Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Hərbi Təhsil və Tədris İdarəsinin baş zabiti olmuş və "Nəcməddin Sadıqovun yaxın adamı" kimi tanınmış Zahid Niftəliyevə 8 il 6 ay həbs cəzası kəsilib. Tərtər Hərbi Məhkəməsində təxminən beş ay öncə onun haqqında çıxarılmış hökm noyabrın 21-də dəyişib. Gəncə Apellyasiya Məhkəməsi onun haqqındakı cərimə hökmünü ləğv edib.
Tərtər Hərbi Məhkəməsi ona münasibətdə rüşvət alma ittihamını əsassız saymışdı. Məhkəmənin hökmü ilə bu ittihama xitam verilmişdi. Z.Niftəliyev yalnız rüşvət verməyə təhrikdə təqsirli bilinərək ona 10 min manat cərimə cəzası təyin edilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı.
Həmin vaxt Z.Niftəliyev ilə birlikdə mühakimə edilən, N saylı hərbi hissənin tağım komandirinin müavini olmuş Elsevər Niftəliyevə isə bəraət verilmişdi. Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev onun təqsirsiz olması haqda hökm çıxarmışdı.
Gəncə Apellyasiya Məhkəməsi 36 yaşlı E.Niftəliyevə münasibətdə də hökmü dəyişib. Bu instansiyada Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası onun təqsirli olduğu qənaətinə gəlib və 8 il azadlıqdan məhrum edilməsi barədə yeni hökm çıxarılıb.
Buna da bax: Müdafiə Nazirliyinin generalı 20 milyon yeyinti ittihamına etiraz edir: 'O qədər ola bilməz...'Müdafiə Nazirliyi sistemində "Şlyapa Zahid" ləqəbi ilə tanınan Z.Niftəliyev rüşvət alıb bəlli adamların xidmət yerini dəyişməkdə, ordudan tərxis etdirməkdə suçlanır. Ona qarşı ittihamlardan biri də çalışdığı dövrdə - 2018-ci ildə hərbi hissələrdən birinin hərbi qulluqçularını hər gün səhərdən axşamadək Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində fəhlə kimi işlətməsi ilə bağlıdır.
Zakir Həsənovun dindirilməsini tələb edirdi
Z.Niftəliyev özünü təqsirli bilmir. O deyir ki, qərar verən şəxs olmayıb, kiminsə iş yerini dəyişmək, ordudan vaxtından əvvəl tərxis etmək kimi işlər onun səlahiyyətində deyildi. Hətta vəkili Tərtər Hərbi Məhkəməsində vəsatət qaldırmışdı ki, müdafiə naziri Zakir Həsənovla nazirliyin Kadrlar İdarəsinin rəisi Elçin Xəlilov çağrılıb dindirilsinlər. Amma məhkəmə vəsatəti təmin etməmişdi.
Hərbi qulluqçuları Qəbələdə tikilən evində işlətməsi, bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı ittihama gəlincə, bu məsələ ilə əlaqədar beş nəfər məhkəmədə dindirilib. Onlar Z.Niftəliyevdən şikayətçi olmayıblar. Deyiblər ki, heç o vaxt işlədikləri evin Z.Niftəliyevə məxsus olduğunu bilmirdilər.
Buna da bax: Rövşən Əkbərovun əsgərləri oğlunun obyektində işləyib, yanğında bir əsgər ölübMüdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi N.Sadıqovla Z.Niftəliyevin yaxın münasibətlərinin olması cinayət işinin materiallarında, ifadələrdə də əksini tapıb. İttihamda göstərilib ki, o, N.Sadıqovla münasibətlərindən yararlanmaqla müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. kimi işlər görüb. Əvəzində həmin adamlardan rüşvət alıb.
68 yaşlı Z.Niftəliyev iyulda Tərtər Hərbi Məhkəməsinin hökmü ilə azadlığa buraxılsa da, az sonra yenidən həbs olunmuşdu. Bu dəfə o, yaratdığı şirkətin adına "Atabank"dan 42.5 milyon kredit götürüb qaytarmamaqda suçlanırdı. İddiaya görə, kredit yeddi il əvvəl götürülsə də, ödənilməyib. Z.Niftəliyev bu məsələ ilə bağlı mülki qaydada məhkəməyə verilsə də, çıxarılmış qərarı yerinə yetirməyib.