Moskva yanan gəmi barədə məlumatı niyə belə cidd-cəhdlə gizlədir?

Bu gəminin Loşarik olduğu iddia edilir

Kreml açıq şəkildə bildirib ki, iyulun 1-də göyərtəsində yanğın baş vermiş və 14 dənizçinin həyatına son qoymuş gəmi haqda heç bir məlumat verilməyəcək.

Moskva ümumiyyətlə “gəmi” sözündən yox, “dərin dəniz aparatından” danışır.

Putinin sözçüsü Dmitry Peskov Interfax agentliyinə bu barədə bütün məlumatların tamamilə məxfi olduğunu deyib.

Peskov bunu da deyib ki, dənizçilərin hansı tapşırığı yerinə yetirdikləri də açıqlanmayacaq.

Lakin rəsmi Moskvanın açdığı məlumatlar da var. Barents dənizində qəzaya uğradığı deyilən gəmidəki dənizçilərin Sankt Peterburqdan olduqları bildirilir.

Bu barədə məlumatı iyulun 3-də öz bloqunda şəhər qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Beglov yazıb.

Yanğın iyulun 1-də baş versə də, onun barəsində ilk rəsmi məlumat bir gün sonra, iyulun 2-də verilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə həlak olmuş dənizçilər yanma məhsulları olan qazlardan boğulublar.

Sirli Loşarik, yoxsa...

Bir sıra media qurumları söhbətin ehtimalən “Loşarik” adı ilə tanınan dərinlik sualtı qayığı – AS-12-dən getdiyini yazıb.

Rəsmi versiyaya görə bu gəmi okeanoqrafik tədqiqatlar üçün nəzərdə tutulub.

Qeyri-rəsmi versiyaya görə gəminin əsas funksiyası dərin sularda yerləşən rabitə kabellərinə və Rusiya donanmasını izləmək üçün qurulmuş stansiyara qarşı diversiya aktları törətməkdir.

Bu atom sualtı qayığı hələ sovet vaxtlarından tikilməyə başlansa da, suya yalnız 2003-cü ildə buraxılıb.

Buna da bax: Həlak olmuş dənizçilərə dövlət mükafatı veriləcək

Gəmi bircə dəfə də olsun foto və ya videoya düşməyib və deyilənlərə görə rusiya donanmasının ən məxfi və ən bahalı layihəsidir.

Lakin Rusiyanın hərbi dəniz donanması ilə yaxınlığı olan Baltspetsflot təşkilatının baş direktoru Andrey Shpigel öz mənbələrinə istinadən AzadlıqRadiosuna bildirib ki, yanğın Loşarikdə yox, başqa bir sualtı gəmidə baş verib.

Onun fikrincə içərisində 14 dənizçinin yerləşə biləcəyi dərinlik aparatı yoxdur. Məsələn standart “Mir” batiskafına iki nəfər güclə yerləşir.

Shpigel deyir ki, yanğın sualtı qayığın bölümlərindən birində baş verib. Belə hallarda alov gəmini saniyələr ərzində bürüyə bilər.

Ekspertin sözlərinə görə bu “çox xoşagəlməz, lakin kifayət qədər adi” bir haldır.

Sualtı gəminin bölümlərindən birində yanğın baş verərkən həmin bölümün ventilyasiyasısöndürülür və hermetik qapısı dərhal bağlanır. Bundan sonra həmin bölümdə olanlar ya yanğını söndürür, ya da həlak olurlar.

"Açıq medialar” nəşri Şimal Donanmasındakı iki mənbəyə istinadən qəzanın BK-64 “Podmoskovye” sualtı qayığında baş verdiyini yazıb.

Murmansk regionu, 2 iyul

Bu qədər zabit gəmidə nə edirdi?

Məqalədə deyilir ki, adı dəniz dibi ölçmələrini aparmaq birdən birə yeddi 1-ci ranqlı kapitana tapşırılmazdı.

“Morskoy bülleten – Sovfraxt” nəşrinin baş redaktoru Mikhail Voytenko AzadlıqRadiosuna deyib ki, onu maraqlandıran sualtı gəmi və onun heyətinin bu rayonda nə ilə məşğul olmasıdır:

“Biz nə bilirik? Bir tərəfdən bizə deyirlər ki, bu sualtı qayıq və ya dərinlik aparatı çox məxfidir, digər tərəfdən də israr edirlər ki, o dəniz dibinin biometrik ölçülərini götürürdü. Başqa bir məlumata görə bu gəminin tam heyəti yalnız zabitlərdən ibarət 25 nəfərdir. Belə olduğu halda onun bir bölümündə 14 dənizçinin olması təəccüb doğurur”.

Daha sonra Mikhail Voytenko deyib:

“Böyük bir ehtimalla, orada nəyi isə sınaqdan keçirirmişlər. Nəyi? Bu barədə bizim anlayışımız belə yoxdur. Çünki orada bir mülki şəxs də olub. Ola bilsin o hansısa institutun və ya sınaqdan çıxarılan mexanizmi buraxan zavodun nümayəndəsi olub. Biz yanğının səbəbini də bilmirik...”

Harda və nə vaxt?

Qəzanın dəqiq vaxtı və yeri də açıqlanmır. Severpost nəşrinin verdiyi məlumata görə iyulun 1-də gəminin su səthinə qalxmasını Kolsk körfəzinin çıxışında balıq tutan brakonyerlər görüblər.

Onların dediyinə görə sualtı qayıq iyulun 1-də, saat 21:30-da üzə çıxıb və ona bir hərbi, iki də yedək gəmisi yaxınlaşıb.

Müdafiə naziri Sergei Shoigu deyib ki, heyətin bir hissəsi sağ qalıb. Onun sözlərinə görə hərbçilər həmin vaxt gəmidə olan mülki sənaye nümayəndəsini yanan bölümdən çıxarıblar, bundan sonra lyuku bağlayıblar və son nəfəslərinədək yanğınla mübarizə aparıblar.

Ölənlər barədə nə məlumdur

Ölənlərdən yeddisinin 1-ci ranqlı kapitan, üçünün isə 2-ci ranqlı kapitan olduğu bildirilir. Bu rütbələr adi qoşunlarda polkovnik və podpolkovnik rütbələrinə bərabər tutulur. Onlardan ikisi Ruisya Qəhrəmanı idi.

Həlak olmuş kapitan Andrei Voznesenskinin kontr-admiral Vladimir Bederinovun kürəkəni olduğu deyilir.

Baza nəşrinin məlumatına görə Bederinov 13 il Sosnovı Bordakı Hərbi Dəniz Akademiyasına rəhbərlik edib.