İlham Əliyevin Neft Fonduna aid yeni fərmanı

Arxiv fotosu.

Dövlət Neft Fondundan (DNF-dən) dövlət büdcəsinə transfertlər limitləşdirilir.

Prezident İlham Əliyevin dekabrın 27-də imzaladığı fərmanda belə deyilir. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda qeyd edilir ki, Maliyyə Sabitliyi Şurasının qərarına uyğun olaraq, DNF dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini təmin edəcək. Qurum bu işi Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirəcək.

Buna da bax:​ Azərbaycan neft və qazdan daha 100 milyard gözləyir

Fərmanda DNF-yə yeni fiskal qaydalara dair təkliflərini 6 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Məqsəd - dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsi və fiskal dayanıqlılığın gücləndirilməsidir.

Fondun büdcədə payı 2013-cü ildə 58 faizi aşıb

Ekspertlər bu təklifi uzun müddətdən bəri səsləndirirdilər, axı limitsiz xərclənən neft pulları gələcək nəsillərə çatmaya bilərdi. Əslində, DNF 1999-cu ildə yaradılarkən, əsas məqsəd də bu idi: “Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması”. Ancaq ötən illər göstərdi ki, Fonda gələn pullar hökumətin illərlə başa çatmayan layihələrinə və dövlət büdcəsinin doldurulmasına xərclənib. Ümumilikdə isə, 2001-2015-ci illərdə Fondun xərclərinin 91 faizi dövlət büdcəsinə transfertlərdir. Transfertin dövlət büdcəsinin gəlirlərində payı 2003-cü ildə 8,2 faizdən 2013-ci ildə ən yüksək – 58, 2 faizə yüksəlib. 2015-ci ildə bu həcm 46,4 faiz olub. Azalma hökumətin uğurlu siyasətindən deyil, neftin ucuzlaşmasından qaynaqlanıb.

Buna da bax: Neftlə, qazla zəngin ölkədə aşağı əməkhaqqı

“Yol Xəritəsi”ndəki hədəflərdən biri

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də hədəflərdən biri dövlət büdcəsinin DNF-nin transfertlərindən asılılığının azaldılmasıdır. Sənəddə qeyd olunur ki, bu gün dövlət sektorunda xərclənən hər ikinci manat DNF-dən transfertlər hesabına maliyyələşdirilir (büdcənin təxminən yarısı): “Bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir. DNF-nin transfert edə biləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilib. Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Neft Fondunun transfertlərindən daha az asılı olmasını tələb edir”.

“Bir az gec kimi görünsə də...”

İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, bu qaydalar 10 il öncə hazırlansaydı, Fondun indikindən azı 2 dəfə çox ehtiyatı olardı: “Fond rezervləri effektiv idarə etməklə ildə 2-3 milyard dollar gəlir əldə edə bilərdi. İndi bu, bir az gec kimi görünsə də, yenə vacibdir”.

Buna da bax:​ Hökumət islahatlara 697 milyon manat ayırdı

Ekspert düşünür ki, bu qaydaların təşəbbüskarları indi Azərbaycana iri borclar verən beynəlxalq maliyyə qurumlarıdır. Bəs indiki vəziyyətdə limit necə olmaldır? Z.İsmayılın fikrincə, hər bir halda limit cari gəlirlərin 25 faizini aşmamalıdır.

Hökumət hansı qaydalara riayət etmir?

Ekspert Qubad İbadoğlu neft gәlirlәrini xәrclәnərkən, hökumətin bu qaydalara əməl etmədiyini deyir:

- Neft vә qaz gәlirlәrindәn uzunmüddәtli istifadә xәrclәrinin hәcmi proqnozlaşdırılan zaman “daimi real xәrclәr” prinsipi әsas götürülmәli vә bu xәrclәr üçün illik hәdlәr müәyyәnlәşdirilmәlidir. Lakin heç bir xәrcdә limit nәzәrә alınmır;

Buna da bax:​ Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı

- Ortamüddәtli xәrclәrin hәcmi qeyri-neft kәsirinә әsasәn vә uzunmüddәtli xәrc limitlәri nәzәrә alınaraq müәyyәn olunmalıdır (neft sektoru istisna olmaqla, ölkәnin konsolidasiya olunmuş büdcәsinin gәlirlәri vә xәrclәri arasında fәrq);

- Xәrclәrdә ildәn-ilә kәskin dәyişikliklәr arzulanmazdır vә qeyri-neft kәsiri ani dәyişә bilmәz;

- İnvestisiya xәrclәri ortamüddәtli - illik tәrtib olunan Dövlәt İnvestisiya Proqramı çәrçivәsindә olmalıdır. Proqram ildә bir neçә dәfә dәyişdiyindәn, xәrclәrin onunla uyğunluğunu yoxlaya bilmәk üçün proqram haqqında detallı mәlumat mövcud deyil.

Buna da bax:​ Azərbaycan sürətlə borclanır

Ekspertin fikrincə, DNF-nin iki məqsədi olmalıdır: gələcək nəsillər üçün qənaət etmək və neft gəlirlərinin büdcəyə daxil olmasında qısa və ortamüddətli dəyişkənliyi sabitləşdirmək. Q. İbadoğlu düşünür ki, neftdən gəlirin bütövlükdə bu sərvətin 4 faizini aşmayacağı qədər xərclənməsini müəyyənləşdirən maliyyə qaydası qüvvəyə minməlidir.