-
8 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur azadlığa çıxıb. O dünən yerli vaxtla axşam saat 10-da İranın ciddi rejimli “Evin” həbsxanasından buraxılıb. Səidin ailə üzvləri AzadlıqRadiosuna deyib ki, o indi öz evində Zəncandadır.
Səid Mətinpur 2007-ci ildə saxlanıb. 2008-ci il iyunda Tehran İnqilab Məhkəməsi onu 8 il azadlıqdan məhrum edib. Səid Mətinpur xaricilərlə əməkdaşlıq edərək, İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib. Cəzasının 7 ilini paytaxt Tehran şəhərində işgəncələri və ağır cəza üsulları ilə ad çıxaran “Evin” həbsxanasında çəkib.
Səid Mətinpur həbsini fəaliyyəti ilə əlaqələndirib. O İran Azərbaycanında insan haqları müdafiəsi, ana dilinin təəssübkeşi, İranda Azərbaycan dilində dərc olunan həftəlik “Yarpaq” dərgisində məqalələr yazırdı.
«Amnesty International» və digər beynəlxalq insan hüquqları təşkilatı Səid Mətinpurun insan haqlarının bərpasını tələb etdiyini bildirərək, onu vicdan dustağı elan etmişdi.