Türkiyədə kitab bahalanır

2021-ci ildə orta qiyməti ən çox artan məhsul kağız olub – 168 faiz

Türkiyənin çap sənayesi idxalatdan asılı olduğundan milli valyuta məzənnəsinin sürətlə düşməsi bu sektoru böyük bir böhrana məruz qoyub. Çap sənayesi təmsilçiləri ciddi bir çıxış yolu tapılmazsa, bu il böhranın daha da dərinləşəcəyindən narahatdırlar.

Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, 2021-ci ildə orta qiyməti ən çox artan məhsul kağız olub – 168 faiz. Türkiyə Naşirlər Birliyinə görə isə, ötən ilin əvvəlindən bəri kitab kağızının qiyməti 130 faizlə 150 faiz arasında, kağız istehsalı üçün zəruri olan kağız xəmirinin qiyməti 200 – 250 faiz bahalaşıb.

40 faiz bahalanma gözlənir

Naşirlər ilk növbədə çox satılan kitabları çap etməyə çalışırlar. Bəzi yayın evləri isə bir nəşri bitən kitabları yenidən nəşr etmir. Böhran rəflərdəki kitablara da təsir edib. Ədəbiyyat kateqoriyasında 100-səhifəlik kitabın satış qiyməti orta hesabla 30 lirəyə (2.2 dollar) yüksəlib. Yaxın zamanlarda kitab qiymətlərinin 40 faiz artacağı gözlənilir.

Buna da bax: Pandemiyadan qazanan kitablar oldu

Türkiyə Naşirlər Birliyinin rəhbəri Kenen Kocatürk "DW Türkçe"yə müsahibəsində bunları deyib: "Bütün dünyada kağız xərcləri artıb. Artım bizim satış qiymətlərimizə də təsir edir. Özü də təkcə kağız qiymətləri baxımından deyil. Valyuta məzənnəsinin yüksəlməsi ilə bərabər mətbəə xərcləri, müəllif hüquqları xərcləri və adi ümumi xərclərimiz də artıb. Valyuta kursunun artması ilə nəqliyyat və daşıma, qablaşdırma, elektrik və su xərcləri də yüksəlib. Dolayısıyla naşirlər yeni istehsal etdikləri kitablarda köhnə qiymətlərdən çox fərqli qiymətlərlə üzləşir. Dünən 30 lirə qiymət qoyduğumuz kitaba bu gün 50-60 lirə deməyə məcbur oluruq".

Avro ilə ödəmə tələbi

Türkiyənin diken.com.tr xəbər saytı yazır ki, bir nəşriyyat nağd ödəmə ilə çap etdiyi kitabın gəlirini orta hesabla ay içində ala bilir. Ancaq valyuta məzənnəsindəki dalğalanmadan sonra kağız tədarükçüləri və mətbəələr artıq müddətli çalışmağa başlayıb. Çap sənayesi təmsilçiləri son həftələrdə kağız satan şirkətlərin artıq avro ilə ödəmə tələb etdiyini, mətbəələrinsə nağd pulla çalışdığını deyir. Naşirlər böyük kağız tədarükçüləri və anbarçıların da valyuta məzənnəsinin oynaqlığı səbəbi ilə kağız satmaq istəmədiklərindən gileylənirlər.

Buna da bax: Türkiyənin ən böyük kitabxanası açılıb

Dünyadakı istehsalçıların da artıq Türkiyəyə göndərdikləri kağıza məhdudiyyət qoyduğunu deyən "Notos Yayın" şirkətinin rəhbəri Semih Gümüş çap sektorunun çox böyük bir böhran içində olduğunu ifadə edib.

Kağız sənayesini yenidən qurmaq

"Ağlımıza sığmayan bir iqtisadi siyasət üzündən görünməmiş bir valyuta böhranı, ardınca da çox yüksək bir inflyasiya ilə qarşılaşdıq. Gördüyümüz iş tamamilə valyutaya bağlıdır. Bu isə kitab qiymətlərinə təsir edir. Bir yandan xərclərin qarşılanması çox çətinləşir. Qaçılmaz olaraq kitab qiymətləri yüksələndə isə oxucuların kitab alma gücünün məhdudluğunu da nəzərə alsaq, satılan kitabların ümumi sayında düşüş olacaq. Onsuz da hazırda naşirlər böhran içindədirlər. …Bu böhranın 2022-ci il içərisində daha da dərinləşəcəyi deyilir. Nəşr olunan və satılan kitabların ümumi sayında ciddi bir düşüş olacağını indidən proqnozlaşdırmaq olar", – Gümüş sayta müsahibəsində deyib.

Saytın yazısında daha sonra deyilir ki, kağız böhranı əslində Türkiyə cümhuriyyət tarixinin ilk sənaye müəssisəsi olan SEKA-nın özəlləşdirilməsi və ona aid doqquz fabrikin sonuncusunun 2005-ci ildə bağlanması ilə başlayıb. Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) SEKA-nın bağlanmasından sonra idxal olunan kağızın son 15 ildə 462 faiz, son bir ildə isə 120 faiz bahalaşdığını bildirib. Mütəxəssislər Türkiyənin dərhal kağız sənayesini yenidən qurmasının vacib olduğunu düşünürlər.