Ukrayna İrandan vurulmuş təyyarənin qara qutularını tələb edir

11 ukraynalının cənazəsi Kiyevə yanvarın 19-da gətirilib

Ukrayna İrandan Tehran yaxınlığında İran hərbçiləri tərəfindən vurulmuş sərnişin təyyarəsinin qara qutularını tələb edir.

Ukraynanın xarici işlər naziri Vadym Prystayko bu tələbi yanvarın 20-də Kiyevdə İranın yollar və şəhərsalma naziri ilə görüşündə səsləndirib.

Prystayko müxbirlərə deyib ki, Mohammad Eslaminin əsas vəzifəsi “baş verən hadisəyə görə üzr istəməkdir”.

Ukrayna naziri deyib ki, İran ilk növbədə vurulmuş təyyarənin qara qutularını Kiyevə qaytarmalıdır.

Yanvarın 8-də Tehran səmasında raketlə vurulmuş Ukrayna təyyarəsində 176 nəfər həlak olub.

Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin Boeing 737 təyyarəsində həlak olanların əksəriyyəti Kanada vətəndaşlarıdır.

Buna da bax: İranın sərnişin təyyarəsini iki Rusiya raketi ilə vurduğu iddia edilir

Tehran təyyarənin öz hərbçiləri tərəfindən vurulduğunu yalnız yanvarın 11-də etiraf etmiş, amma bildirmişdi ki, bu hadisə ABŞ-ın yaratdığı gərginlik şəraitində səhvən baş verib.

Təyyarədə vətəndaşları həlak olmuş ölkələr – Əfqanıstan, Britaniya, Kanada, Ukrayna və İsveç ötən həftə birgə bəyanatla çıxış ediblər.

Bu bəyanatda təyyarənin vurulması ilə bağlı “səhih, müstəqil və şəffaf” təhqiqatın aparılmasına çağırış edilir.

İran vədinə əməl etmir

Yanvarın 19-da Kanadanın xarici işlər naziri Francois-Philippe Champagne İranı təyyarənin qara qutularını “mümkün qədər tez” Ukrayna və ya Fransaya verməyə çağırıb.

Lakin belə görünür ki, təyyarənin vurulmasını araşdıran İran təhqiqatçıları qara qutuları vermək barədə vədlərindən geri çəkiliblər.

Buna da bax: ABŞ təyyarə qəzası ilə bağlı Ukraynaya ‘mühüm məlumat’ verdiyini bildirib (VIDEO)

Eslami ilə görüşündə Ukrayna prezidenti Volodymyr Zelenskiy deyib ki, qara qutuların deşifrə olunmasında Ukrayna ekspertlərinin iştirakı son dərəcə mühümdür:

"Mən qurbanların ailələrinə və yaxınlarına, Ukrayna xalqına vəd etmişəm ki, həqiqət üzə çıxarılacaq. Biz nə baş verdiyini bilməliyik”.

Bu təyyarədə həlak olmuş 11 ukraynalının cənazəsi Kiyevə yanvarın 19-da gətirilib.