-
2014-cü ilin payızında Saatlının Nərimankənd kəndində torpağa səpilən toxumdan sünbüllə yanaşı, sonu görünməyən mülki mübahisə də «cücərib». Bələdiyyə mülkiyyətində olan 5 hektarlıq torpaq sahəsini əkməyə iki iddiaçı olub. Onlardan birincisi yeri şumlasa da, sonradan ikinci şəxs səpin aparıb. Toxum cücərib, sünbüllər dən bağlayıb. Amma səpini aparan şəxsə qəfildən xəbər çatıb ki, rəqibi zəmini biçib, dəni sahədən daşıyıb.
2015-ci ilin iyununda xırmanda başlanan «dava» hüquq müstəvisinə keçsə də, tərəflərin hər ikisini razı salacaq şəkildə həllini tapmayıb. Rayon prokurorluğu neçənci dəfədir ki, bu işi çözməyə çalışır. Artıq işdən iş çıxıb. Taxıl tələb edən şikayətçi ailənin üzvləri yerli icra hakimiyyətinin inzibati binasında da fiziki zorakılığa məruz qaldıqlarını bildirirlər.
«TORPAĞI MƏNƏ SƏNƏDSİZ VERİBLƏR»
Nərimankənd kəndinin sakini Vaqif İsgəndərov mübahisələndirilən torpaq sahəsinin ona Saatlı Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə verildiyini deyir:
«Sıraqəddin müəllimin qəbulunda olarkən taxıl əkini aparmaq üçün kənddən əlavə yer ayrılmasını xahiş etmişdim. İcra başçısının göstərişi ilə kəndin icra nümayəndəsi və bələdiyyə sədri mənə 5 hektarlıq şumlanmış yer ayırdılar. Torpaq sahəsinin icarəmə verilməyi barədə sənəd təqdim olunmadı. Subsidiyanın bir hissəsini qeyri-rəsmi şəkildə yerli icra nümayəndəsi verdi. Yəni adıma plastik kart işlənməyib».
«SƏPİN APARILAN SAHƏNİ POLİSLƏR MALALATDIRDI»
Vaqif İsgəndərova verilən torpaq sahəsi başqa şəxsin icarəsində olub. Adam həm yerin, həm də orada yetişən məhsulun qanuni sahibi olduğunu iddia edib:
«Torpağın istifadəçisinin mənə əvvəldən 170 manat borcu vardı. Bu borcu yeri şumlamağının haqqı ilə əvəzləmək istədim. Həmin vaxt o adam barəsində cinayət işi açılmışdı, istintaqdan yayınmaq üçün qaçıb getmişdi Rusiyaya. Oğlu sinəsini qabağa verdi ki, yeri sənə verən deyiləm. Şikayət edəndə də icra məmurları deyirdilər ki, yer sənindir.
Ailə üzvlərimin əlillik pensiyalarının təminatı ilə bankdan kredit götürüb toxumluq buğda aldım. Səpini əllə apardım. Yerin 3 hektarını malalatdırmışdım ki, qarşı tərəfin adamları gəldilər sahəyə. Qalan 2 hektarda bu işi görməyə imkan vermədilər. Əraziyə Saatlı RPŞ-nin əməkdaşları gəldi. Halım pisləşdiyindən polislər məni evə göndərdilər. Dedilər, yerə özümüz mala çəkdirəcəyik. Elə də etdilər».
DƏNİ APARIBLAR, ÖZÜNÜ DÖYÜBLƏR, ÜSTƏLİK BORCA DA DÜŞÜB?
Əsil həngamə taxıl yetişən vaxt qopur. Vaqif İsgəndərov bildirir ki, isti iyun günü sahəyə baş çəkərək günorta vaxtı evə qayıdıb. Axşamüstü ona xəbər gəlib ki, rəqibi zəmini biçib, 16 ton dəni də sahədən daşıyıb aparıb. Elə həmin gündən vətəndaşın yerli və mərkəzi icra hakimiyyəti orqanlarına şikayəti başlayıb. Deməsinə görə, bir dəfə onun özünü döyüblər, bir neçə gün əvvəl isə həyat yoldaşına qarşı fiziki zorakılıq olub. Bu yandan da bank işçiləri tez-tez qapısına gəlib ondan krediti qaytarmağı tələb edirlər.
İCRA VƏ BƏLƏDİYYƏ RƏSMİLƏRİNDƏN FƏRQLİ MÖVQE
Nərimankənd bələdiyyəsinin sədri Qədir Ağayev həmkəndlisinə torpaq ayırdığını və bu barədə hüquqi sənəd tərtib olunmadığını təsdiqləyir. Amma onu da bildirir ki, Vaqif İsgəndərova verilən torpaq hazırda mübahisələndirilən yer olmayıb:
«Bələdiyyə torpaqları icarəyə hərrac yolu ilə verilir. Amma Vaqif kişiyə verdiyimiz yer «şərti yararsız torpaq» olub. Söz vermişdi ki, öz hesabına planlama işi aparıb, onu əkinə yararlı vəziyyətə gətirəcək. Amma bu adam öz yerini qoyub, gedib başqasının şumlanmış yerini əkib».
Kənd icra nümayəndəsi Atamoğlan Əliyev isə bildirir ki, Vaqif İsgəndərovun iddia etdiyi yerdə səpin apardığını bir kimsə görməyib. Ona verdiyi pul isə subsidiya yox, maddi yardım olub:
«Onun qardaşı vəfat edib, uşaqları hazırda Vaqifin himayəsindədir. Özü də xəstədir. Mən, bələdiyyə sədri və qeyriləri öz aramızda pul toplayıb ona verdik ki, evinə çörək alsın. Yerin sahibi də ona 1-2 ton buğda təklif etmişdi. Amma götürmədi. Bu adamın iddiası böyükdür».
PROKURORLUQ BAŞ VERƏNLƏRİ CİNAYƏT HESAB ETMƏYİB
Vaqif İsgəndərovun şikayətinə Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Nurəli Məmmədov belə cavab verib:
«Saatlı rayon polis şöbəsinə daxil olmuş eyni məzmunlu müraciətiniz üzrə araşdırma aparılaraq izahatlar toplanılıb. Sorğular verilib və bir sıra digər zəruri hərəkətlər icra edilib. Aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilməyib. Odur ki, 17 iyul 2015-ci il tarixdə toplanan material işə alınıb. Sizə vurulmuş maddi ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnuz var».
Hazırda Saatlı Rayon Prokurorluğu Vaqif İsgəndərovun həyat yoldaşı Teybikə İsgəndərovanın Saatlı Rayon İcra Hakimiyyətinin akt zalında fiziki zorakılığa məruz qalması ilə bağlı şikayətini araşdırır. 62 yaşlı qadın iddia edir ki, icra başçısının göstərişi ilə inzibati binanın mühafizə edən polis əməkdaşı onu yıxıb-sürüyüb və qolundan xəsarət yetirib. Saatlı Rayon İcra Hakimiyyəti isə bunu təkzib edir.