Ankara və Moskva Liviyada atəşkəs barədə razılığa gəliblər

Recep Tayyip Erdoğan (sağda) və Vladimir Putin yanvarın 8-də İstanbulda

Rusiya və Türkiyə prezidentləri Liviya münaqişəsində atəşkəs barədə razılaşma əldə ediblər.

Moskva və Ankara bu münaqişədə qarşı duran iki tərəfi dəstəkləyirlər.

Türkiyə beynəlxalq birlik tərəfindən tanınmış Tripoli hökumətinə, Rusiya isə qiyamçı general Khalifa Haftara dəstək verir.

Yanvarın 8-də İstanbulda görüşən Recep Tayyip ErdoğanVladimir Putin Liviyada stabilliyin bərpa edilməsi üçün “zəruri addımların atılmasını” dəstəklədiklərini bildiriblər.

Onlar deyiblər ki, təklif edilən atəşkəs yanvarın 12-də gecə yarısı qüvvəyə minməlidir.

Bu razılaşma general Haftara sadiq qüvvələr Liviya paytaxtı Tripolini zəbt etməyə cəhd göstərdikdən sonra əldə olunub.

Liviya, ölkənin uzun müddət rəhbəri olmuş polkovnik Muammar Gaddafi 2011-ci ildə devrildikdən sonra iki qütbə bölünüb və bu qütblər arasında zorakılıq indiyədək davam edir.

Buna da bax: ‘Putinin aşpazı’, Erdoğanın kürəkəni Liviya cəbhəsində…

Hazırda ölkənin iki hökuməti var. Bunlardan biri beynəlxalq aləm tərəfindən rəsmən tanınan Tripoli hökuməti, digəri isə general Haftarın Tobruk şəhərində yerləşən administrasiyasıdır.

Tripolidəki hökumət NATO üzvü olan Türkiyə və onun müttəfiqi Qətər tərəfindən dəstəklənir.

Haftar-ı Birləşmiş Ərəb Əmirlikləri və Rusiya dəstəkləyir.

Liviyada hazırda çox sayda rusiyalı muzdlu əsgər var.

Putin və Erdoğanın birgə bəyanatında deyilir ki, Liviyadakı münaqişə bütün Aralıq dənizi hövzəsindəki və Afrika qitəsindəki sabitliyi pozur, qanunsuz miqrasiyanın, terror və başqa cinayətkar fəaliyyətlərin artmasına səbəb olur.

Türkiyə prezidenti ötən həftə bəyan etmişdi ki, Ankara Tripoli hökumətinin sabitliyini təmin etmək üçün Liviyaya müəyyən qoşun hissələri göndərib.