2014-cü ildə Luhansk şəhərində hüquq mühafizə orqanlarından təqaüdə çıxan Lyudmılaya bu ay keçmiş həmkarları zəng vurub. Zəng vuran adam ondan təqaüdünü alıb-almadığını və köməyə ehtiyacı olub-olmadığını soruşub. Həmin şəxs eyni zamanda ondan bir növ sözgəlişi Rusiya pasportu alıb-almadığını da soruşub.
Bu məqalə üçün müsahibəsi alınan, Rusiya işğalı altında olan Ukrayna ərazilərində yaşayan bütün şəxslərin adları dəyişdirilib.
Lyudmıla sonradan digər keçmiş həmkarları ilə söhbətdən Rusiya işğalı altında olan Luhansk və Donetsk bölgələrində işğalçıların Ukrayna ordusuna kömək edə biləcək mülki şəxsləri müəyyən etmək üçün fəal kampaniyaya başladığını öyrənib.
Lyudmılaya Ukrayna ordusunun “Luhanskteplovod” lokomotiv zavoduna zərbə endirdiyi günün sabahısı zəng gəlmişdi. 2014-cü ildən bəri zavodun ərazisindən hərbi baza kimi istifadə edilir.
Luhansk, Donetsk, Sorokıne və bəzi başqa yerlərin sakinləri AzadlıqRadiosunun “Donbas.Realii” xidmətinə bu cür axtarışların başlandığını təsdiqləyiblər.
“Onlara da xəyanət edə bilərlər”
Rusiya işğalı altında yaşayan təqaüddə olan ordu veteranı Mıkolanın sözlərinə görə, bu axtarışlar müəyyən kateqoriyalı insanları hədəfə alır. Bu kateqoriyaya onun özü kimi təqaüddə olan hərbçilər və əlilliyi olan veteranlar da daxildir.
Hədəfə alınanlar arasında övladları Ukraynanın nəzarətində olan ərazilərdə yaşayan insanlar da var. Bu xüsusən də Rusiya vətəndaşlığını qəbul etməyənlərə və sosial mediada yetərincə loyallıq nümayiş etdirməyən işğalçı administrasiya işçilərinə aiddir.
Bundan əlavə, Lyudmıla kimi keçmiş hüquq mühafizə əməkdaşları, xüsusən də “Berkut” polis qüvvələrinin veteranları da “mikroskop” altındadır.
"Onlar düşünür ki, son nəticədə bu adamlar Ukraynaya xəyanət ediblərsə, onlara da xəyanət edə bilərlər”, – Mıkola deyir.
Hər uğurlu zərbədən sonra...
İşğalçıların nəzarətində olan media Ukraynanın Luhansk mədəni və “Luhansktsentrokuz” dəmir zavoduna zərbələr endirməsi haqda xəbər yayıb. İyulun 25-də Donetskin mərkəzində də partlaylşlar qeydə alınıb.
İşğal rəsmiləri vaxtaşırı Ukraynanın raket zərbələrində Kiyevin öz əraziləri üzərində nəzarəti bərpa etməsini gözləyən mülki şəxsləri günahlandırırlar. Luhansk sakini Yelena deyir ki, Ukraynanın hər uğurlu zərbəsindən sonra işğal rəsmiləri hansısa mülki şəxsin həbsi haqda xəbər yayırlar. Onlar bu mülki şəxsləri Ukrayna ordusuna kömək etməkdə, hədəfləri nişan göstərməkdə ittiham edirlər.
"Ancaq hücumlar yenə də davam edir. Sanki işğal altında olan Luhanskda bu nişan verənləri ard-arda ştamplayan xüsusi zavod var. Əlbəttə, hamı anlayır ki, onlar sadəcə təsadüfi adamları həbs edirlər”, – Yelena söyləyir.
“Bir də görərsən səni içəri salıblar”
Mıkola deyir ki, bu həbslərlə işğal rəsmiləri Moskvaya güclü olduqlarını, bölgəyə nəzarət etdiklərini sübut etməyə çalışırlar. Bundan əlavə, geniş işıqlandırılan həbslər Ukraynanın əkshücumunu gizlicə dəstəkləyənlər arasında qorxu toxumu səpmək məqsədi güdür.
Onun sözlərinə görə, üstəlik, tutulanlar Kiyevlə danışıqlarda əlavə sövdələşmə alətinə çevrilir.
AzadlıqRadiosuna danışan digər yerli sakinlər işğal olunan ərazilərdə Ukraynanı dəstəkləyən ifadələr işlətməsən belə, asanlıqla həbs edilə biləcəyini deyiblər. Bəzən evinin, yaxud maşınının işğalçıların xoşuna gəlməsi kifayət edir. Bu məsələdə donosların da rolu olduğu deyilir.
"Qonşunla konfliktin varsa və onun [de fakto polislə] əlaqəsi varsa, bir də görərsən səni içəri salıblar. Ayrıldığın ərin, yaxud arvadın səndən qisas ala bilər… Qonşu babuşka ilə hasara görə mübahisə etmisənsə, donos yazıb sənin ukrain dilində danışdığını eşitdiyini çuğullaya bilər”, – Yelena deyir.
O əlavə edib ki, bu cür hallarda həbs olunan insanları asanlıqla Ukraynaya kömək edən adam kimi qələmə verə bilərlər.