Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:58

«Rus turistlər çarəsizlikdən Azərbaycanı seçirdilər»


Turistlər
Turistlər

Ötən ilin noyabrında Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Ankara-Moskva əlaqələri, az qala, sıfırlanmışdı. Rəsmi Kreml bir sıra türk mallarına, özəlliklə kənd təsərrüfatı məhsullarına qadağa qoymuşdu. Bəzi kəsimlər bunu Azərbaycana fürsət sayaraq, daha çox yerli məhsulun Rusiya bazarına çıxarılacağını proqnozlaşdırırdı. Türkiyə-Rusiya münasibətlərinin əvvəlki tutumda bərpa ediləcəyi indiki durumda sual doğur: Azərbaycan fermeri, bütövlükdə sahibkarları ötən ilin noyabrından – təyyarə vurulandan bu yana, Rusiya bazarında yeri tuta bilmişdimi?

RUSİYAYA İXRACAT ARTIB?

Rəsmi Bakının mövqeyi belədir ki, Ankara-Moskva münasibətlərinin normallaşması Azərbaycanla Rusiyanın ticarət dövriyyəsinə mənfi təsir göstərməyəcək.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiyaya ixracatın artdığını deyib: «Düşünürəm ki, əskinə, qonşularımız arasında münasibətlərin normallaşması bizə də müsbət təsir edəcək. Bilirsiniz ki, bizim hər iki ölkə ilə münasibətlərimiz olduqca yüksək səviyyədədir. Bunun nəticəsidir ki, hər iki ölkə ilə ilbəil ticarət dövriyyəmiz artır. Bilirsiniz ki, məhsullarımızın yüksək keyfiyyəti onlara Rusiyada tələbatı artırır. Bu ölkəyə ixracatımız çoxalmaqdadır».

Ancaq Dövlət Gömrük Komitəsinin (DSK-nın)rəqəmləri İqtisadiyyat Nazirliyi rəsmisinin sözlərini təsdiqləmir. Komitənin məlumatına görə, ötən 5 ayla müqayisədə Rusiyaya ixracat 6 faiz azalıb.

«İKİ MƏSƏLƏDƏ POZİTİV TƏSİR ETMİŞDİ»

İqtisadçı ekspert Natiq Cəfərli pisləşən Türkiyə-Rusiya münasibətlərinin Azərbaycana 2 məsələdə pozitiv təsir göstərdiyini düşünür: «Birincisi, Azərbaycan kənd təsərrüfatı mallarının Rusiya bazarına girişi asanlaşmışdı. Bəzi iş adamları da türk malını, əsasən, pomidoru bizim yerli istehsal kimi Rusiya bazarına çıxarırdı. İkincisi, Rusiyadan gələn turistlərin sayında, az da olsa, artım vardı».

Ekspert münasibətlərin normallaşmasını hər baxımdan yaxşı hal sayır, amma bəzi mənfi təsirlərdən də yan ötmür: «Türkiyəyə çox ciddi pozitiv təsirləri olacaq, amma Azərbaycana təsirsiz də ötüşməyəcək. Həm Türkiyə mallarını bizim üzərimizdən Rusiya bazarına çıxaran iş adamları uduzacaq, həm də yerli meyvə-tərəvəz istehsalçılarımızın Rusiya bazarında rəqabət qabiliyyətiazalacaq. Axı Türkiyə malları qiymətcə daha ucuz və görünüş olaraq daha cəlbedicidir».

N.Cəfərlinin fikrincə, gələn turistlərin sayında da azalma olacaq: «Çünki illərdir Türkiyədə yaxşı servisə və ucuz qiymətə öyrəşmiş rus turistləri Azərbaycanı çarəsizlikdən seçirdilər».

XS
SM
MD
LG