Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri, 105 gündür həbsdə aclıq etdiyi bildirilən Zamin Salayev 4 il azadlıqdan məhrum edilib. Mayın 22-də Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlov onun haqqında bu hökmü çıxarıb. Hökmə əsasən, Salayev bu cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Məhkəmə binasında Salayevin vəziyyəti pisləşib, Təcili Tibbi Yardım çağırılıb. Həkimlərin tibbi müdaxiləsindən sonra onun durumu nisbətən düzəlib. Bu üzdən məhkəmə iclası təyin edildiyi vaxtdan bir saat gec başlayıb. Mayın 17-də keçirilən məhkəmə iclasında da prosesin gedişində onun vəziyyəti pisləşdiyindən Təcili Tibbi Yardım çağırılmış, həkimlərin müdaxiləsindən sonra durumu yaxşılaşmışdı.
Salayev məhkəmə zalına Penitensiar Xidmətin bir neçə əməkdaşının köməyi ilə çətinliklə gətirilib və əvvəlki məhkəmə iclasları ilə müqayisədə daha pis durumda olduğu görünüb.
Məhkəmədə iclasında prokuror ona 4 il 6 ay həbs cəzası verilməsini təklif edib.
Salayevin yumruq və bıçaqla xəsarət yetirdiyi iddia olunan və zərərçəkmiş qismində tanınan Natiq Süleymanov da şikayətçi olub. O, təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.
Ardınca çıxış edən vəkillər isə deyib ki, bu işdə cəzalandırılmalı olan varsa, o da bıçaqlandığı iddia olunan və zərərçəkmiş qismində tanınan Süleymanovdur. Çünki məhkəmə prosesinin gedişi də göstərdi ki, ittihamda yazılanlar əsassızdır, Salayev heç bir cinayət törətməyib və kimisə bıçaqlamayıb. Vəkillər Süleymanovun yalan danışdığına görə cəzalandırılmasını istəyib.
Buna da bax: Məhkəmə qərarı: polislər eyni adamlardan hal şahidi kimi yararlanırFərqli cavablar
Vəkil Nemət Kərimli vurğulayıb ki, Salayevin cinayət törətdiyi iddia olunan "Lökbatan dairəsi"ndə səkkiz kamera var. Əgər, həqiqətən, belə cinayət baş versəydi, dərhal həmin kamera görüntüləri də sübut kimi ortaya qoyulardı: "Əksinə, biz özümüz o görüntüləri tələb etdik. Lakin Daxili İşlər Nazirliyi cavab verdi ki, o görüntülərin saxlanma müddəti keçdiyinə görə artıq yoxdur. İstintaqın isə sorğusuna cavab verilib ki, hadisə baş verən ərəfədə 24 saat ərzində oradakı səkkiz kameranın heç biri işlək vəziyyətdə olmayıb. Birincisi, niyə vəkilə bir cür, istintaqa başqa cür cavab verilib? İkincisi, kameraların işləməməsinə görə kim cəzalandırılıb?".
Müdafiəçi düşünür ki, o görüntülər Salayevin təqsirsiz olduğunu sübut etdiyinə görə ortaya qoyulmur.
Digər müdafiəçi Fəxrəddin Mehdiyev isə zərərçəkmiş qismində tanınan Süleymanovun özünün də, AXCP fəalının əleyhinə ifadə verən iki şahidin də narkotik istifadəçiləri olduğunu vurğulayıb. Onların ifadələrində çoxsaylı ziddiyyətlər olduğunu deyən vəkilin sözlərinə görə, belə sübutlarla kimisə həbsdə saxlamaq qanunları ələ salmaqdır: "Polislər də burada ifadə verəndə dedilər ki, guya, Zamin Salayev onu bıçaqlayandan sonra qaçmaq istəyib, 10-15 adam tutub onu saxlayıb. Bəs həmin o 10-15 adamdan birini tapıb niyə dindirməyiblər? Çünki yoxdur elə adamlar...".
Buna da bax: Əlizamin Salayevin məhkəməsi: ‘Kameralar niyə məhz həmin vaxt işləməyib?’Dərman çatışmazlığından şikayətçidir
Salayev özü isə son sözündə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanma şəraitindən narazılıq edib. Deyib ki, müəssisənin rəhbərliyindən, həkimlərdən narazı deyil, amma ciddi şəkildə dərman çatışmazlığı var. Həkimlər ona vermək üçün adi dərmanları belə tapa bilmir. Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında vəziyyət daha yaxşı idi.
"Məni bu formada məhkəməyə gətirib-aparırlar, dustaq maşınında dəfələrlə yıxılıram, başım maşının divarına dəyir. Mən can verərəm, amma qürurumu heç kimin qarşısında əymərəm. Məhkəmədən də heç bir xahişim yoxdur. Bircə istədiyim budur ki, zalda olan ailə üzvlərimlə görüşməyə icazə verin, bəlkə, son görüşümdür. Bir də dostlarımdan halallıq istəyirəm...", – Salayevin məhkəmədəki son sözü belə olub.
Bundan sonra hakim müşavirəyə gedib və 3 dəqiqə sonra geri qayıdaraq Salayevin 4 il azadlıqdan məhrum edilməsi haqda hökmü elan edib.
Salayevin vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.
Buna da bax: Almaniyadan qaytarılandan sonra həbs olunan: '...hərəsi bir kolun altında gizlənibmiş...'Özünü təqsirli bilmir
AXCP fəalı Zamin Salayev fevralın 7-dən həbsdədir. O, özünü təqsirli bilmir və məhkəmədə ifadəsində bildirib ki, "Lökbatan dairəsi"ndə rayona qayıtmaq üçün öncədən danışdığı taksiyə minmək üçün gedərkən Natiq Süleymanov söyüş söyə-söyə üstünə gəlib. Bu zaman onun təxribatçı olduğunu başa düşüb. Onu itələyib qaçmaq istəyəndə kənarda gözləyən mülki geyimli polislər onu tutub aparıblar. Onun sözlərinə görə, həmin vaxt nə əlində bıçaq olub, nə də Süleymanovu vurub. Salayev hesab edir ki, Süleymanov da polisin adamı olmaqla bu planın bir parçasıdır.
Salayev bundan öncə dəfələrlə polisin qanuni tələbinə tabe olmama və başqa ittihamlarla bir neçə dəfə inzibati qaydada həbsdə olub. O, 2020-ci ilin aprelində Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə 2 il 3 ay azadlıqdan məhrum edilmişdi.
Bundan başqa, o, dəfələrlə etiraz aksiyalarında saxlanılaraq polisə müqavimət və başqa ittihamlarla inzibati qaydada da həbs olunub.