Dünya Rusiyanın Ukraynaya qarşı apardığı işğal müharibəsinə son qoymaq üçün aparılan danışıqları izləyərkən, iki Mərkəzi Asiya ölkəsi sərhəd mübahisəsini keçmişdə buraxmaq üçün sakitcə çalışır. Qırğızıstan və Tacikistan arasındakı bu uzunmüddətli sərhəd mübahisəsi bəzən qanlı toqquşmalara da səbəb olub.
Qırğızıstan və Tacikistanın təxminən min kilometrlik sərhədi ilə bağlı razılaşmasını hər iki ölkənin prezidenti "tarixi razılaşma" adlandırır. Bu, təkcə mübahisənin erkən Sovet dövrlərinə – hər iki ölkənin faktiki olaraq Moskvanın nəzarətində olduğu vaxta qədər uzanması ilə bağlı deyil.
Əksinə, bu nailiyyətin miqyası ondan ibarətdir ki, cəmi üç il əvvələ qədər sərhədin yarısı mübahisəli idi. 2021 və 2022-ci illərdə iki ölkə arasında baş verən ən ağır toqquşmalarda onlarla insan həlak oldu və bu toqquşmalar hər iki xalqın kollektiv yaddaşında dərin iz buraxdı.
İkinci toqquşmadan bir neçə həftə sonra Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşdə Tacikistan prezidenti Emomali Raxmon və onun qırğız həmkarı Sadır Japarov hətta bir-birinin əlini də sıxmadılar. Putin isə bu məsələyə, demək olar ki, maraq göstərmirdi.
Lakin martın 12-də Raxmon Qırğızıstanın paytaxtı Bişkekə endikdən sonra iki lider arasında həm uzun bir əl sıxışması, həm də üç qucaqlaşma oldu. Onu ənənəvi rəqqaslar və musiqiçilər qarşıladı, şəhərdə isə onun şəklini əks etdirən və "Zati-aliləri"ni ən səmimi ifadələrlə salamlayan bilbord yerləşdirilmişdi.
İki lider ertəsi gün - martın 13-də sazişi imzaladılar, bu ölkələri birləşdirən iki sərhəd keçidi təxminən dörd ildən sonra ilk dəfə yenidən açıldı.
Hər iki parlamentdə bu razılaşmanın ratifikasiyasının formal bir prosedur olacağı gözlənilsə də, Qırğızıstanda bəzi narahatlıq əlamətləri müşahidə olunur. İndi əsas sual budur: su qıtlığı yaşanan və sıx məskunlaşılmış bu bölgədə uzun illər əziyyət çəkən icmalar üçün həyat necə dəyişəcək?
Sizin brauzer HTML5-i dəstəkləmir
Kyrgyz-Tajik Border Reopens After Presidents Sign Historic Deal
Boşluqların aradan qaldırılması
2021-ci ilə qədər sərhəddə, əsasən, kiçik insidentlər baş verirdi. Bəzən qırğız və tacik icmaları arasında sərhəd pozuntusu və su resurslarına çıxış məsələləri ilə bağlı gərginlik yaranır, bu isə iki ölkənin gənc sərhədçilərini düşmənçiliklə dolu qarşıdurmalara sürükləyirdi. Lakin bu insidentlər sadəcə atışmalarla məhdudlaşırdı.
2021 və 2022-ci ildəki münaqişələrdə ağır artilleriyadan və xaricdə istehsal olunmuş dronlardan - Qırğızıstan Türkiyə istehsalı olan "Bayraktar"lar əldə etməsi ilə öyünürdü - istifadə edilməsi mübahisənin gərginliyini və itkilərin sayını artırdı.
2022-ci ildə dörd gün davam edən münaqişə zamanı təkcə Qırğızıstanda 100 mindən çox insan evindən didərgin düşmüşdü. Nyu-Yorkda yerləşən "Human Rights Watch" təşkilatı bu qarşıdurmaya dair hesabatında hər iki tərəfin müharibə qanunlarını ciddi şəkildə pozduğunu bildirmişdi.
Bütün bu hücumlarda onlarla mülki vətəndaş həlak olub.
İndiyədək razılaşmaya dair məlumatlar, əsasən, Qırğızıstandan gəlib, çünki burada rəsmi şəxslər danışmağa daha çox meyllidir.
Keçən ay parlamentdəki müzakirədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev deyib ki, fevralın 21-də protokolun imzalanması üçün tacik həmkarı Saymuddin Yatımov ilə apardığı danışıqlar "çox çətin" olub. Onun sözlərinə görə, Tacikistanın faktiki olaraq Qırğızıstan ərazisi ilə əhatə olunmuş Vorux kəndi yaxınlığında Tacikistana ayrılmalı olan otlaq sahələrinin ərazisi məsələsi mübahisə yaradıb.
Başqa faktor isə cəmi 20 metr uzunluğunda olan strateji körpünün statusu olub. Bu körpü Qırğızıstanın cənub-qərbindəki Batken vilayətinin iki rayonu arasında maneəsiz hərəkəti təmin edir.
Taşiyevin sözlərinə görə, bu məsələnin Qırğızıstanın xeyrinə həll olunması altı ay vaxt alıb.
Tacik-qırğız sərhədində torpaq mübadiləsi.
Dostluk kəndi
Taşiyev bildirib ki, Qırğızıstan həmçinin Tacikistanı 1920-ci illərə aid xəritələrdən istifadə etməməyə inandırmağa müvəffəq olub. Bu dövr Mərkəzi Asiyada Stalinin sərhəd çəkilişlərinin zirvəyə çatdığı vaxt idi. Həmin xəritələrin danışıqlarda istifadəsi istənilmirdi.
Lakin Bişkek də kifayət qədər böyük güzəştlərə gedib. "Dostluq" kimi tərcümə olunan Dostuk kəndi buna misaldır. Razılaşmaya əsasən, bu qırğız kəndi Tacikistana verilib.
Qırğızıstan parlamentində millət vəkili Sultanbay Ayjiqitov bildirib ki, bu addım Tacikistanı uzun müddətdir ardıcıl olaraq izlədiyi məqsədinə bir addım daha yaxınlaşdıracaq. Bu məqsəd isə tacik hökumətinin heç vaxt "eksklav" olaraq qəbul etmədiyi Vorux ərazisini Tacikistana birləşdirməkdən ibarətdir.
"Əgər (bu razılaşma əsasında) yalnız yol neytral olsaydı, torpaq isə bizdə qalsaydı, bu, başqa məsələ olardı", - Ayjiqitov bildirib. O əlavə edib ki, bu razılaşma Vorux və onun 40 mindən çox sakininə fayda gətirib.
Deputat Ayjiqitov daha sonra hökumətyönlü "Yiman Nuru" partiyasından xaric edilib. Partiyanın lideri Dinara Aşimova deyib ki, deputatın şərhləri partiyanın xəttini əks etdirmir.
Qırğızıstan prezidenti Japarov isə dövlət mediasına açıqlamasında deputat Ayjiqitovu demaqoqluqda ittiham edib.
Bəs Dostukda yaşayan 70-ə yaxın ailə haqqında nə demək olar?
2021-ci ildə kənddə onlarla ev dağılıb, 2022-ci ildə baş verən ikinci toqquşmada isə kənd daha çox zərər görüb.
Bununla belə, həm evlər, həm də mühüm sosial infrastruktur yenidən qurulub.
Bujum kəndindəki hər ailəyə daha çox torpaq verilməsi tələbinə Batken vilayətinin qubernatoru Aybek Şamenovun qəzəblə cavab verməsindən sonra Dostuk sakinləri ilə Şamenov arasında danışıqlar gərginləşib. Bundan sonra prezident Japarov qubernatoru tənbeh edib, Şamenov isə üzr istəyərək Dostuk sakinlərinə əlavə torpaq veriləcəyinə söz verib.
Qırğızıstanın Kok-Taş kəndindən Qolovnoy suburaxıcı qurğusunun görünüşü
Suyun bölgüsü, ticarətin artması
Razılaşma ilə bağlı hər hansı narazılığın qarşısını almaq ratifikasiyadan əvvəl Qırğızıstan hökumətinin əsas prioritetlərindən olacaq. Bu sahədə hökumətin bir qədər təcrübəsi var.
2022-ci ildə Özbəkistanla nəzəri cəhətdən daha az mübahisəli sərhəd razılaşmasına qarşı etirazlar Japarov rejiminə qarşı ilk real çağırış oldu. Bu etirazlardan sonra rejim açıq şəkildə avtoritar bir xarakter alıb.
Ölkədə siyasi müxalifətə yeni "qırmızı xətt" göstərilib, onlarla etirazçı həbs olunub.
Tacikistanda sərhəd razılaşması kimi bir məsələyə görə hakim Raxmon ailəsinə meydan oxumaq, demək olar ki, mümkünsüz görünür. Son 10 ildə ölkədə siyasi müxalifət tamamilə məhv edilib.
Lakin Mərkəzi Asiyada dərinləşən avtoritarizm bir tendensiya olsa da, region ölkələri arasında əməkdaşlığın artan önəmi daha müsbət bir tendensiyadır. Maraqlı nüans odur ki, bu yaxınlaşma xarici kömək olmadan baş verir.
Neytral ərazidə "neytral yollar" ilə yanaşı, Qırğızıstan-Tacikistan sərhəd müqaviləsi Qırğızıstanın Ak-Suu, Tacikistanın isə İsfara çaylarından su götürən Qolovnoy suburaxıcı qurğusundan suyun birgə istifadəsi üçün zəmin yaradıb.
Taciklər və qırğızlar artıq şlüzdan suyu paylaşırlar. Halbuki bu məsələ 2021-ci il üçgünlük sərhəd müharibəsi zamanı mübahisə mənbəyi olmuşdu.
Bu və digər ortaq infrastrukturun praktikada necə idarə olunacağını zaman göstərəcək.
Hər iki ölkənin düşmənlikdən dostluğa keçidinin martın 31-də Tacikistanın Xucand şəhərində Özbəkistanın da iştirakı ilə keçiriləcək üçtərəfli sammitdə daha da möhkəmlənməsi gözlənilir.
Özbəkistan bir vaxtlar hər iki ölkə üçün qorxulu qonşu olub.
Bu vəziyyət prezident Şavkat Mirziyoyevin mərhum İslam Karimovu əvəz etməsindən sonra tamamilə dəyişib. Prezident Mirziyoyev ətrafına təhdidlər deyil, fürsətlər prizmasından yanaşıb və öz ölkəsinin sərhəd mübahisələrini tez bir zamanda həll etməyə çalışıb.
Yazı AzadlıqRadiosunun əməkdaşı Kris Rikleton və radionun Qırğızıstan xidməti tərəfindən hazırlanıb.