Ruslar istirahətə Krımı qoyub niyə Türkiyəyə gedir?

Ruslar istirahət edir ("Nasha Russia" TV serialdan foto)

Türkiyə turizminin «hər şey daxil» sistemi rusları «yoldan çıxardıb»

Rusiya Türkiyəyə turist göndərmək qadağasını aradan qaldırdı. Qadağanın ləğvindən sonra Türkiyə yenidən rusiyalı turistlər arasında «dəbə minib». Rusiyanın turizm şirkətlərinin məlumatına görə, üç gün ərzində Türkiyədə dincəlmək istəyənlər əməlli-başlı basabas yaradıb.

İstanbul aeroportunda baş verən son terror aktı da Türkiyədə dincəlmək istəyənləri çəkindirə bilməyib. Ancaq Rusiya Turizm Şirkətləri Assosiasiyası hesab edir ki, Türkiyə ilk növbədə turistlərin təhlükəsizliyini təmin etməlidir.

2015-ci ildə Türkiyəyə 3,46 milyon rusiyalı turist gedib

Türkiyənin turizm bölgələrinin isti qumu, mavi dənizi, yüksək xidməti həmişə rusiyalı turistləri cəlb edib. Rəsmi statistikaya görə, 2015-ci ildə Türkiyəyə 3,46 milyon rusiyalı turist dincəlib. Bu, ümumilikdə xaricdə dincələn rusiyalı turistlərin 10 faizi deməkdir.

Rusiya Turoperatorlar Assosiasiyasının icraçı direktoru Maya Lomidzenin verdiyi məlumata görə, Türkiyəyə getmək üçün müraciət və sorğuların sayı hesabı yoxdur. Xərclərə gəldikdə, Maya Lomidze deyir ki, 3 ulduzlu «hər şey daxil» sistemli 1 həftəlik səyahətin qiyməti adambaşına 40 min rubla, təxminən 600 dollara başa gəlir. Bu mövsümdə Türkiyəyə dincəlməyə gedənlərin sayına gəldikdə, xanım Lomidze bildirib ki, əvvəlki illərdə olduğu kimi milyonlardan söhbət gedə bilməz: «Ancaq mövsümün sonuna – oktyabra qədər Türkiyəyə yüz minlərlə turist gedəcək».

Rusiyalı turistlər başqalarından fərqli olaraq təhlükəsizlik haqda daha az düşünür

Istanbulda baş verən son terror hadisəsindən sonra təbii olaraq Türkiyəyə gedənlərin sayında azalma olacağı haqda fikirlər səslənirdi. Rusiyalı turistlər isə başqa ölkələrin turistləri ilə müqayisədə təhlükəsizlik haqqında daha az düşünürlər. Bunu da Maya Lomidze söyləyir: «Təhlükəsizliklə bağlı heç olmasa kurortlardan təminat almaq lazımdır. Bizim turistləri çoxu isə belə fikirləşir ki, əgər Antalyada terror olmayıbsa, demək ora təhlükəsizdir».

Hərçənd həm Rusiya Xarici İşlər Nazirliyi, həm də prezident Putin son çıxışında təhlükəsizliyin təminatını başlıca amil kimi vurğulamışdılar.

Niyə Türkiyə?

Bəs, Türkiyə niyə rusiyalı turistlər üçün bu qədər cəlbedicidir? Rusiya Turoperatorlar Assosiasiyasının icraçı direktoru deyir ki, bu hər şeydən əvvəl təklif olunan yüksək xidmət, rahatlıqla bağlıdır. İlk növbədə Türkiyədə otellər geniş ərazilərdə yerləşir. Bu cür otellər ailələr üçün çox əlverişlidir. «All inclusive» («Hər şey daxil») sistemi qidalanmanı, əyləncəni ən yaxşı səviyyədə təqdim edir. Uşaqlar üçün əyləncə yerləri, həm balacalar, həm də böyüklər üçün rəngarəng proqramlar ailə ilə istirahətə gedənlərə əl verir. Ruslar son vaxtlar Türkiyəyə qarşı televiziya ekranlarından səslənən «Türkiyə Rusiyanın yeni düşmənidir» fikirlərini də veclərinə almırlar. Çünki dincəlmək istəyən adam üçün istirahət olduqca qiymətlidir.

Bəs, Krım nə olacaq?

Türkiyənin istirahət zonalarının qapısı rusiyalı turistlər üçün yenidən açılandan sonra Rusiyada bu sual da çox narahatlıq yaradıb: Bəs, görəsən Krımın kurortlarının taleyi necə olacaq? Axı indiyə qədər Krım kurortlarında dincəlmək təbliğ olunurdu. Maya Lamizde deyir ki, Krım kurortları təbliğ olunub. Ancaq Krım heç vaxt Türkiyə kurortlarına alternativ sayıla bilməz. İstirahət etmək istəyən turist Türkiyənin əlverişli turizm bölgələrini qoyub Krıma getməz. Çünki Türkiyənin istirahət zonaları bu seqmentdə liderdir. Ona görə də indi turistlərin Türkiyəyə getməsi Krımdakı vəziyyətə heç bir təsir göstərməyəcək. Krım kurortlarındakı aşağı xidmət və bahaçılıq da ora gedənləri çox narazı salıb. Moskva sakini Varvara Kostina deyir ki, onun Krımda qaldığı otelin hamamının kafelləri sınıb dağılıbmış. Yeməkləri dadsız, yataq dəsti yamaqlıymış. Həm də istirahət ona çox baha başa gəlib. Kostina deyir ki, o əvvəllər də Krımda olub. Ancaq keçən ilə nisbətən qiymətlər 3 dəfə bahalaşıb. Məsələn, mövsümü olmasına baxmayaraq çiyələyin, gilasın qiyməti bahaymış: «Nəqliyyat da xeyli baha idi. Uşaqlar üçün olan əyləncələr də, atraksionlar da cibimizə uyğun olmadı. Ancaq keçən il qiymətlər bundan xeyli ucuz idi».

Siqaret kötükləri, palçıq, nəcis...

İstirahət üçün Krıma gedənlər çimərliklərin də çirkli olduğun deyir: «Siqaret kötükləri, palçıq, nəcis... bunlar tez-tez görmək olurdu. Onlar hələ indi-indi dərk eləməyə başlayırdılar ki, ətraf səliqəli olmalıdır, çətirlər qurulmalıdır, kölgəliklər salınmalıdır. Təmizlik isə sıfır idi».

Xidmətə gəldikdə isə xanım Kostina deyir ki, Krımdakı xidmət keçən il dincəldiyi Türkiyədəki otellə müqayisə oluna bilməz: «Neçə gündə otağı cəmi bir dəfə yığışdırdılar. Divarlar mismar vurulmaqdan deşik-deşik idi. Yeməkdən danışmağa dəyməz. Boşqaba üç dilim yağ qoyurdular. Bu dilimlər hər gün get-gedə azalırdı. Çay bilmirsən nə rəngdəydi... Mən həmin çay dolu fincanı götürüb administratorun yanına getdim. Dedim ki, siz belə çayı içə bilərsiniz? Bundan sonra çayı yaxşı dəmləməyə başladılar. Onlara deyirdim ki, bunu nə Putin eləyəcək, nə də Poroshenko. Bunu siz eləməlisiniz».