Türkiyə martın sonunda 58-ci Kitabxana həftəsini qeyd edib. "Hürriyet" qəzeti türklərin ötən il ən çox üstünlük verdiyi kitablar haqda statistikaya əsasən bəzi maraqlı detalları dərc edib.
1964-cü ildən bəri keçirilən Kitabxana həftəsinin məqsədi vətəndaşları kitabxanalarla yaxından tanış etmək və onların xidmətlərindən daha tez-tez yararlanmağa həvəsləndirməkdir. Bu yeddi gün ərzində Türk Kitabxanaçılar Dərnəyi (TKD) başda olmaqla, bir çox əlaqədar qurumlar müxtəlif tədbirlər, kitabxanalarda açıq qapı günləri keçirir, kitabxanaların fəaliyyəti ilə bağlı məlumat yayır.
"Şirin portağal ağacım"
Bundan başqa, müxtəlif konfrans, seminar və simpoziumlar, sərgilər və mükafatlı yarışlar təşkil edilir, yeni kitablar oxuculara tanıdılır. Builki tədbirlərdə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova da iştirak edib.
Buna da bax: Türkiyədə kitab bahalanırTürk Kitabxanaçılar Dərnəyi ölkəboyu həm ictimai, həm də universitet kitabxanalarından topladığı məlumatlar əsasında siyahılar hazırlayır. Braziliyalı yazıçı Joze Mauru de Vaskonselusun "My Sweet Orange Tree" romanı qurumun builki siyahısının başında gəlir.
Siyahının ikinci sırasında Türkiyədə çox tanınan və sevilən karikaturaçı rəssam Salih Memecanın yazdığı "Limon ile Zeytin" adlı məşhur uşaq kitabıdır. Daha sonra bir neçə müəllifin ümumiləşdirilmiş "Adam Blade" adı altında yazdığı "Beast Quest" adlı uşaq romanı gəlir.
Klassik əsərlər
Bu üç uşaq kitabının ardınca klassik əsərlərin adları yer alıb: tanınmış türk yazıçısı Reşat Nuri Güntekinin məşhur "Çalıkuşu" romanı və Sabahattin Alinin "Kürk mantolu madonna" və "Kuyucaklı Yusuf" kitabları bunların arasındadır. Sabahattin Ali 1948-ci ildə Türkiyədən Bolqarıstana keçməyə çalışarkən öldürülən məşhur Türkiyə yazıçısıdır. Cəmi 42 il yaşamış Ali üç roman, bir pyes, bir neçə hekayə və bir şeirlər toplusunun müəllifidir.
Buna da bax: Kitab nəşrində 'tarixi rekord' qırılıbSiyahıdakı son dörd kitab italyan yazıçısı Karlo Kollodinin "Pinocchio", Amerika yazıçısı Cek Londonun "White Fang", amerikalı uşaq yazıçısı Ceff Kinninin "Diary of a Wimpy Kid" və Britaniya yazıçısı Artur Konan Doylun "Sherlock Holmes" əsərləridir.
TKD-nin məlumatına görə, ölkəboyu kitabxanalardan kitab götürən istifadəçilər, əsasən, uşaqlar olub.
Mükafatlar
Qurum builki "Ən uğurlu kitabxana" mükafatını kitabxana mədəniyyətinin formalaşmasına töhfələrinə görə ölkənin cənub-şərqində yerləşən Batman əyaləti İctimai Kitabxanasına təqdim etmək qərarına gəlib.
Builki Kitabxana həftəsində daha bir neçə maraqlı mükafat təqdim edilib. Bunların arasında "İlin oxucusu", "İlin kitabxanası", "İlin kitabxana dostu bələdiyyəsi", "İlin kitabxanaçısı", "İlin əməkdaşlığı", "İlin kitabxana dostu rəhbər şəxsi", "İlin oxuma mədəniyyətinə töhfəsi", "İlin yenilikçi ideyası" kimi mükafatlar var.
2012-ci ildən bəri Kitabxana həftəsi çərçivəsində kitab oxuma tədbirləri də ənənəyə çevrilib. Bu il 11-cisi keçirilən tədbirdə müxtəlif şəhərlərin meydanlarında kitab oxunub.
Martın 30-da "81 şəhərdə kitab oxuyuruq" adlı tədbirsə yalnız pandemiya qaydalarının imkan verdiyi əyalətlərdə keçirilib.