Toyvo Klaar: 'Azərbaycanın qarşılıqlı fəaliyyətini gözləyirik'

Toyvo Klaar

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar "Turan" agentliyinin suallarını cavablandırıb. Həmin müsahibəni müəyyən ixtisarlarla təqdim edirik.

- Avropa İttifaqı (Aİ) Ermənistan sərhədinə monitorinq üzrə 40 ekspert göndərir. Bu, ekspertlərin son sayıdır, yoxsa arta bilər? Əgər artacaqsa, nə zaman?

- Həqiqətən, 2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabatlılığı üçün Azərbaycanla beynəlxalq sərhədin erməni tərəfi boyunca monitorinqi üzrə 40-dək ekspertinin yerləşdirilməsi barədə qərarı təsdiqləyib.

Avropa İttifaqının müşahidə imkanlarının tətbiqi ilə bağlı bu qərar oktyabrın 6-da prezident Əliyev (Azərbaycan), baş nazir Paşinyan (Ermənistan), prezident Makron (Fransa) və prezident Mişel (Avropa İttifaqı Şurası) arasında keçirilmiş dördtərəfli görüşdən və Avropa İttifaqı Siyasət və Təhlükəsizlik Komitəsinin 11 oktyabr qərarından sonra qəbul edilib.

Beləliklə, monitorinq üzrə 40 ekspertin sayı Avropa İttifaqı üzv dövlətləri ilə razılaşdırılmış yeganə rəsmi rəqəmdir. Hazırda müvafiq təlim keçən bu mütəxəssislərin gələn həftədən, oktyabrın 24-dən yerləşdiriləcəyini gözləyirik.

Buna da bax: Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?

- Monitorinqin qaydalarını və xarakterini izah edə bilərsinizmi? Nəticələr barədə kimə hesabat veriləcək?

- Yaxın həftələrdə Ermənistan-Azərbaycan sərhədinin erməni tərəfində keçirilməli olan monitorinq müvəqqəti xarakter daşıyır. Bunu Avropa İttifaqı rəsmiləri açıq şəkildə bildiriblər. Həmçinin iki aylıq müddət göstərilib. Bu monitorinq, əsasən, yol-patrul və yerlərdə müşahidə vasitələri ilə həyata keçiriləcək. Avropa İttifaqının müşahidəçiləri tərəflərə yox, birbaşa Brüsseldə mənzil-qərargaha tabe olacaq.

- Sizcə, monitorinq yalnız erməni tərəfdə aparılsa, nəticələr faydalı ola bilərmi?

- Müşahidəçilər erməni tərəfdə Ermənistan hakimiyyətinin Avropa İttifaqının ali nümayəndəsi Josep Borrelə göndərdiyi 22 sentyabr 2022-ci il tarixli müvafiq sorğuya əsasən yerləşdirilir.

Praqada liderlər həmçinin Azərbaycan tərəfdə mümkün yerləşdirmə və hərəkətləri müzakirə ediblər. Prezident Əliyev açıq şəkildə işarə edib ki, Bakı bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa hazırdır. Biz Azərbaycanın missiya üzvlərinin Azərbaycan tərəfdə fiziki iştirakı olmadan yerlərdə müvafiq subyektlər arasında təmaslar vasitəsilə qarşılıqlı fəaliyyətini gözləyirik. Ümid edirik ki, bu missiya həm də tərəflər arasında inamın yaradılması məqsədinə xidmət edəcək.

Buna da bax: Azərbaycan ATƏT missiyasını qəbul etmir

- Sizə elə gəlmirmi ki, sərhədlərin monitorinqi onların demarkasiyasından sonra başlamalıdır?

- 1991-ci il Almatı Bəyannaməsində qeyd olunan sərhəd var ki, onu imzalayanlar, o cümlədən Ermənistanla Azərbaycan bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü tanıyıblar. Söhbət Ermənistan SSR və Azərbaycan SSR arasında mövcud olmuş sərhəddən gedir.

Həmçinin Ermənistanla Azərbaycanın başladığı delimitasiya və demarkasiya prosesi var ki, bu da sərhəd xəttində müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Lakin bu proses başa çatana qədər sərhədə de-fakto mövcud olduğu şəkildə hörmətlə yanaşmaq lazımdır.

Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra tərəflər arasında zorakılığın ən ölümcül şəkildə gərginləşməsindən sonra baş tutub. Bu, hər iki tərəfdən çoxlu lazımsız qurbanların olduğu bir sıra toqquşmalardan sonuncusu idi. Ümid edirik ki, missiya yerlərdə sabitliyə, eləcə də tərəflər arasında sərhədlərin yekun delimitasiyası üzrə danışıqlara əlverişli şəraitin yaradılmasına töhfə verəcək.

Buna da bax: Azərbaycan prezidenti: 'Bizim tərəfimizdən bu cəhdlər rədd edildi'

Azərbaycan Prezidentinin dedikləri

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında bu məsələyə toxunmuşdu. Onun sözlərinə görə, oktyabrın 6-da bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub: "Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı iki ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi".

Ötən ay, sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Azərbaycan 80, Ermənistan isə 200-dən çox hərbçi itirdiyini açıqlamışdı. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbçilərinin onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.