Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 02:43

HRW Qırğızıstan-Tacikistan sərhəd toqquşmalarında ‘hərbi cinayətlər’dən danışır


Qırğızıstanlı əsgər təlimdə
Qırğızıstanlı əsgər təlimdə

Ötən ilin sentyabr sərhəd toqquşmalarında həm Qırğızıstan, həm də Tacikistan qüvvələri müharibə qanunlarının ciddi pozuntularına yol verib. Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı mayın 2-də açıqladığı hesabatda bildirir.

Hesabatda 100-dən çox mülki vətəndaş və hərbçinin həlak olması, mülki avtomobillərə və təcili yardım maşınlarına hücumlar, hərbi qüvvələr tərəfindən qanunsuz qətllər, evlərə, mülki infrastruktura hücumlar sadalanır.

HRW hər iki ölkənin hərəkətlərinin “hərbi cinayətlərə bərabər” sayıla biləcəyini bildirir.

Tövsiyələr

Təşkilat hər iki ölkənin hökumətlərinə tövsiyələr də verib. Tövsiyələrdə deyilir ki, günahkarlar məsuliyyətə cəlb olunmalı, hər iki ölkə silahlı qüvvələrinə münaqişə zonalarında beynəlxalq humanitar hüququn tətbiqiylə bağlı təlim keçməlidir.

89 səhifəlik hesabat şahidlərin, qurbanların müsahibələri, tibbi sənədlər, peyk şəkillərinin təhlili, videoların dəqiqləşdirilməsi, lazerlə idarə olunan bomba hücumunun təsirini müəyyənləşdirmək üçün 3D modelləşdirməsinə əsaslanır.

Hər iki tərəfdən beşi uşaq olmaqla 37 mülki şəxsin öldürüldüyü, 36-nın isə yaralandığını deyilir. Ancaq media xəbərləri və rəsmi siyahıları nəzərə alanda ümumilikdə 51 dinc sakinin öldürüldüyünü, 121 nəfərin yaralandığını demək olar, HRW bildirir. Hərbi heyət arasında itkilər buraya daxil deyil.

Hücumu kim başlayıb

Hesabatda sentyabr münaqişəsinin kim tərəfindən başladığı ilə bağlı yekun nəticə yoxdur.

Münaqişədən bir neçə gün sonra BMT Baş Assambleyasında çıxış edən Qırğızıstan prezidenti Sadır Japarov Tacikistanın Qırğızıstana “hücum” etdiyini deyib. Tacikistan Xarici İşlər Nazirliyi isə bunun əksini iddia edib.

HRW-nın münaqişə və böhran üzrə tədqiqatçısı Jan Baptist Qallopin (Jean-Baptiste Gallopin) hesabatın açıqlanmasından öncə AzadlıqRadiosuna müsahibəsində deyib: "Ordu istər hücum etsin, istərsə də müdafiə olunsun, müharibə qanunlarını pozmamalıdır".

HRW sentyabrın 16-sı, qarşıdurmaların üçüncü günü, pozuntuların daha çox olduğunu bəyan edib. Həmin gün Qırğızıstan qüvvələri, sərhəddəki Ovçi Kalaça şəhərinin mərkəzi meydanına çatan Tacikistan qüvvələrinə lazerlə idarə olunan bomba atıblar. Bayraktar TB-2 pilotsuz uçan aparatı vasitəsilə atılan partlayıcı cənazə mərasimindən sonra yerli əhalinin məscidə toplaşdığı zaman partlayıb. Nəticədə 10 nəfərin öldüyü və 13 nəfərin yaralandığını bildirilir.

Həmin gün tacikistanlı əsgərlər döyüşlərdən qaçan qırğızıstanlı mülki şəxslərin olduğu avtomobilləri dəfələrlə atəşə tutub.

Təcili yardım maşını atəşə tutulub

Tacikistanın Çorboq kəndi yaxınlığındakı körpüdə təcili yardım maşınına və mülki insanları daşıyan şəxsi avtomobilə hücumda dörd uşaq və iki tibb işçisi də daxil olmaqla 10 nəfər həlak olub. HRW atəşin 110 km-lik məsafədə yerləşın Dostuk qırğız kəndindən açıldığını müəyyənləşdirib.

Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə əsasən, təcili yardım maşınlarına qarşı qəsdən hücumlar, müharibə cinayəti hesab edilir.

Sentyabrın 16-da Tacikistan qüvvələri, tacikcə danışan, mülki geyimli şəxslərin müşayiətilə sərhəddəki qırğız kəndlərinə daxil olublar. Qısamüddətli işğal zamanı azı altı mülki şəxs öldürülüb.

970 kilometrlik Qırğızıstan-Tacikistan sərhədinin demək olar ki, yarısı hələ çəkilməyib. Qırğızıstan prezidenti Japarov aprelin 17-də demarkasiyada irəliləyişin “yavaşladığını” deyib. O, irəliləyişin olmamasına görə Tacikistanı 1924-cü il xəritəsinə istinad etməsini göstərib. Tacikistan danışıqların gedişi ilə bağlı heç bir açıqlama verməyib.

HRW-dan Qallopin deyir: "Sərhədin hər iki tərəfində yaşayan insanlarla müsahibələr göstərdi ki, yerli əhali bu dəhşətli münaqişələrdən yorulub və həqiqətən də sülhə can atırlar”.

XS
SM
MD
LG