Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:15

‘Putinin aşpazı’, Erdoğanın kürəkəni Liviya cəbhəsində…


Khalifa Haftarın döyüşçüləri
Khalifa Haftarın döyüşçüləri

Bloomberg saytı məsələdən agah mənbələrə istinadən yazır ki, Rusiya prezidenti Vladimir Putinə bağlı özəl ordulardan biri Liviya müharibəsinin cəbhəsində döyüşür.

Məqalədə deyilir ki, özünün Kremllə əlaqələrinə görə həm də “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeny Prigozhin-in Wagner qrupundan olan 100-dək muzdlu sentyabrın ilk həftəsində qiyamçı feldmarşal Khalifa Haftarın Tripoli üzərinə hücumuna dəstək vermək üçün Liviyadakı bazalardan birinə gətirilib.

Bu barədə məlumat verən Liviya və Qərb rəsmiləri adlarının açıqlanmasını istəməyiblər.

Rusiya muzdlu komandirlərindən biri də təsdiqləyib ki, Wagner müqaviləliləri Liviyada döyüşürlər və artıq itki də veriblər.

Bloomberg yazır ki, muzdluların gəlişi Haftarın hava reydlərini intensivləşdirməsi ilə eyni vaxta təsadüf edib.

Haftar Liviyaya dair gələn ay keçiriləcək sülh konfransından əvvəl döyüş meydanındakı mövqelərini möhkəmləndirməyə çalışır. Onun qüvvələri aprelin əvvəllərindən bəri Tripolinin ətrafında ilişib qalıb.

Rusiya özünü BMT-nin dəstəklədiyi Tripoli hökumətindən kənar tutmağa çalışır.

Moskva hökumətinə yaxın mənbələrdən biri Bloomberg-ə bildirib ki, indi Rusiya Tripoli üzərinə ilk uğursuz yürüşdən sonra Haftarın öz mövqeyini möhkəmlətməsini istəyir.

Rusiya rəsmiləri inanırlar ki, Liviyadakı hər hansı gələcək güc strukturunda keçmiş diktator Muammar Qaddafi-nin qaçaq oğlunun da rolu olmalıdır.

Haftarın Liviya Milli Ordusu bildirib ki, onun sıralarında nə Rusiya, nə də hər hansı başqa xarici ölkənin qüvvələri yoxdur. Prigozhin Bloomberg-in elektron məktubla göndərdiyi suallara cavab verməyib. Putinin sözçüsü Dmitry Peskov isə bildirib ki, Kremlin Liviyadakı muzdlular barədə heç bir informasiyası yoxdur.

“Aşpazın” qazanı böyüyür

Bloomberg yazır ki, Prigozhin Rusiyanın getdikcə genişlənən xarici siyasətində əsas rollardan birini oynayır. Rusiya mediasının məlumatına görə o Haftarla Moskvada aparılan danışıqlarda iştirak edirdi.

Ötən ay Bloomberg yazmışdı ki, Prigozhin-in muzdluları Suriyanlın İdlib qəzasında qiyamçılara qarşı hücuma hazırlaşırlar.

Onun muzdlu əsgərləri habelə Mərkəzi Afrika Respublikasında ölkənin əksər hissəsinə nəzarət etməyən hökumətə dəstək verirlər.

Prigozhin Haftarla Moskva görüşündə (sağdan ikinci)
Prigozhin Haftarla Moskva görüşündə (sağdan ikinci)

Bloomberg-in yazdığına görə Prigozhin-in adamları artıq Liviya cəbhəsindədirlər.

Türkiyə Liviyada BMT tərəfindən dəstəklənən Tripoli hökumətini dəstəkləyir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir də Rusiya kimi Haftarın qüvvələrini dəstəkləyirlər.

Hər iki tərəf hücum dronlarından istifadə edir. BƏƏ Çin istehsallı Wing Loongs dronlarını, Tripoli hökuməti isə Türkiyə modellərini işlədir.

İki Qərb diplomatının dediyinə görə Wagner qrupunun adamları Haftarn ordusuna artilleriya dəstəyi verirlər.

Prigozhin və Saif al-Islam

Liviyanın daxili işlər naziri Fathi Bashagha sentyabrın 23-də ölkənin Əl-Əhrar telekanalına deyib ki, Haftar əvvəlcə Sudan əsgərlərindən istifadə edirdi. Onun sözlərinə görə sudanlılar uğursuzluğa düçar olandan sonra Haftar Wagner şirkətinə üz tutub.

Bloomberg yazır ki, Afrikanın ən böyük neft ehtiyatlarına malik Liviyada, Rusiya təkcə Haftarı dəstəkləməklə kifayətlənmir və həm də Kremllə dost olmuş diktatorun oğlu Saif al-Islam al-Qaddafi üçün siyasi lobbiçilik edir.

Məqalədə deyilir ki, ötən may ayında Prigozhin-ə bağlı iki Rusiya vətəndaşı Liviyadakı mümkün gələcək seçkilərə təsir etmək cəhdində şübhəli kimi həbs edilib.

Saif al-Islam 2011-ci ildə əsirlikdə
Saif al-Islam 2011-ci ildə əsirlikdə

Onların Prigozhin-in adamları ilə Saif al-Islam arasında görüşlər təşkil etdiyi iddia olunur.

Liviya rəsmilərinin ixtiyarında olan sübutlara görə bu iki rusiyalı Afrikanın başqa yerlərində də seçkilərə müdaxilə ediblər.

Saif al-Islam müharibə cinayətlərinə görə Beynəlxalq Məhkəmə tərəfindən axtarışa verilib.

Onun harada olması barədə məlumat verilməsə də, Liviya rəsmiləri diktator oğlunun ölkədə olduğunu bildirirlər. Bu da qeyd olunur ki, onun hərəkət sərbəstliyi məhdudlaşdırılıb.

Bloomberg yazır ki, Prigozhin-in muzdluları Tripoli ətrafında yerləşdirilməzdən əvvəl Haftarın Cufra bazasına gətirilmişdilər.

Baykar-Bayraktar

Tripolidə BMT tərəfindən dəstəklənən Milli Barışıq Hökuməti bildirib ki, bu muzdlulara sentyabrın 9-da dron hücumları da daxil, hava zərbələri endirilib.

Liviya, ərəb və Qərb rəsmiləri bildirirlər ki, Tripoli hökumətinin adından dron hücumlarını Türkiyə həyata keçirir.

"Bayraktar" dronlarından Ukrayna ordusu da istifadə edir
"Bayraktar" dronlarından Ukrayna ordusu da istifadə edir

Bu hücumlarda istifadə olunan dronlar Baykar Insansiz Hava Araci Sistemleri şirkəti tərəfindən təchizvə idarə edilir. Bloomberg yazır ki, şirkətin sahibi Türkiyə prezidenti Recep Tayyip Erdoğanın kürəkənin ailəsidir.

Türkiyə mənbələrindən isə məlum olur ki, burada söhbət Baykar Insansiz Hava Araci Sistemleri şirkətinin sahibi Selçuk Bayraktardan gedir.

O Erdoğanın qızı Sümeyyenin əridir.

Həm Bayraktar, həm də Türkiyə hökuməti bu xəbərlərə şərh verməkdən imtina ediblər.

Liviya 2011-ci ildən bəri BMT-nin silah embarqosu altındadır. Buna baxmayaraq, Türkiyə, Rusiya, BƏƏ, Misir və Fransa bu ölkədə gedən vətəndaş müharibəsində qarşı duran tərəflərə hərbi dəstək verirlər. ABŞ bu məsələdə müşahidəçi mövqeyi tutur.

Liviyaya dair beynəlxalq sülh konfransı gələn ay Berlində keçirilməlidir.

XS
SM
MD
LG