi.

"Kəsintilərin uzunmüddətli olmaq ehtimalı yoxdur"

30 yanvar kəsintisindən bir həftə öncə isə nisbətən yerli kəsintilər qeydə alınmışdı. Nəticədə Telegram, WhatsApp və Viber kimi xidmətlərə çıxış kəsilmişdi. Bunlar Rusiyada geniş istifadə edilən xidmətlərdir. Başqırd fəalın həbsi ilə bağlı yerli etirazların baş verdiyi Başqırdıstanda günlərlə WhatsApp və Telegram-a çıxış mümkün olmayıb.

Bəzi fəallar belə internet kəsintilərini hökumətin martda keçiriləcək seçkilərə görə indidən təlaşlanmasına bağlayır.

"Böyük ehtimalla həm ayrı-ayrı xidmətlərin, həm də bütövlükdə internetin belə kəsintiləri yerli xarakter daşıyacaq, bəlli bir şəhərdə, bəlkə, bölgədə olacaq. Kəsintilərin uzunmüddətli olmaq ehtimalı yoxdur. Uzunmüddətli, genişmiqyaslı kəsintilər artıq iqtisadi və sosial nəticələrə yol açıb", - "Roskomsvoboda" təşkilatının rəhbəri Artyom Kozlyukun sözləridir.