Rusiya və Çin Təhlükəsizlik Şurasında Türkiyəyə qarşı

Türkiyə-Suriya sərhədindəki Bab əs-Səlam keçidi

Rusiya və Çin Türkiyə sərhədindən Suriyaya yardım çatdırılması üçün icazə müddətini bir il də uzatmalı olan BMT Təhlükəsizlik Şurası qətnaməsinə veto qoyublar.

BMT bundan əvvəl Moskva və Pekinə xəbərdarlıq etmişdi ki, Suriya vətəndaşlarının Türkiyə sərhədi üzərindən gələn yardımlara həyati ehtiyacı var.

Reuters yazır ki, bundan əvvəl verilmiş icazənin müddəti iyulun 10-da başa çatır.

Lakin Almaniya və Belçika tərəfindən təqdim edilmiş yeni qətnaməyə Təhlükəsizlik Şurasının yerdə qalan 13 üzvünün hamısı səs verib.

İndi Təhlükəsizlik Şurası Rusiya tərəfindən təqdim olunan alternativ qətnamə layihəsinə səs verməli olacaq. Bu sənəddə Türkiyədən Suriyaya 6 ayda yalnız bir dəfə yardım gətirilməsinə icazə verilir.

BMT-nin baş katibi Antonio Guterresin sözçüsü Stephane Dujarric bundan əvvəl demişdi ki, Suriyanın şimal-qərbindəki vətəndaşların həyatı tam olaraq bu yardımlardan asılıdır.

Təhlükəsizlik Şurasının yanvar ayında qəbul etdiyi qətnamə yardımların Suriyanın şimalına Türkiyə sərhədindəki iki keçid məntəqəsindən 6 ay müddətində gətirilməsini nəzərdə tuturdu.

Lakin İraq və İordaniya sərhədindəki iki keçiddən istifadə olunması yenə də Rusiya və Çin tərəfindən bloklanmışdı.

Buna da bax: Rusiya və Türkiyə Liviyada niyə savaşır

Moskva və Pekin veto tandemində

Ötən ay Almaniya və Belçika pandemiya ilə əlaqədar İraq keçid məntəqəsinin 6 ay müddətinə açılmasını təklif etmişdi.

Lakin bu hissə Rusiya və Çinin narazılığına görə qətnamə layihəsindən çıxarılmışdı.

Qərb diplomatları bildirirlər ki, İraq keçidinin bağlı olması Suriyanın şimal-qərbinə tibb yardımının çatdırılmasını 40 faiz azaldacaq.

Ötən ilin dekabrında Rusiya və Çin İraq və Türkiyə keçidlərindən bir il müddətində istifadəni nəzərdə tutan qətnamə layihəsinə veto qoymuşdular.

Təhlükəsizlik Şurasından hər hansı qərarın keçməsi üçün 15 üzvdən 9-nun onun leyhinə səs verməsi kifayətdir. Amma bu halda – Rusiya, Çin, ABŞ, Fransa və Britaniyadan ibarət 5 daimi üzvdən heç biri veto qoymamalıdır.

Buna da bax: ABŞ Suriya və tərəfdarlarına sanksiya tətbiq edir

Rusiyanı qəzəbləndirən hesabat

ABŞ-ın BMT-dəki səfiri Kelly Croft son səsvermə ilə əlaqədar verdiyi bəyanatda deyib ki, “Rusiya və Çin Suriyada Bashar al-Asssadın qanlı rejimini dəstəkləmək üçün bütün imkanlardan istifadə edirlər”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassily Nebenzya deyib ki, Suriyanın əksər rayonları hazırda Assad hökumətinin nəzarətindədir və beynəlxalq yardımlar da onun vasitəsilə çatdırıla bilər.

Rusiya və Çin hökumətlərinin hərəkətini Amnesty International insan haqları təşkilatı da tənqid edib.

Bundan əvvəl BMT-nin ekspertləri Suriya və Rusiyanı Suriyanın şimalındakı İdlib qəzasındakı mülki obyektlərə hava zərbələri endirməkdə ittiham edən hesabat təqdim etmişdilər.

Hesabatda bu hərəkətlərin hərbi cinayət olduğu qənaətinə gəlinib.

Mart ayında Moskva və Dəməşq Vaşinqtonu humanitar yardım adı ilə cihadçılara dəstək verməkdə ittiham etmişdilər.